Məhkəmə qərarları › İş №2(103)-8353/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8353/2021

10.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8353/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçıya vurulmuş zərərin əvəzi kimi 4.947,69 manat, pozulmuş hüquqların bərpası üçün çəkilmiş xərcin əvəzi kimi 300 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələb etdiyi 4.947,69 manatın tərkibinə 2 müxtəlif əsasla hesablanmış məbləğ daxildir: 1-ci, qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 4.846,80 manat; 2-ci, qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 100,89 manat. Həmin 2 məbləğin, yəni 4.846,80 manat və 100,89 manatın cəmi 4.947,69 manat təşkil edir. 1-ci məbləğ (4.846,80 manat) onunla əsaslandırılıb ki, cavabdeh 2016-cı ildən başlayaraq ünvan 1 ünvanında (abonent kodu **********00000) qaz xəttinə qeyri-qanuni (sayğacdan kənar) qoşulmaqla qazdan istifadə etmiş, iddiaçının əməkdaşları müxtəlif tarixlərdə qaz sayğacına baxış keçirərək bu faktı aşkar etmiş, aşkar edilmiş faktlar yerindəcə aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Aktlar və onlara əsasən hesablanmış məbləğlər aşağıdakı kimidir: 1) 15.01.2016-cı il tarixli, 090218 №-li aktla 349,20 manat; 2) 29.12.2016-cı il tarixli, ******* №-li aktla 462,60 manat; 3) 31.04.2017-ci il tarixli, ******* №-li aktla 853,20 manat; 4) 24.11.2017-ci il tarixli, ******* №-li aktla 540,20 manat; 5) 31.10.2018-ci il tarixli, 002884 №-li aktla 133,20 manat; 6) 20.04.2019-cu il tarixli, ******* №-li aktla 853,20 manat; 7) 30.05.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 8) 28.06.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 9) 31.07.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 10) 30.08.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 11) 30.09.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 12) 30.10.2019-cu il tarixli, ******* №-li aktla 32,40 manat; 13) 29.11.2019-cu il tarixli, ******* №-li aktla 142,20 manat; 14) 30.12.2019-cu il tarixli, ******* №-li aktla 295,20 manat; 15) 30.01.2020-ci il tarixli, ******* №-li aktla 295,20 manat; 16) 28.02.2020-ci il tarixli, ******* №-li aktla 295,20 manat; 17) 30.03.2020-ci il tarixli, ******* №-li aktla 295,20 manat; 18) 14.04.2020-ci il tarixli, ******* №-li aktla 137,80 manat. Həmin aktlara əsasən hesablanmış məbləğin cəmi 4.846,80 manat təşkil edir. Bu məbləğin bir hissəsinin, yəni 20.04.2019-cu il tarixli aktdan başlayaraq 14.04.2020-ci il tarixli akta qədər (bu akt da daxil olmaqla) olan hissəsinin (yəni 13 akta əsasən hesablanmış zərərin) əvəzinin tutulması barədə tələb təmin olunmalıdır. Həmin aktlara əsasən hesablanmış zərərin ümumi məbləği 2.508,4 manat təşkil edir. 20.04.2019-cu il tarixədək olan dövrə münasibətdə məhkəmə qətnaməsi var. Belə ki, iddiaçı başqa mülki işdə cavabdehə qarşı iddia qaldıraraq qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 3.414.39 manat tələb edib. Xəzər Rayon Məhkəməsinin 2(003)-1554/2019 nömrəli mülki iş üzrə qəbul etdiyi 29.04.2019-cu il tarixli qətnamə ilə (iş v. 109) qət olunub ki, iddia qismən təmin olunsun, 1.356,80 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Həmin qətnamədən görünür ki, iddiaçı zərər vurulan dövrün sonunu bildirən sənəd kimi 22.02.2018-ci il tarixli akta istinad edib, qətnamə isə 29.04.2019-cu il tarixdə qəbul olunub. İddiaçı qətnamənin qəbul edildiyi tarixə qədər vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsini tələb etmək imkanına malik olub, habelə qətnamənin qəbul edildiyi tarixə qədər iddia tələbinin həcmini artırmaq imkanına malik olub. Ona görə də hesab olunur ki, iddiaçı 29.04.2019-cu il tarixədək (yəni qətnamənin qəbul edildiyi tarixədək) olan dövr üçün zərərin əvəzinin ödənilməsi hüququnu həyata keçirib. Odur ki, hazırda qətnamədən sonrakı dövr üçün zərərin əvəzinin ödənilməsi hüququ müdafiə olunmalıdır. Bu dövr isə 20.04.2019-cu il tarixli aktla başlayır və 14.04.2020-ci il tarixli aktla bitir, cəmi 13 aktdan ibarətdir. Həmin dövr üçün hesablanmış zərərin ümumi məbləği 2.508,4 manat təşkil edir. Həmin dövrdə cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla qazdan istifadə etməsi faktı həm iddiaçının tərtib etdiyi aktlarla, həm də iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərlə təsdiq olunur. Cavabdeh birinci və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, iddiaya etirazını bildirməmiş və heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslanaraq hesab edir ki, zərərin əvəzi kimi 2.508,4 manat tutulmalıdır. 2-ci məbləğ (100,89 manat) onunla əsaslandırılıb ki, cavabdeh qazdan sayğac üzrə istifadə edib, ödənilməmiş 41,10 manat və 59,79 manat, cəmi 100,89 manat borcu qalılb. Lakin iddiaçı həmin borcun hansı dövrə aid olduğunu iddia ərizəsində və ya iddianın dəyişdirilməsi barədə ərizədə göstərməyib və onu zərərin əvəzi kimi tələb edib. Sayğac üzrə borcu ödəmək öhdəliyi müqaviləyə əsaslanan öhdəlikdir, zərərin əvəzini ödəmək öhdəliyi isə deliktə əsaslanan öhdəlikdir. Müqaviləyə əsaslanan öhdəlik deliktə əsasən tələb oluna bilməz. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə həm də iddianın əsası nəzərdə tutulur. Həmin məbləğ deliktə əsasən zərərin əvəzi kimi tutula bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, bu tələb rədd olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin halları düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün 300 manat xərc çəkdiyini bildirsə də bu barədə sübut təqdim etməyib. Ona görə də həmin məbləğin tutulmasından imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Təbii qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi 2.508,4 manat, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat, cəmi 2.553,4 (iki min beş yüz əlli üç tam onda dörd) manat Cavabdeh tutularaq İddiaçınə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar