Məhkəmə qərarları › İş №2(103)-8372/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8372/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8372/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı ”qdin etibarsız hesa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə onun arasında bağlanmış 14 iyul 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2195/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 iyul 2014-cü il tarixdə "xxxx" İKB ASC ilə kredit müqaviləsi bağlamış və müqaviləyə əsasən ASC ona 18000 ABŞ dolları məbləğində kredit vermişdir. Halbuki, əslində o, qabaqcadan ASC-yə krediti manatla götürmək istədiyini bildirmişdir. Hər bir halda ASC ona münasibətdə kreditin manatda lazım olduğunu bilirdi, çünki Azərbaycan Respublikasının ərazisində manatdan başqa digər valyuta ilə maliyyə əməliyyatlarını aparılması mümkün deyil. Beləliklə, qanunvericiliyə əsasən maliyyə əməliyyatları yalnız manatla alına bilər və ASC bunu bilməli idi. Nəinki bilməli idi, dəqiq bilirdi. Lakin ASC onu aldadaraq onunla müqaviləni manatla deyil, dollarla bağlamışdır. O da aldadıldığını yalnız 2015-ci ilin 21 fevral tarixində manatın kəskin devalvasiyasından sonra bilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi kredit müqaviləsini 2014-cü ildə bağlamış və iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, göstərdiyi əsaslar birinci instansiya məhkəməsində araşdırılmadığından mövcud qanun pozuntusunun aradan qaldırılması məqsədi ilə Apellyasiya Məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər arasında 14 iyul 2014-cü il tarixdə Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ASC müqavilə öhdəliklərinin İddiaçı tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək Abşeron Rayon Məhkəməsində İddiaçı və qeyrisinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq 14 iyul 2014-cü il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsi ləğv edilmiş və ASC-nin xeyrinə cavabdehlər İddiaçı və X1 müştərək qaydada cəmi 19031,95 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. Həmin iş üzrə icraat hazırkı işə görə dayandırılmışdır. İddiaçının hazırkı işdə tələbi 14 iyul 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədədir. İddiaçı tələbinin əsası kimi aldadıldığına istinad edir və göstərir ki, Bank onunla dollarla deyil manatla müqavilə bağlamalı idi. İddiaçı aldadıldığı barədə 21.02.2015-ci ildə manatın kəskin devalvasiyasından sonra bildiyini qeyd etmişdir. Hazırkı iş üzrə iddia 01.02.2021-ci ildə qaldırılmışdır. Cavabdeh iddianı qəbul etməmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi əqdin etibarsızlığı üçün əsasların olmadığı qənaətinə gələrək iddianı rədd etmiş və qeyd etmişdir ki, 14 iyul 2014-cü il tarixli müqavilə bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş, müqaviləni borcverən "xxxx" İKB ASCnin nümayəndəsi və borcalan İddiaçı şəxsən imzalamışlar. İddiaçı sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin buraxıldığı qənaətinə gələrək qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331.1, 337, 339, 354.1, 373.2, 375, 377.2, 405.1, 406.3, 407.2-ci və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçının apellyasiya şikayətinin əsas dəlili əqdin etibarsızlığı üçün əsasların mövcud olduğu, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin əsasların nəzərə alınmadığı barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və əqdin etibarsızlığı üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində kredit müqaviləsini aldatma, vacib əhəmiyyətli yanılma nəticəsində bağladığını göstərsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı müqavilənin məzmunundan məlumatlı olmuş və məhz müqavilənin məzmununu bəyəndiyinə görə onu imzalamışdır. Həmçinin o, müqaviləni imzladıqdan sonra onu mübahisələndirmək üçün kifayət qədər zamana və imkana laik olmuş olsa da, bu imkandan istifadə etməmiş, iddia müddətini də buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar