Məhkəmə qərarları › İş №2(103)-8342/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8342/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8342/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(007)-144/2021 nömrəli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" Firması və Cavabdeh2 qarşı "kredit üzrə borcun tutulması" tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Vəfa 5” firmasından və Cavabdeh2 cəmi 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra Sərəncam) icrası ilə əlaqədar olaraq “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Vəfa 5" firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 12.04.2018-ci il tarixli, S-139 saylı təhvil-təslim aktı (bundan sonra Akt) əsasında “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə cəmi 262400 ABŞ dolları (əsas borc iki yüz altmış iki min dörd yüz ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 firmasının direktoru Cavabdeh2 ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. 30 oktyabr 2019-cu il tarixə cavabdeh "Vəfa 5” Firmasının qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində təşkil etmişdir. Cavabdehlər "xxxx" Firması və Cavabdeh2 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, onlar tərəfindən qeyd edilən borcun iddiasıya qaytarılması mümkün deyil. Cavabdeh "xxxx" Firmasının direktoru Cavabdeh2 bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, cavabdehlər Cavabdeh1 firmasından və Cavabdeh2 cəmi 262400 ABŞ dolları məbləğində kredit borcu müştərək qaydada tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia onunla əsaslandırılır ki, 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC ilə Cavabdeh1 FİRMASİ arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 Firmasına 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırki vaxta cavabdehin bank qarşısında 262400 ABŞ dolları məbləğində əsas borca görə ödənilməmiş borcu qalmışdır. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, qeyd edilən müqavilə iki hüquqi şəxs, "xxxx" ASC ilə Cavabdeh1 FİRMASİ arasında bağlanmışdır. Qanunvericiliyin iddia müddəti ilə bağlı qeyd olunan normalarının tələbindən göründüyü kimi hazırki iş üzrə iddia tələbi təmin oluna bilməz. Odur ki, məhkəmədən hazırki iş üzrə İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 FİRMASİ və Cavabdeh2 qarşı 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsi üzrə öhdəliylərin yerinə yetirilmədiyi üçün pul tələbinə dair iddiasının iddia müddətinin ötməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(007)-144/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Firması və Cavabdeh2 qarşı "cavabdehlər "Vəfa 5” firmasından və Cavabdeh2 cəmi 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-144/2021 saylı iş üzrə 06.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-144/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilərək iş üzrə iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə verilmiş iddianı təmin etməyərək qətnaməsini belə əsaslandırmışdır ki, “Cavabdeh2 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Hazırki mübahisə müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün iddia müddətinin axımının başlanı İmasını kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. "xxxx" ASC ilə Cavabdeh1 Firması arasında bağlanmış 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit sazişi üzrə borcun idarəetməsi 12 aprel 2018-ci il tarixli S-l39 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC- yə təhvil verilməsinə baxmayaraq həmin tarixə "xxxx" ASC tərəfindən borcun qaytarılması məsələsi mübahisələndirilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Borcun idarəetməsi İddiaçı QSC-yə keçdikdən sonra belə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcdan ödəniş edilməmişdir. Bundan başqa iddiaçı tərəfinin məhkəmə prosesində vermiş olduğu izahatından aydın olmuşdur ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 03 aprel 2007-ci il tarixdə 500 ABŞ dolları məbləğində olmuşdur. Tərəflər arasında mövcud olan müqavilə 19 mart 1998-ci il tarixdə bağlanmış, müqavilə münasibətləri 6 ay davam etməklə 19 sentyabr 1998-ci il tarixində başa çatmışdır. Odur ki, 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı elə həmin tarixdən hesablandıqda İddiaçı QSC həmin tarixdən uzun illər sonra, yəni 13 yanvar 2020-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürülmüşdür. Kredit müqaviləsi üzrə müddətin axımı 03 aprel 2007-ci il tarixdə hesablanmış olsa belə 3 illik iddia müddəti ötürülmüşdür. Bu baxımdan İddiaçı QSC-nin cavabdehlər "Vəfa 5” Firması və Cavabdeh2 qarşı tələbi təmin edilə bilməz." Eyni zamanda, məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 firması arasında bağlanmış 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit sazişini “Vəfa 5“ Firması adından Cavabdeh2 imzalasa da, o, firmanın öhdəlikləri üzrə məsuliyyət daşımır. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. "xxxx" ASC-nin Cavabdeh1 Firmasına qarşı problemli borcu üzrə tələb hüququ S-139 saylı təhvil-təslim aktı əsasında 12 aprel 2018-ci il tarixdə İddiaçı QSC-yə keçdiyindən hesab edirlər ki, iddia müddəti həmin tarixdən hesablanmalıdır və bu baxımdan iddia müddəti ötürülməmişdir. Cavabdeh2 vəkilinin məhkəməyə təqdim etdiyi 01.03.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, iddia ərizəsində istinad edilən 19.03.1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsi "xxxx" ASC ilə Cavabdeh1 Firması arasında bağlanmışdır. Həmin kredit müqaviləsini borcalan Cavabdeh1 Firması adından Nizamnaməyə əsasən hərəkət edən direktoru Cavabdeh2 bağlamışdır. Digər bir tərəfdən vəkil Cavabdeh2 hüquqlarını müdafiə etmiş və yalnız onun adından ərizə vermək hüququna malik olmuşdur. Məhkəmə ərizəyə baxıb qiymət vermiş olsa da yalnız Cavabdeh2 münasibətdə qiymət verməli idi. Cavabdeh1 Firması və onun şəlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin ötməsi və iddianın rədd olunması barədə hər hansı bir ərizə daxil olmamışdır. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh2 vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinin hər iki cavabdehə münasibətdə qəbul edilməsi və təmin edilməsi əsassızdır və yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə cavabdeh “Vəfa 5" firması arasında bağlanmış 19.03.1998-ci il tarixli, № 386 saylı kredit sazişindən görünür ki, cavabdehə 6 ay müddətinə 300000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 6 aydır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azəbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanından görünür ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən təsdiq edilmiş 01.01.2017-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" fırmasına 19.03.1998-ci il tarixdə 6 ay müddətinə 15 faizlə 300000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda kredit üzrə 262400 ABŞ dolları məbləğində əsas borc, 133824 ABŞ dolları faiz borc vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 12.04.2018-ci il tarixli S-139 saylı təhvil-təslim Aktından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Vəfa 5" firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. Aktdan görünür ki, “Vəfa 5" firmasının əsas borcu 262400 ABŞ dolları, faiz borcu isə sıfırdır. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə veksellərəri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli Sərəncamının icrası ilə bağlı "xxxx" ASC ilə İddiaçı QSC arasında imzalanmış S-139 nömrəli, 12.04.2018-ci il tarixli təhvil-təslim aktları əsasında İddiaçı QSC-nin idarəetməsinə verilmiş "xxxx" firması üzrə borclar barədə 30.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, "xxxx" firmasının 262400 ABŞ dolları (446080 manat) məbləğində ödənilməmiş borcu vardır. "xxxx" firması İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borcdan azalma olmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8342/2021 saylı sorğusuna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 15 noyabr 2021-ci il tarixli, **********983800 saylı cavab olaraq "xxxx" Firmasının təsis sənədlərinin təsdiq edilmiş surəti məktuba qoşmada məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş İdarəsinə ünvanladığı 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8342/2021 saylı sorğusuna, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 11 noyabr 2021-ci il tarixli, 05/8176-11 saylı cavab olaraq bildirilmişdir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 25.08.2000-ci il tarixli 386 nömrəli Fərmanının 3.3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, Cavabdeh1 firması ilə bağlı Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş 27.10.2021-ci il tarixli №2-(103)- 8342/21 nömrəli məktub aidiyyəti uzrə göndərilmişdir. Birinci instaniya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra Sərəncam) icrası ilə əlaqədar olaraq “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin fərmanın və Sərəncamın icrası ilə bağlı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Vəfa 5" firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 12.04.2018-ci il tarixli, S- 139 saylı təhvil-təslim aktı əsasında “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “X3" ASC-yə cəmi 262400 ABŞ dolları (əsas borc iki yüz altmış iki min dörd yüz ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 firmasının direktoru Cavabdeh2 ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış 19 mart 1998-ci il tarixli 386 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. 30 oktyabr 2019-cu il tarixə cavabdeh "Vəfa 5” Firmasının qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində təşkil etmişdir. Hazırda iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Vəfa 5” firmasından və Cavabdeh2 cəmi 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, hazırkı iddia tələbi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 375.1-ci və 375.2-ci maddələrinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında münasibətlər müqavilə xarakterli münasibət olduğu üçün qeyd edilən tələbə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün qeyd edilən mübahisəyə məhz Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanmasını kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, "xxxx" ASC ilə cavabdeh “Vəfa 5" firması arasında bağlanmış 19.03.1998-ci il tarixli, № 386 saylı kredit sazişi üzrə borcun idarəetməsi 12.04.2018-ci il tarixli, S-139 saylı təhvil-təslim aktı əsasında “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilməsinə baxmayaraq, həmin tarixə "xxxx" ASC tərəfindən borcun qaytarılması məsələsi mübahisələndirilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Borcun idarəetməsi iddiaçı “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına keçdikdən sonra belə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcdan ödəniş edilməmişdir. Bundan başqa, iddiaçı tərəfinin məhkəmə prosesində vermiş olduğu izahatından aydın olur ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş 03 aprel 2007-ci il tarixdə 500 ABŞ dolları məbləğində olmuşdur. Beləliklə, yuxarıda da vurğulandığı kimi, hazırkı iş üzrə iddia müddətinin axımının başlanmasını kredit müqaviləsi üzrə müddətin bitməsi anından hesablanmalıdır. Mülki işin müəyyən edilmiş hallarına görə isə tərəflər arasında müqavilə münasibətləri 6 ay davam etməklə, 19 sentyabr 1998-ci il tarixində başa çatmışdır. Odur ki, 19 mart 1998-ci il tarixli, 386 saylı kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı 19 sentyabr 1998-ci il tarixindən hesablandıqda, iddiaçı ləğv prosesində olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı həmin tarixdən uzun illər sonra, yəni 13 yanvar 2020-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddəti ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, kredit müqaviləsi üzrə müddətin axımının 03 aprel 2007-ci il tarixdə hesabmış olsa belə (məhkəməyə bunda dair qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd təqdim edilməmişdir), yuxarıda göstətildiyi kimi qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddəti ötürmüş hesab edilir. Bu baxımdan iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Firması və Cavabdeh2 qarşı tələbi təmin edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin (11.09.1964-cü il tarixli Qanunla təsdiq olunmuş): 32-ci maddəsinə əsasən dövlət təşkilatı hüquqi şəxs olub ona tabe olan müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır, həmin müəssisə isə tabe olduğu təşkilatın öhdəlikləri üzrə məsuliyyət daşımır. Kooperativ və ya sair ictimai təşkilat hüquqi şəxs olan öz müəssisəsinin öhdəlikləri üzrə məsuliyyət daşımır, bu müəssisə isə kooperativ təşkilatın öhdəlikləri üzrə məsuliyyət daşımır. 33-cü maddəsinə əsasən kooperativ birləşməsi onun tərkibinə daxil olan kooperativ təşkilatçılarının öhdəlikləri üzrə məsuliyyət daşımır, əgər qanun və nizamnamənin tələblərindən belə məsuliyyət irəli gəlmirsə, kooperativ təşkilarları da tərkibinə daxil olduqları kooperativ birləşməsinin öhdəlikləri üzrə məsuliyyət daşımırlar. 34-cü maddəsinə əsasən kooperativ və ya sair ictimai təşkilatın üzvləri ayrı-ayrı kooperativ təkşilatı növləri üçün qanunla və ya onların nizamnamələri ilə sair hal nəzərdə tutulmadıqda, bu təşkiların öhdəlikləri üzrə məsuliyyət daşımırlar. 35-ci maddəsinə əsaəsn kolxozlararası təşkilatın, habelə dövlət-kolxoz və ya sair dövlət-kooperativ təşkilatının iştirakçıları olan kolxozlar həmin təşkilatın öhdəlikləri üzrə məsuliyyət daşımırlar. Təşkilatın zərəri onun nizamnaməsinə müvafiq olaraq iştirakçıların arasında bölünə bilər. Kolxozlararası təşkilatın, habelə dövlət-kolxoz və ya sair dövlətkooperativin təşkilatçıları öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "xxxx" ASC ilə cavabdeh “Vəfa 5" firması arasında bağlanmış 19.03.1998-ci il tarixli, № 386 saylı kredit sazişini “Vəfa 5" firması adından Cavabdeh2 imzalasa da, o, firmanın öhdəlikləri üzrə məsuliyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Firması və Cavabdeh2 qarşı "cavabdehlər "Vəfa 5” firmasından və Cavabdeh2 cəmi 262400 ABŞ dolları (əsas borc 262400 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiyya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(007)-144/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar