Məhkəmə qərarları › İş №2(103)-8314/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8314/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8314/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(001)-809/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000(beş min) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ev tikmək məqsədilə notarial qaydada təsdiq edilmiş müqavilə əsasında 25.05.2019-cu il tarixdə 5000 manat ilkin ödəniş etmişdir. Cavabdeh evi ona 5 aya (01.11.2019) tikib təhvil verməli olduğu halda, bu günə qədər nə evi tikmiş, nə də pulunu geri qaytarmışdır. Hal-hazırda kirayədə yaşaya-yaşaya həmin 5000 manatı kredit olduğu üçün geri ödəyir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(001)-809/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qətnaməsi ilə razılaşmaq olmaz, əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Ona görə də ləğv edilməli və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən ona ilkin olaraq 5000 manat pul ödənilmişdir və iddiaçıya ev tikilib təhvil verilməsi razılaşdırılmışdır. Evin tikintisində az bir müddət gecikmə baş vermişdir, buna baxmayaraq tərəfindən ev tikilərək hazır vəziyyətə gətirilmişdir, lakin iddiaçı hansı səbəbdənsə evi təhvil almaqdan imtina etmişdir . Belə olan təqdirdə iddiaçı ondan pul tələb etməkdə haqlı deyildir. Belə ki, o, xeyli vəsait sərf edərək evin tikintisini başa çatdırmış və iddiaçı evi qəbul etməməklə onu xeyli miqdarda maddi ziyana məruz qoymuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildird ki, cavabdeh yalançıdır və qaçıb gizlənib. Evi tikib təhvil verməli vaxtdan iki ildən artıq vaxt keçsə də bugünədək hazır olmamışdır. Ev hazır olarsa bu gün də qəbul etməyə hazırdır. Ancaq cavabdeh telefonunu söndürüb gizlənir. Arvadına zəng edərək aldığı 5000 manatdan ayda 100-200 manat ödəyəcəyini bildirib, amma bununla razı deyildir. Pulunun tam geri qaytarılmasını istəyir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməli və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş qarşılıqlı iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin obyektini qətnamənin təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılılır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən də 25 may 2019-cu il tarixli dəyəri 45000(qırx beş min) manat olan podrat müqaviləsi bağlanması ilə əlaqədar mülki hüquq münasibətləri yaranmış, iddiaçı bununla əlaqədar, yəni fərdi yaşayış evinin tikintisinə görə cavabdehə ilkin olaraq 5000 manat ödəmiş, lakin sonuncu podratçı olaraq sifarişçinin sifarişini, yəni podratı 01 noyabr 2019-cu ilədək həm kəmiyyətcə, həm də keyfiyyətcə tam yerinə yetirməli olduğu halda öhdəliklərini bugünə kimi yerinə yetirməmiş, iddiaçının ilkin ödəniş kimi verdiyi 5000 manatı isə qaytarmamışdır. Bu halları tərəflərin heç biri mübahisələndirmir. İşin mübahisəli halı isə cavabdehin evin tikintisində gecikmə olduğunu etiraf etsə, artıq tikilərək hazır vəziyyətə gətirilməsini, lakin iddiaçının evi almaqdan imtina etməsini və bunu qəbul etməməklə ona maddi ziyan vurulmasını bəyan etməsi ilə bağlıdır. Ancaq apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasına gələrək şikayətində göstərdiklərinin həqiqiliyi barədə heç bir fikir bildirmək istəməmiş, buna baxmayaraq təkrar xəbərdar edilməklə məhkəmə iclası təxirə salınmış, lakin yenə də üzrlü səbəb olmadan məhkəmə iclasına gələrək şikayətində göstərdikləri dəlillərin həqiqiliyini təsdiq etmək istəməmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı isə cavabdehin yalan danışdığını, iki ildən artıqdı ki, evi tikib təhvil verməkdən boyun qaçırdığını, ev hazırdırsa, bu gün də qəbul edə biləcəyini, əksinə cavabdehin arvadı ilə danışaraq müqavilə üzrə aldığı 5000 manatı, hər ay 100-200 manat olmaqla qaytaracağını deməsini bəyan edərək şikayətə etiraz etdi. Göründüyü kimi, cavabdehin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən qərəzli şəkildə, açıq-aşkar imtina etməsi təsdiq olunur. Ona görə də cavabdeh podratı icra etmədiyinə görə iddiaçı müqavilədən imtina etməkdə haqlı olmuş və bu halda cavabdeh müqavilə ilə bağlı xərclərin əvəzini ona ödəməyə borcludur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci tarixli, 2(001)- 809/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar