Məhkəmə qərarları › İş №2(103)-8350/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8350/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8350/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-379/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 14.673,99 ABŞ dolları məbləğində kredit borcu, 10.816,8 ABŞ dolları məbləğində faiz borcu və 12.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 37.400,79 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2012-ci il tarixdə bağladığı 02L000008645 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1la İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********9S sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitlər xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bank arasında xx.xx.2012-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməkdən boyun qaçırmış və onun banka 14.673,99 ABŞ dolları məbləğində əsas borcu, 10.816,8 ABŞ dolları məbləğində faiz borcu və 12.000 ABŞ dolları məbləğində cərimə, cəmi 37.400 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-379/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC-nin xeyrinə 14.086,58 ABŞ dolları məbləğində əsas borc, 5.968,88 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 20.155,46 (iyirmi min yüz əlli beş dollar qırx altı sent) ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutulması, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, devalivasiya olduğu üçün banka olan borcunu tam ödəyə bilməmişdir. Borc tam ödənilmiş, faiz borcu şişirdilmiş, cərimə borcu artıq hesablanmışdır. Birinci instansiya məhkəməsi əsas borclunun maddi vəziyyətinin pis olmasını nəzərə almamışdır. Həmçinin onlardan tələb olunan faiz və cərimə bocu məbləğləri şişirdildiyi üçün borc məbləğlərinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilməsini xahiş edirlər. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-379/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, faiz və cərimə borcunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10230/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-379/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin “İddiaçı QSC-nin xeyrinə 14.086,58 ABŞ dolları məbləğində əsas borc, 5.968,88 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 20.155,46 ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Əliyev Fuad Asif oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1873/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən məruzəçi), İlqar Dəmirov və Ələsgər Əliyev) İddiaçı QSC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin əsas borc, faiz və cərimə məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissələri cavabdehlər tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 02L000008645 saylı, xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsini, 002R********** saylı, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasını, həmçinin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********9S saylı, xx xxxx 2015-ci il tarixli sazişi əsas götürməklə, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl оlunmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. İş materiallarında olan, 02L000008645 saylı, xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 120 ay müddətinə xx xxxx 2022-ci il tarixədək 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan, 002R********** saylı, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC-nin “Babək” filialı və Cavabdeh1 arasında 02L000008645 saylı, xx xxxx 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh1 24 ay müddətinə aylıq 2,1667 % ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan, 002R********** saylı, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit borcunun ödəniş planının surətindən görünür ki, Cavabdeh1 24 ay müddətində hər ay 1.081 ABŞ dolları, sonuncu ay isə 1.095,37 ABŞ dolları olmaqla xx xxxxxx 2014-cü il tarixdən başlayaraq sonuncu ödənişi xx xxxxxx 2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, kreditin verilməsi-köçürmə barədə xx xxxxxx 2014-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh1 cari hesabına İddiaçı QSC tərəfindən 20.000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan, xx xxxx 2012-ci il tarixli 02S000016481, 02S000016482 və 02S000016483 №-li zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşlər. İş materiallarında olan, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********9S saylı, xx xxxx 2015-ci il tarixli sazişin surətindən görünür ki, bank ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 02L000008645 saylı, xx xxxx 2012-ci il tarixli uzunmüddətli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 25 % dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətinin faiz və cərimə borcunun artıq hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 24 ay müddətinə aylıq 2,1667 faiz ödəməyi öhdəsinə görürür. İş materiallarında olan, birinci instansiya məhkəməsində işə baxılarkən bank tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə banka 14.086,58 ABŞ dolları məbləğində əsas borcu, 5.968,88 ABŞ dolları məbləğində faiz borcu və 6.148,01 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26.203,47 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması üzrə xx xxxxxx 2019-cu il tarixə İddiaçı QSC-yə əsas borc üzrə 14.086,99 ABŞ dolları, faiz borcu üzrə 5.968,88 ABŞ dolları və cərimə borcu üzrə 6.148,01 ABŞ dolları təşkil etmişdir. Məhkəmə kоllegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 002R********** saylı, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə tələb olunan cərimə borcun 6.148,01 ABŞ dolları həddindən 100 ABŞ dolları məbləği həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və iddiaçının mənafeyinə tam uyğundur. Odur ki, məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətinin faiz və cərimə borcunun artıq hesablanması ilə bağlı dəlilini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətində borcunu tam ödəməsini göstərsə də bunu əsaslandıran hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-379/2019 saylı, xx xxxxxx 2019-cu il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-379/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar