Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8356/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı Ləğv prosesində olan «AGBank» açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2648/2012 saylı, 03 dekabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2648/2012 saylı, 03 dekabr 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 3367,02 (üç min üç yüz altmış yeddi manat iki qəpik) manat əsas borcun, 7128,68 (yeddi min bir yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat hesablanmış faiz borcunun, 200 (iki yüz) manat cərimə, ümumilikdə 10695,07 (on min altı yüz doxsan beş manat yeddi qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu əvəzi tutulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit vəsaitindən istifadə müddəti bitdikdən 4 (dörd) il keçdikdən sonra bank tərəfindən iddia ilə 2012-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Bank tərəfdən bu qədər böyük məbləğdə faizin tələb edilməsi isə ona dəlalət edir ki, iddia ərizəsi məhkəməyə verilən günə qədər faizlər hesablanmış və tələb edilmişdir. Halbuki, bankın kredit müqaviləsindən istifadə müddəti bitdikdən sonra illik 26 % dərəcəsi ilə faiz hesablaması qanunsuz olmuşdur. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsi forma məzmununa görə Mülki Məcəllənin tələblərinə uyğun tərtib edilsə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zamindən borcun məhkəmə qaydasında tələb edilməsi üçün nəzərdə tutulmuş müddət bank tərəfındən buraxılmışdır. Buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsi hazırki işdə tətbiq edilməli və zaminlik öhdəliklərinə xitam verilməli iddia tələbi zaminlərdən borcun müştərək qaydada tutulması hissəsində rədd edilməli idi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək müddətin cavabdehə qarşı ötürüldüyünü bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh2 bir tərəfdən zamin kimi ona aid hissədə müddətin keçdiyini bildirir, digər tərəfdən isə faiz borcunun məbləğini mübahisələndirir. Əgər zamin kimi ona aid hissədə müddətin ötürüldüyünü bəyan edirsə, faiz borcunun məbləğini mübahisələndirə bilməz. Bundan başqa, sistemdə əsas borcun 589 manat olduğu görünür. Faiz borcundan isə 2000 manat ödənilərsə cavabdehlərə güzəşt edilə bilər. Bunun üçün cavabdehlər banka müraciət etməlidirlər. Bu cür vəziyyətdə isə apellyasiya şikayətinə etiraz edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, 30 avqust 2007-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 30 avqust 2007-ci il tarixli kredit müqaviləsi üzrə 8500 manat krediti və ona əlavə edilmiş faizləri 24 ay müddətinə ödənilməsini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər Cavabdeh2 münasibətdə əsaslı olduğundan, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsasdır. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2007-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq 30 avqust 2010-cu ilədək iddiaçının ona qarşı iddia irəli sürmək hüququ olmuş, lakin iddiaçı həmin bu müddəti ötürmüşdür. Çünki, mülki iş materiallarından da görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə 15 avqust 2012-ci il tarixdə daxil olmuşdur. Belə olan halda zaminliyə xitam verilməli və zaminə münasibətdə iddia təmin olunmamalı idi. Ancaq birinci instansiya məhkəməsi tərəfindən bu norma tətbiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2648/2012 saylı, 03 dekabr 2012-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, eləcə də prosessual hüquq normasının pozulması düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə ləğv edilməli və iddia o hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2648/2012 saylı, 03 dekabr 2012-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilsin və ona münasibətdə iddia təmin edilməsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8356/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8356/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver