Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8374/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı X1 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti, şikayətin qanunvericiliklə müəyyənləşdirilmiş məzmuna uyğun olmadığı əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bundan sonra şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sonradan cavabdeh eyni məzmunlu şikayəti yenidən məhkəməyə göndərmiş və prosessual müddətin bərpa olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvafiq müddətin bərpa edilməsi və işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya növbəti dəfə qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Tamilla Abdullayevanın hazırda mümkünlüyünə qiymət verilən şikayəti, qeyri-mümkün hesab edilən şikayətdən sadəcə onunla fərqlənir ki, əvvəlki şikayətdə qətnamənin dəyişdirilməsi, hazırkı şikayətdə isə qətnamənin ləğv olunması xahiş edilmişdir. Əvvəlki şikayətin qeyri-mümkün hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadda da göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.6-cı maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir; Tamilla Abdullayeva isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini konkret göstərməmiş, yalnız Mülki Məcəllənin 1108.1-ci maddəsinin mətnini, eləcə də Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin bir sıra qərarlarındakı mövqeləri əks etdirməklə qətnamənin ləğv edilməli olduğunu irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Tamilla Abdullayevanın şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4327/2021 saylı iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya növbəti dəfə qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8374/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8374/2022
12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver