Məhkəmə qərarları › İş №2(103)-8322/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8322/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8322/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4451/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə ünvan 1 ünvanında pasport qeydiyyatda olan Cavabdeh 2472 manat məbləğində əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2502 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi onunla iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli malın nisyə satılması haqqənda müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 2978 manat olan REF SAMSUNG RT35K5440S8 (qiyməti 1339 manat) və TV SAMSUNG UE 49M6500 (qiyməti 1639 manat) televizor əldə edib, müqavilə bağlandığı an 506 manat ilkin ödəniş etmiş və qalan 2472 manat hər ay 206 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh qalıq məbləği ödəməkdən imtina etmişdir, cavabdehə dəflərlə yazılı və şifahi xəbərdarlıq edilsə də, müqavilə üzrə öhdəliyini icra etməmişdir və buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmaqla, qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 2472 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2502 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanan xx.xx.2018-ci il tarixli, FSK1034 saylı malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı, müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşlər, müqavilənin 2.1-ci bəndində, satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonrakı növbəti 1 iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayaraq və tam yararlı vəziyyətdə Alıcıya təhvil verməsi, 2.2-ci bəndinə görə isə satıcı Mülki Məcəllənin 606-cı maddəsinə uyğun olaraq, həmin əmlaka dair mülkiyyət hüququnu onun qiyməti tam ödənilənədək özündə saxlaması nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış 6419 saylı, xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 2472 manat borc barədə xəbərdar edilmiş, pretenziya məktubu Cavabdeh ünvanına daxil olduğu vaxtdan 5 gün müddətində müqavilə öhdəliyini icra etməyi ondan tələb edilmiş, əks təqdirdə məhkəmədə pul tələbinə dair ona qarşı iddia qaldırılacağına dair xəbərdar edilmişdir. İş materiallarında olan 13/19 saylı, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2472 manat qalıq borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına iddia tələbini təsdiq edəcək sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2018-ci il tarixli, FSK1034 saylı malın nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı, müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh borc barədə xəbərdar edilmiş, pretenziya məktubu Cavabdeh ünvanına daxil olduğu vaxtdan 5 gün müddətində müqavilə öhdəliyini icra etməyi ondan tələb edilmiş, əks təqdirdə məhkəmədə pul tələbinə dair ona qarşı iddia qaldırılacağına dair xəbərdar edilmişdir. Lakin cavabeh müqavilə üzrə götürmüş olduğu öhdəliyi yerinə yetirməmiş və nəticədə 2472 manat qalıq borcu yaranmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu da müqavilədən irəli gələn vəzifələrini yerinə yetirərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə kreditora ziyan vurmaqdan çəkinməlidir. Mülki işin hallarından isə görünür ki, cavabdeh borcundan yalnız müəyyən miqdarda ödəniş etmiş, eləcə də öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır. Ona görə də Cavabdeh 2472 manat məbləğində əsas borc alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 2472 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2502 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4451/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 2472 manat məbləğində əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2502 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar