Məhkəmə qərarları › İş №2(103)-8344/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8344/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8344/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-1006/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5450,14 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5480,14 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-1006/2021 nömrəli qətnaməsi ilə Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 358,06 manat borc və 15 manat məbləğində dövlət rüsumunun, cəmi 373,06 (üç yüz yetmiş üz manat 06 qəpik) manat tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aktdan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh "Sayğacdan kənar qaz xəttinə qoşulmaqla" təbii qazı talamışdır və bununla da İddiaçınə ziyan vurmuşdur.Məhkəmə isə bu faktı araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edildiyindən 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt, 29.05.2018-ci il tarixli ******* saylı akt, 29.06.2018-ci il tarixli ******* saylı akt, 20.07.2018-ci il tarixli ******* saylı akt, 24.08.2018-ci il tarixli ******* saylı akt, 27.09.2018-ci il tarixli ******* saylı akt, 31.10.2018-ci il tarixli ******* saylı akt, 30.11.2018-ci il tarixli ******* saylı akt, 28.12.2018-ci il tarixli ******* saylı akt, 31.01.2019-cu il tarixli ******* saylı akt, 28.02.2019-cu il tarixli ******* saylı akt, 29.03.2019-cu il tarixli ******* saylı akt, 30.04.2019-cu il tarixli ******* saylı akt, 30.05.2019-cu il tarixli ******* saylı akt, 28.06.2019-cu il tarixli ******* saylı akt, 31.07.2019-cu il tarixli ******* saylı akt, 30.08.2019-cu il tarixli ******* saylı akt, 30.09.2019-cu il tarixli ******* saylı akt, 30.10.2019-cu il tarixli ******* saylı akt, 29.11.2019-cu il tarixli ******* saylı akt, 30.12.2019-cu il tarixli ******* saylı akt, 30.01.2020-ci il tarixli ******* saylı akt, 28.02.2020-ci il tarixli ******* saylı akt, 11.03.2020-ci il tarixli ******* saylı aktların əsasında 4069,70 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfin 26.04.2018-ci il tarixli ******* saylı aktla 5531 m3 istehlak olunmuş qaza görə 553,10 manat, 26.04.2018-ci il tarixli ******* saylı aktla 1391 m3 istehlak olunmuş qaza görə 139,10 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş və cavabadeh tərəfindən etiraf edilmiş olduğu 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt üzrə hesabat aktdan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat 41 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 139 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 41 gün, qış ayları üçün orta günlük iş reyimi 10 saat və hesabat müddəti 139 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 139 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə hesab edir ki, 27.03.2018-ci il tarixli ******* saylı akt, 26.04.2018-ci il tarixli ******* saylı akt üzrə aparılmış hesabat PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat olmaqla qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 139 gün aparılması əsassızdır. Həmin hesabat ümumilikdə 41 gün hesablanmaqla aparılmalı, 1x4x41=197 m3, 1,2x6x41=295,2 m3 , 1,5x4x41=246 m3 , 1,5x10x41=246 m3 , 1,5x10x41=615 m3 , 0,8x18x41=590,40 olmaqla cəmi 2189,6 m3 qaz sərfi müəyyən olunmaqala hesabat aparılaraq qaz itkisinə görə 2189,6x0.10= 218,96 manat hesabat aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi üçün deyil dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin təmin edilməyən hissəsində faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmasa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşmasa da iddianı bu hissədə tam rədd etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 5450,14 manat tələb etsə də bu məbləği qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi tələb edilir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin etiraf etdiyindən, yəni 2018-ci ilin mart və aprel aylarında tərtib edilən iki aktdan əlavə hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də bu halı təsdiqləyən yalnız işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkil əlavə edilmişdir(bax.i.v.75-81). Düzdür, cavabdeh bu şəkillərin yalnız həmin iki akt üzrə çəkildiyini təsdiqləsə də, sonrakı aktlara bu şəkillərin aid edilməsini əsassız saymışdır. İddiaçı tərəfindən mübahisəli ünvanda sonrakı aktlar tərtib edilmişdirsə ən azından iddiaçı tərəf bunun mötəbərliliyi üçün video çəkiliş edə bilərdi. Yəni, həqiqətən qanunsuz qoşulma faktı videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. İkincisi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2018-ci ilin əvvəllərindən başlayaraq bu aktların tərtib olunduğu iddia olunur. Ancaq iddiaçı əgər 2018-2020-ci illərdə bu qanunsuz qoşulmaları görürdüsə bu vaxta qədər onlarla bağlı tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavbdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cavabdeh tərəfin 26.04.2018-ci il tarixli ******* saylı aktla 5531 m3 istehlak olunmuş qaza görə 553,10 manat, 26.04.2018-ci il tarixli ******* saylı aktla 1391 m3 istehlak olunmuş qaza görə 139,10 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir həmin hissədə iddia tələbi təmin edilməlidir. Ancaq yekunda nədənsə iddianı 358,06 manat məbləğində təmin etmişdir. Göründüyü kimi, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət yaranır. Buna görə də, qeyd olunan məbləğ artırılaraq 692,20 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-1006/2021 nömrəli qətnaməsi zərərin məbləğ hissəsində dəyişdirilməli və cavabdehdən alınmalı məbləğ artırılaraq 692,20(altı yüz doxsan iki manat, iyirmi qəpik) manat müəyyən edilməli,qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(003)-1006/2021 nömrəli qətnaməsi zərərin məbləğ hissəsində dəyişdirilsin və cavbdehdən alınmalı məbləğ artırılaraq 692,20(altı yüz doxsan iki manat, iyirmi qəpik) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar