Məhkəmə qərarları › İş №2(103)-833/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-833/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-833/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər :( “icra qeydinin ləğv edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, iddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1655/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı X5 cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 qarşı "icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş məhkəmənin icraatında olarkən "Bank of Baku” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1655/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 736.1, 739.2; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79; Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 112.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”a istinadən qeyd edilmişdir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "Bank of Baku” ASC ilə borclu X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AL/28278/83/14 saylı Kredit Sazişi olmuşdur. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X7 qanunvericiliyin tələblərinə uyğun olaraq "Bank of Baku” ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirdirmişdir, "Bank of Baku” ASC isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 05 aprel 2023-cü il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. İddiaçı bank tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, bankla iddiaçı arasında mövcud olan mübahisədir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Bank of Baku” ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/28278/83/14 saylı Kredit Sazişinin surətindən görünür ki, "Bank” X3 7 il müddətinə, illik 25 % dərəcəsi ilə hesablanmaqla, ilkin olaraq 2500 məbləğində kredit xətti açılmışdır. Kredit xəttinin maksimal məbləği 10000 manat müəyyən edilmişdir; - "İcra qeydinin aparılacağı barədə tələbkar "Bank of Baku” ASC tərəfindən borclu X3 göndərilmiş xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, borclunun barəsində xx.xx.2021 tarixli, № AL/28278/83/14 saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 85 ay müddətinə, illik 0 faiz olmaqla 2500 Azərbaycan manatı məbləğində kredit götürmüş və öhdəliyi yaranmışdır. xx.xx.2022-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2023-ci il tarixinə xx.xx.2021 -ci tarixli, № AL/28278/83/14 saylı sənəddən irəli gələrək 2499,16 AZN əsas, 375,98 AZN komisyon haqq, 367,93 AZN cərimə borcu tərəflərindən ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş poçt vasitəsilə də borcluya göndərilmiş və bildiriş qaimə üzərində "ünvan bağlıdır, nömrəyə zəng çatmır” məzmununda qeyd edilərək geri qaytarılmışdır; - Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş icra qeydin surətindəndən görünür ki, "xxxx" ASC- xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı AL/28278/83/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2916 manat 90 qəpik tutulması, borclu İddiaçı 367 manat 93 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 3309 manat 83 qəpik pulun tutulması təklif edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhərinin Nizami Rayon Məhkəməsinine-2(007)- 1655/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 76; Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qüvvədə olan qanunvericilik icra qeydinin aparılması üçün bank tərəfindən notariusa digər sənədlərlə yanaşı, tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin də təqdim edilməsini tələb edir. Lakin iddiaçının belə bir İcra qeydinin tərtib olunmasından ümumiyyətlə xəbəri olmayıb. Bu barədə tələbkar tərəfindən ona heç bir bildiriş verilməyib. İşdə bank tərəfindən iddiaçıya bu barədə bildiriş verildiyini təsdiq edən heç bir sübut mövcud deyildir. İşdə olan, “İcra qeydinin aparılacağı barədə "xxxx" ASC tərəfindən borclu İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə əlavə edilən qaimədən görünür ki, həmin qaimənin üzərində “Ünvan bağlıdır, nömrəyə zəng çatmır” məzmununda qeydlər edilmişdir. Həmin qeydlə də təsdiq olunur ki, borc tələbi barədə iddiaçıya göndərilən bildiriş, həmin vaxt iddiaçının evdə olmaması və telefon nömrəsinə zəng çatmaması səbəbindən ona çatdırılmamışdır. Buna baxmayaraq, məhkəmə iddia tələbini təmin etmiş, bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin altıncı hissəsinin tələbini də pozmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində notariusun icra qeydində göstərilən məbləğlə razılaşmadığını bildirmiş, bununla da həmin məbləği mübahisələndirmişdir. Borc məbləğinin mübahisəli olduğunu məhkəmə də öz qətnaməsində etiraf etmişdir. Lakin məhkəmə həmin mübahisənin notariusla borclu arasında deyil, bankla borclu arasında olduğunu qeyd etməklə, həmin mübahisənin notariusun icra qeydinin ləğv edilməsinə əsas vermədiyini qeyd etmişdir. Lakin məhkəmə borcun mübahisəsiz olduğunu hansı sübutlar əsasında müəyyən etdiyini qətnamədə qeyd etməmiş və bu barədə mövqeyini hüquqi baxımdan əsaslandırmamışdır. İşdə olan sübutlarla müəyyən edilir ki, borc tələbi barədə iddiaçıya göndərilən bildiriş, həmin vaxt iddiaçının evdə olmaması və telefon nömrəsinə zəng çatmaması səbəbindən ona çatdırılmamışdır. Notarisun icra qeydi barədə məlumat iddiaçıya sonradan, İcra və Probasiya şöbəsi tərəfindən, telefon vasitəsilə verilmişdir. Bundan sonra iddiaçı həmin icra qeydini əldə edərək onu məhkəmə qaydasında mübahisələndirmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin ikinci hissəsinin tələbinə görə isə - İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. Belə olan halda - yəni iddiaçı borcu mübahisələndirdiyi halda, məhkəmə həmin icra qeydini ləğv etməli idi. Buna baxmayaraq, məhkəmə həmin mübahisənin borclu ilə notarius arasında deyil, borclu ilə bank arasında mövcud olduğunu əsas gətirərək, icra qeydini qüvvədə saxlamışdır. Lakin məhkəmə iddia tələbini təmin etməmiş və bu barədə mövqeyini tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qaydada əsaslandırmamışdır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik icra qeydinin aparılması üçün bank tərəfindən notariusa digər sənədlərlə yanaşı, tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənədin də təqdim edilməsini tələb edir. Yuxarıda qeyd etdikləri qaimənin üzərindəki qeydlərdən isə məlum olur ki, həmin bildiriş iddiaçıya çatdırılmamış və telefon vasitəsi ilə də ona həmin bildiriş barədə heç bir məlumat verilməmişdir. Məhkəmə isə həmin bildirişin borcluya çatdırıldığı qənaətinə gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verməklə, qanunvericiliyin tələbinə əsasən icra qeydinin borc mübahisəsiz olduğu halda verildiyini, iddiaçının iddia ərizəsində notariusun icra qeydində göstərilən məbləğlə razılaşmadığını, bununla da həmin məbləği mübahisələndirdiyini, borc məbləğinin mübahisəli olduğunu, mübahisənin olduğunu məhkəmənin qətnamədə qeyd etdiyini, lakin məhkəmənin həmin mübahisənin notariusla borclu arasında deyil, bankla borclu arasında olduğunu qeyd etməklə, həmin mübahisənin notariusun icra qeydinin ləğv edilməsinə əsas vermədiyi qənaətinə gəldiyini bildirmişdir. Məhkəmənin hər bir halda borcun mübahisəli olduğunu əsas götürməli və notariusun icra qeydinin ləğvi barədə iddiaçının tələbini təmin etməli olduğunu, ümumiyyətlə məhkəmə qətnaməsinin ziddiyyətli olduğunu, bildirişin tərəfə çatıb-çatmaması halı aydınlaşdırılmadan, icra qeydinin qanuni olub-olmadığı müəyyən edilmədən iddia tələbinin rədd edildiyini bildirmişdir. Bundan əlavə, işdə olan “Bank of Baku" ASC tərəfindən borclu İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin saxta olduğunu, iddiaçıya belə bir bildirişin göndərilmədiyini, iş materiallarında olan qəbzdə poçtalyonun adı və imzasının olmadığını qeyd etməklə, qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğunu bildirmiş və sözügedən bildirişin qəbzə əsasən xx.xx.2023-cü il tarixində cavabdehə geri qayıtdığı halda, xx.xx.2023-cü il tarixində icra qeydi verildiyini və bununla da qanunvericilikdə nəzərdə tutulan həmin müddətin gözlənilmədiyini vurğulamışdır. Eyni zamanda bildirmişdir ki, icra qeydi tövsiyyə xarakterilidir, əgər mübahisə varsa icra qeydi ləğv edilməli və mübahisəni məhkəmə həll etməlidir. Sədrlik edənin suallarına cavab olaraq icra qeydinin verilməsi üzrə notariat hərəkətlərinin aparılmasına dair sənədlərin tələb edilməsi barədə birinci instansiya məhkəməsində icraat zamanı vəsatət vermədiyini, bu sənədlərin cavabdeh tərəfindən təqdim edilməli olduğunu və məhkəmənin özü tərəfindən müvafiq sorğu verilməli olduğunu vurğulayaraq, zəruri hesab edildiyi halda, şifahi vəsatət əsasında qeyd edilən sübutların kollegiya tərəfindən təmin edilməsi mümkünlüyünü bildirmişdir.

7. Cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X7 ərizə ilə məhkəməyə müraciət edərək, işə notariat ofisinin iştirakı olmadan baxılmasını xahiş etmiş və mübahisənin həlli üzrə məsələni məhkəmə heyətinə həvalə etdiklərini qeyd etmişdir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və Nizami rayon Məhkəməsinin qətnaməsinin qüvvədə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən: notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-ci maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

13. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən: 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 162. icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 385, 425, 442, 739; Mülki Prosesual Məcəllənin 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və tam ziddiyyətli dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mübahisə edilən icra qeydi üzrə notarial sənədlərini iddiaçı iddianı verməmişdən öncə tələb etməmiş, sübutların təmin edilməsi qaydasında və ya məhkəmə prosesi üzrə müəyyən edilən mərhələdə müvafiq vəsatətlə məhkəməyə müraciət etməmiş, bu sübutların cavabdeh tərəfindən təqdim edilməli olduğunu, zəruri hesab edildiyi halda şifahi vəsatət əsasında qeyd edilən sübutların kollegiya tərəfindən təmin edilməsi mümkünlüyünü bildirmişdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər; 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər; 85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. 86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir; 86.2. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir. 87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir; 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında ərizəyə baxmağa mane olmur; 87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir; 87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədə məlumat verilir; 87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən baxıla bilər.

16. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi icra qeydinin verilməsini mübahisələndirən iddiaçı zəruri sənədləri təqdim etməmiş və onların təqdim edilməsinin cavabdehin vəzifəsi olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində sübutların təqdim (təmin) edilməsi təşəbbüsündə olmayan iddiaçının passiv mövqeyi üzrə qeyd edilməlidir ki, hazırki mərhələdə bu sübutların əldə edilməsi üçün prosessual imkanlar müəyyən edilmir. Belə ki, iddiaçı ondan asılı olmayan səbəblərdən təqdim edilməsi mümkün olmayan sübutlarla əlaqədar birinci instansiya məhkəməsində icraat başlayanadək və ya icraat zamanı müvafiq vəsatətlər təqdim etməmişdir. Qeyd edilən sübutları ona aid hissədə üçüncü şəxs təqdim etmiş və məhkəmə işdə olan mövcud sübutlara müvafiq iddiaya qiymət vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin tələbinə əsasən: 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Birinci instansiya məhkəməsi məhkəmə hazırlıq mərhələsində tərəflərin hüquq və vəzifələrinin, o cümlədən sübutlar təqdim etmək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək hüquqlarının mövcudluğu tərəflərə izah etmişdir. İddiaçı peşəkar hüquqi yardımla təmin edilmiş və bu hüquqlarının izah edilməməsinə dair dəlilləri müzakirəyə təqdim etməmişdir.

17. Cavabdehə qarşı yönəlmiş tələbin onun hərəkətləri barədə rəsmiləşdirilən sənədlər olmadan və onları müzakirə etmədən qiymət verilməsi mümkünsüzlüyünü peşəkar hüquqşunasla təmsil olunan iddiaçı bilməli idi. İddiaçı üçüncü şəxs tərəfindən təqdim edilən sübutlara qiymət verməklə kifayətlənmişdir. Üçüncü şəxs isə özünə aid hissədə yalnız bildirişin iddiaçıya göndərilməsi ilə bağlı sübutu təqdim etmiş, məhkəmə də bu sübutla iddiaçının borcundan məlumatlı olmalı olması qənaətinə gəlmişdir. Kollegiyada icraat zamanı kuryer sənədində qeyd edilən ünvanın fərqli olmadığı müəyyən edilmişdir. Şəxsə korrespodensiyanın çatmamasının səbəblərinin araşdırılması isə üçüncü şəxsin səlahiyyətlərinə aid olmamışdır. Ona görə, hazırki apellyasiya şikayəti hüquqlardan suiistifadəyə yönəlmiş və onlara şərait yaradan müraciət kimi qiymətləndirilərək təmin edilməməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1655/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar