Məhkəmə qərarları › İş №2(103)-8327/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8327/2022

26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8327/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 11924,88 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətin verilməsi üçün nəzərdə tutulan müdətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavbadeh ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə atası tərəfindən götürülmüş, o, isə evə çoxlu sayda məktublar gəldiyindən buna əhəmiyyət verməmişdir. Beləliklə, həmin qətnaməni ona verməmişdir. Qətnamənin alınması üçün təkrar müraciəti zamanı ona məlum olmuşdur ki, qətnaməni atası imza edərək götürmüşdür. Bu məhkəmənin xx.xx.2022-ci il tarixli məktubundan da görünür. Daha sonra ona bildirilmişdir ki, apellyasiya şikayəti elektron qaydada verilməlidir. Bunu isə bacarmadığından yalnız xx.xx.2022-ci il tarixdə vəkil ilə müqavilə bağlamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 08 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmənin qərardadda göstərdiyi kimi, qətnamə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, həmin ünvanda yaşayan cavabdehin atasına verilmişdir, bu isə MPM-in 135.3.-cü maddəsinin tələblərinə uyğun məhkəmə sənədlərinin çatdırılmasını göstərir. Belə olan halda MPM-in 135.5-ci maddəsinə əsasən qətnamənin cavabdehə çatdırılması vəzifəsi atası tərəfindən qəbul edilməsi rəsmi qaydada verilmiş hesab edilməsi anlamına gəlir. Məhkəmə prosessual hüquq normalarına əsasən qətnamənin cavabdehin atası tərəfindən ona verilməməsi məsuliyyətini özünün və atasının daşıdığını nəzərə almamışdır, habelə məhkəmə nəzərə almamışdır ki, qətnamənin cavabdehin atası tərəfindən təhvil alınması qətnamənin rəsmi qaydada təhvil verilməsi deməkdir, buna görə də heç bir halda bu müddətin bərpa edilməsinə əsas hesab oluna bilməz. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, iş materiallarında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin qətnamə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 6 aydan çox prosessual müddət ötürülmüşdür. Həmçinin iş materiallarında olan 151 saylı Poçt şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkəmə tərəfindən göndərilmiş SS766917830 ştirx kodlu sifarişlixəbərnaməli məktub cavabdehin atası Çingiz Rzayevə verilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmiş, həmin qətnamə ünvanda yaşayan cavabdehin atasına verilmişdir. Atası tərəfindən isə qətnamə cavabdehə verilməmişdir. Cavabdeh isə həmin qətnamə ilə bağlı məlumatı olmadığından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətini verə bilməmişdir. İş üzrə qəbul edilmiş qətnamə cavabdehin qeydiyyatda olduğu ünvanda yaşayan ailə üzvünə verilməsini, lakin qətnamə həmin şəxs tərəfindən Cavabdeh verilməməsi səbəbindən həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini nəzərə alaraq, həmçinin məhkəmə müdafiəsindən tam istifadə etmək hüquqların məhdudlaşdırılmasının qarşısının alınması məqsədilə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə əsas olmuş səbəblər üzrlü hesab edilməli və cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməli və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdeh qətnamənin atası tərəfindən qəbul edilməsini inkar etmir, əksinə bunu təsdiq edir. Yalnız qətnaməni almaq üçün təkrar müraciəti zamanı atası tərəfindən imza edilməklə qətnamənin alındığını öyrəndiyini göstərir. Ancaq MPM-in 135.3-cü maddəsində məhkəmə sənədini almış şəxsin onu ünvan sahibinə vermək vəzifəsi də nəzərdə tutulmuşdur. Lakin cavabdehin atası tərəfindən qətnamənin ona çatdırılması da təsdiq olunmur. Deməli, qətnamənin cavabdehə çatdırılması bilavasitə təsdiq olunmur. Buna görə də məhkəmənin müddətin bərpa etməsinə dair gəldiyi nəticə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-54/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar