Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8369/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(006)-2949/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada QSC-nin xeyrinə 2453,17 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 QSC ilə 17.06.2014-cü ildə bağladığı 30A000002722 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4050 manat məbləğində kredit verilmiş, o, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.06.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1596.83 manat ödəniş etmiş və onun 2453.17 manat məbləğində kredit borcu qalmışdır. Öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(006)-2949/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılan faktiki və mübahisə edilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17.06.2014-cü il tarixli, 30A000002722 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana 24 ay müddətinə, aylıq 2,1667 faizlə, 4050 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi, verildiyi gündən etibarən 24 ay ərzində qaytarmağı, kredit üzrə hesablanmış faizləri ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi eyni tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən, 17.06.2014-cü il tarixli kredit razılaşması üzrə borclunun 06.10.2020-ci il tarixinə 2453,17 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, borc alan tərəfindən banka sonuncu ödəniş 18.05.2015-ci il tarixdə həyata keçirilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə 17.06.2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti 17.06.2016cı il tarixdə bitdiyi və kredit borcu üzrə sonuncu ödəniş 18.05.2015-ci il tarixdə aparıldığı halda, iddiaçı tərəfindən dörd il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız 08.12.2020-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürdüyünü nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2949/2021 saylı saylı iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8369/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8369/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver