Məhkəmə qərarları › İş №2(103)-8354/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8354/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8354/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “X9” Bakı Filialının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə “X9” Bakı Filialının Cavabdeh1 və Cavabdeh2 qarşı “pul öhdəliynin vaxtında icra edilməməsinə görə faizlərin ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair mülki üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X9” Bakı Filialı (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 29 366,67 manat əsas kredit borcuna xx xxxxx 2012-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək olan (81 aylıq) dövr ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının 5% uçot dərəcəsi ilə hesablanmış 9911,25 manat faiz borcunun, həmçinin 30 manat dövlət rüsumunun tutulması və Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2009cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 22% hesablanmaqla 24 ay müddətində 40 600 manat məbləğində kredit verilmiş, Cavabdeh1 müqavilə müddəti ərzində, yəni xx xxxx 2009-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixədək banka 51 020,67 manat kredit ödənişi icra etməyi öhdəsinə götürmüş, kredit öhdəliklərinin təminatı olaraq xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığı üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxxx 2012-ci il tarixə olan kredit borcu üzrə 55 246,09 manat və ödənilmiş dövlət rüsumu üzrə 20 manat olmaqla 55 226,09 manatın tutularaq banka verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin evin açıq hərrac vasitəsilə satılması, əldə olunan vəsait hesabına banka olan borcun və dövlət rüsumunun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətində boşaldılması, iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi qət olunmuşdur. Qanuni qüvvəyə minmiş bu qətnamə icra edilmədən qalmış, cavabdehlər banka olan kredit borcunu ödəməmiş, borcun ödənilməməsi üçün bütün vasitələrdən, hüquqdan və qanundan sui-istifadə etməklə və əsassız şikayətlər etməklə icra sənədininin icrasını yubatmış, icra sənədini mübahisələndirməklə apellyasiya və kassasiya şikayətləri vermiş, daha sonra icra məmurunun hərəkətlərini və zaminlik müqaviləsini, həmçinin hərracın nəticələrini mübahisələndirməklə icranın dayandırılmasına nail olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə borcalanın faiz borcu xx xxxxx 2012-ci il tarixə nəzərə alınmışdır. Buna görə borcalandan sonrakı müddətə əlavə olaraq faizlər hesablanmalı, qətnamə ilə müəyyən olunmuş 29 366,67 manat əsas kredit borcuna xx xxxxx 2012-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (81 ay) olan müddətə illik 5% hesabı ilə 9911,25 manat tutulmalı, ipoteka predmetinə tutma yönəldilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9911,25 manatın tutularaq “X9” Bakı Filialına verilməsini qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı bankın nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - tutmanın ipoteka predmetinə yönədilməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçünapelyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçı bankın nümayəndəsi Ali Məhkəmənin qərarında şərh olunanlara istinadən apellyasiya şikayətini müdafiə edərək ipoteka predmetinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində qətnamənin ləğv və həmin tələbin təmin edilməsini xahiş etmiş, Cavabdeh2 nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini yalnız “tutmanın ipoteka predmetinəyönəldilməsi” tələbinin rədd olunması hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin digər hissəsi artıq yeni apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv edilərək həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunan halına görə, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 22% hesablanmaqla 24 ay müddətində 40 600 manat kredit verilmiş, kredit öhdəliklərinin təminatı olaraq xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 xx xxxxx 2012-ci il tarixə olan kredit borcu üzrə 55 246,09 manat və dövlət rüsumu üzrə 20 manat olmaqla 55 226,09 manatın tutularaq banka verilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına banka olan borcun və dövlət rüsumunun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətində boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmış hissəsi ilə müəyyən edilmişdir ki, “...hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilənin müddəti xx xxxxxx 2011-ci il tarixdə bitmiş, borclu həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı "kreditin, faizlərin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, müqavilədən irəli gələn mübahisələlərlə bağlı xx xxxx 2012-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunmuş, qətnamə ilə 29 366,67 manat əsas, 25 879,42 manat faiz borcu olmaqla cəmi 55 246,09 manat məbləğində borcun tutulması qət olunmuşdur. Qətnamə əsasında yeni tələbkar borclu münasibətləri yaranmışdır ki, borclu həmin yekun məhkəmə aktı ilə də üzərinə qoyulmuş vəzifələri indiyədək yerinə yetirməmişdir. İşin qeyd olunan faktiki halları cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsini təsdiq edir. Gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq ondan sonra öhdəliliyin icra edilməməsi başa düşülür. Borclu kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində, bu müddət başa çatdıqdan sonra da borcu ödəməmiş, həmçinin məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələri də yerinə yetirməməklə borcun ödənilməsini gecikdirmişdir. Qanunvericilik öhdəliyin gecikməsində borclunun təqsirini müəyyən edir. Ümumi qayda ondan ibarətdir ki, borclu icranı gecikdirməyə görə məsuliyyət daşıyır. Yəni gecikmənin təqsir olmadan baş verməsinin sübut edilməsi borclunun üzərinə düşür, bu sübut edilmədəyi halda borclu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. İşdən görünür ki, xx xxxx 2012-ci il tarixli qətnamədən irəli gələn məsələlərlə bağlı yenidən tərəflər arasında uzun sürən mübahisələr yaranmış, borclu ipoteka predmetinin ilkin satış qiymətinin 200 000 manat müəyyənləşdirilməsi ilə razılaşmamış və əmlakın qiymətləndirilməsi haqqında hesabatı, hərracın nəticələrini məhkəmədə mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə qiymətləndirmə haqqında hesabat, hərracın nəticələri ləğv olunmuş, həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 600 000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın qiyməti ilə bağlı sonrakı mübahisələr borcun ödənilməsinin gecikdirilməsinə görə borclunu məsuliyyətdən azad etmir. Çünki əvvəla, gecikmə xx xxxx 2012-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduğu tarixdən əvvəl baş vermişdir (buna baxmayaraq, hazırda tələbkar qətnamə qəbul olunduğu tarixdən gecikməyə görə faiz tələb edir). Həmin vaxtı borclunun ipoteka predmetini daha yüksək məbləğdə sataraq, borcu ödəmək imkanı olmuşdur. Bundan başqa, borclu məsuliyyətdən yalnız o halda azad oluna bilər ki, gecikmə qabaqcadan görülə bilməyən, ondan asılı olamayan hallarla bağlı olsun. Beləliklə, borcun ödənilməsinin gecikməsində borclunun təqsirinin olmadığı təsdiq olunmur. Əslində, borclu tərəf 2009-cu ildə krediti götürdükdən az müddət sonra öhdəliyi pozmağa başlamışdır. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən iddiaçı daha əvvəlki vaxtdan həmin faizi tələb edə bilərdi. Lakin hazırkı işdə iddiaçı məhkəmə qətnaməsi çıxan vaxtdan sonrakı tarixdən gecikməyə görə 5 % tələb edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin pozulmasından keçən on il müddət ərzində borcun qaytarılmamasında borclunun günahkar olmaması qənaəti ağlabatan olmayacaq və bunu əsaslandırmağa zərurət yoxdur”. Kassasiya instansiyası məhkəməsi isə işi “tutmanın ipoteka predmetinəyönəldilməsi” tələbinin rədd olunması hissəsindəyeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarına əsasən ... “MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.” Həmçinin ipoteka saxlayan “X9” Bakı filialı, ipoteka qoyan Cavabdeh2 və borcalanlar X3 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, mövcud müqavilə ilə “İpoteka predmeti” olan ipoteka qoyanın əmlakı, ipoteka saxlayanın ödəniş anına tələblərini tam şəkildə əhatə edir; buna borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə faizləri, ipoteka qoyan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclər daxil edilir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının “Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması” tələblərini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka ilə təmin olunan tələblərin həcmi “borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən banka dəyən zərərlər” olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına qərar verilmiş 9911,25 manatın ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına hazırkı iş üzrə banka ödənilməsinə qərar verilmiş 9911,25 manat da ödənilməli, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılmalı, əmlakın satışından əldə edilmiş vəsaitdən ümumi borc ödənildikdən sonra qalan vəsait Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi əsasında 600 000 manat müəyyənləşdirilidyindən və əsas qətnamə üzrə əmlak həmin qiymətlə hərraca çıxarılmalı olduğundan kollegiya hesab edir ki, hazırkı iş üzrə fərqli nəticəyə gəlinməsi mümkün deyildir və məhz həmin qiymət əsas götürülməklə əmlak açıq hərraca çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının məbləğləri də cavabdehlərdən tutularaq iddiaçı banka ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3552/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması” tələblərinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin iddia tələbləri təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 9911,25 (doqquz min doqquz yüz on bir manat 25 qəpik) manat borc məbləği, həmçinin 50,80 (əlli manat 80 qəpik) manat dövlət rüsumu “X9” Bakı Filialına ödənilsin. Evin satışından əldə edilmiş vəsaitdən ümumi borc ödənildikdən sonra qalan vəsait Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi keçid 4, 5 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 600 000 (altı yüz min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar