Məhkəmə qərarları › İş №2(103)-8368/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8368/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8368/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qərardaddan iddiaçı Bankın verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. İddiaçı Bankın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36, 37, 38-ci maddələrinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı (ipoteka saxlayan) Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun tutulması və tutmanın onunla Cavabdeh2 arasında bağlanmış “İpoteka müqaviləsinin” predmeti olan daşınmaz əmlaka yönəldilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə deyil, “icra qeydinin verilməsi barədə” ərizə ilə müvafiq Notariat Ofisinə müraciət etməlidir. Bankın qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdehlər arasında “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Rayon Məhkəməsinin qərardadında göstərilən və “İpoteka haqqında” Qanunda təsbit edilmiş qayda isə həmin Qanunda xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklikdə nəzərdə tutulmuşdur. Belə olan halda həmin qaydalar Qanunda edilmiş dəyişiklikdən əvvəl bağlanmış müqavilələr üzrə yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, həqiqətən də Rayon Məhkəməsinin rəhbər tutduğu qayda “İpoteka haqqında” Qanuna xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklikdən sonra – xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Lakin işdə əlavə edilmiş sənədlərdən görünür ki, Bank ilə cavabdehlər arasında “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilən əsasla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasının mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar