Məhkəmə qərarları › İş №2(103)-8334/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8334/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8334/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3754/2010 saylı mülki iş üzrə qəbul etdiyi 26 may 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı “Nikoyl” İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli, 30.09.2010cu il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Apellyasiya şikayəti məhkəməyə 17 may 2021-ci il tarixdə daxil olmuşdur. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin onun iştirakı olmadan çıxardığı məhkəmə qətnaməsindən xəbərsiz olmuşdur. Həmin qətnamədən yalnız icraçıların bildirişləri əsasında xəbərdar olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(004)- 3754/2010 saylı qərardadı ilə Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsi tərəfindən iş materialı düzgün araşdırılmadan qeyri-obyektiv qərardad qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli, 30.09.2010-cu il tarixli qətnaməsi vaxtında ona verilsəydi, o da vaxtında apellyasiya şikayətini verərdi. 1-ci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, 2010-cu ildə onun nümayəndəsi olan Fatma Dibirovaya, o vaxtkı məhkəmənin yeri və vaxtı barədə telefonoqramma vasitəsi ilə məlumat vermişdir. F.Dibirova onun nümayəndəsi kimi məhkəmədə iştirak edib. Lakin onun nümayəndəsinin iştirak etməsi məhkəmə qətnaməsinin verilməsi kimi hesab olunmamalıdır. Hər hansı bir məhkəmə aktı çıxarılırsa vaxtında vətəndaşlara rəsmi qaydada təqdim olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2010-cu ildə qəbul etdiyi qətnaməni 11 il müddətində ona və yaxud onun nümayəndəsinə təqdim etməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(004)-3754/2010 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materialları ilə müəyyən olunur ki, Cavabdeh nümayəndəsi F.N.Dibirova məhkəmə iclasında iştirak etmiş və iddianı etiraf edərək, həyat yoldaşının xəstə olmasını, krediti qızı ilə birlikdə götürməsini, hazırda evin yararsız vəziyyətdə olmasını, böhran səbəbindən borclarını ödəyə bilmədiklərini bildirmiş, rayonda olan torpaq sahəsini satışa çıxardıqlarını, müştəri tapsalarda hələ də sata bilmədiklərini və bu səbəbdən də, onlara vaxt verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli, 30.09.2010-cu il tarixli qətnaməsi F.N.Dibirovanın iştirakı ilə elan edilmişdir. Mülki işin 102-cı vərəqində olan 04 oktyabr 2010-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli, 30.09.2010-cu il tarixli qətnaməsi Cavabdeh göndərilmişdir. Bundan başqa iş materialllarında olan cavabdeh tərəfindən 11.10.2010-cu il, 10.04.2012-ci il və 08.05.2012-ci il tarixlərdə məhkəməyə ünvanlanmış ərizələrində ona və ailəsinə köməklik edilməsini xahiş etmiş, eyni zamanda sonuncu ərizəsində onlara məxsus mənzilin 15.02.2012-ci il və 27.03.2012-ci il tarixdə hərraca çıxarılmasını və hərrac barədə onlara bildiriş göndərilməsini etiraf etmişdir. Cavabdeh tərəfindən ötən bu 11 il ərzində məhkəmə qətnaməsi mübahisələndirilməmiş və hazırda da, məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı hər hansı bir sübutlar təqdim edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasının əsası kimi yalnız məhkəmə qətnaməsinin rəsmi qaydada ona verilməməsinə əaslanır. Məhkəmə kollegiyası qanunun tələbinə müvaviq olaraq məhkəmə qətnaməsinin rəsmi qaydada tərəflərə verilməsini tərəfin önəmli prosessual hüququ kimi dəyərləndirir. Tərəfin məhkəmə aktını vaxtında almaq, ona qarşı iddia tələbinin təmin olunmaması səbəblərini, onun hüquqi əsaslarını məhkəmə aktından öyrənmək, məhkəmənin gəldiyi nəticə, onun qət etdikləri ilə razılaşmadıqda müvafiq qaydada yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququ vardır. Bu mənada məhkəmə akt vaxtında mülki mübahisənin tərəflərinə təqdim olunmalıdır. Bununla belə, məhkəmə prosesindən xəbərdar olan, məhkəmə iclaslarında iştirak edən, ona qarşı iddianın təmin olunmasını bilən, məhkəmə qətnaməsinə əsasən mənzilin hərracdan satılması üçün tədbirlər görülməsindən məlumatlı olan cavabdehin 11 il müddətində məhkəmə qətnaməsini rəsmi qaydada almamasına istinad edərək qətnamədən şikayət vermək üçün prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Cavabdeh 11 il müddətində prosessual hüquqlarından istifadəyə cəhd etməməsi müddətin bərpa edilməməsinin əsası kimi qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayət isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3754/2010 saylı mülki iş üzrə qəbul etdiyi 26 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar