Məhkəmə qərarları › İş №2(103)-8375/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8375/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8375/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2993/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il tarixdə doğulmuş qızı X1 və xx xxx 2008-ci il tarixdə doğulmuş oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində uşağın hər birinə 50 manat olmaqla, hər ay cəmi 100 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər uşağa 150 manat olmaqla, ayda 300 manat alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2005-ci il tarixdə Cavabdeh ilə nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Fidan adlı qızı və xx xxx 2008-ci il tarixdə Cavid adlı oğlu doğulmuşdur. Cavabdehlə aralarında olan nikah sonuncunun tələbinə əsasən Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqları onun himayəsinə verilmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli əmri ilə uşaqlarının saxlanılması üçün cavabdehin aylıq qazancının üçdə bir hissəsinin tutulub, ona verilməsi qərara alınmışdır. Həmin əmrə əsasən cavabdehin əmək haqqından tutulan və Kapital Bankda açılmış hesabına keçirilən alimentin miqdarı qeyri-sabit və qeyri-müntəzəm olduğundan o, 2013-cü ilin may ayında alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsi alimentin sabit pul məbləğində tutulması tələbinə dair 2(010)-2481/2013 saylı mülki işə xx xxxx 2013-cü il tarixdə baxaraq tələbin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxardı. Həmin qətnamədən apelyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edildi, Bakı şəhəri Suraxnı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ləğv edildi, Cavabdeh əmək haqqından tutulan alimentdən əlavə hər uşağa ayda 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edildi. xx xxxxxx 2014-cü il tarixdə həmin qətnamə əsasında verilmiş icra sənədinin icrasına başlanılsa da 2014-cü ilin oktyabr ayınadək sabit pul məbləğində alimentdən heç bir ödəniş edilməmiş və yalnız əmək haqqının bir hissəsi kimi müəyyən edilən aliment məbləği cavabdehin əmək haqqından tutulmuşdur. Onun çoxsaylı müraciətlərindən və şikayətlərindən sonra 2014-cü ilin oktyabr ayında başlayaraq aliment borcunun tutulması cavabdehin əmək haqqının 70 faizinə yönəldilmişdir. Lakin cavabdeh Xəzər dəniz gəmiçiliyində kapitan köməkçisi işlədiyi üçün ilin müəyyən aylarında əmək haqqı almadığından o, alimentin əmək haqqından tutulan hissəsini müntəzəm almır. Həmçinin, alimentin sabit pul məbləğində olan hissəsini də cavabdeh işləmədiyi aylarda ödəmir. Sabit pul məbləğində təyin edilmiş alimentin məbləği çox azdır və uşaqlarının maddi təminatı üçün yetmir. Uşaqların hər ikisi məktəblidir, qızı Fidan orta məktəbin 8-ci sinifində, oğlu Cavid isə 7-ci sinfində təhsil alır. Uşaqlar böyüdükcə onların saxlanması üçün xərclər də artır. Ona görə də sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2993/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx xxx 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 80 (səksən) manat, ümumilikdə 160 manat məbləğində aliment tutularaq İddiaçı qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-2993/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin apelyasiya şikayətində qeyd olunur ki, ondan hər uşağa görə əmək haqqının 1/3 hissəsi olmaqla, eyni zamanda, əlavə olaraq hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi barədə mövcud qətnamə vardır. O, hal-hazırda qətnamədə qeyd olunan, yəni ondan tutulan alimentdən narazıdır. Hazırda maddi və sosial durumu normal deyil. Özü ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından xx.xx.2015-ci il təvəllüdlü bir qız övladı anadan olmuşdur. Beləliklə, hesab edir ki, bu kimi halları nəzərə almayan birinci instansiya məhkəməsi qərəzli mövqe tutmuş, birinin hüququnu tanımaqla, digərinin hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və şikayətdə qeyd edilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 2993/2020 saylı qətnaməsi alimentin məbləğinin müəyyən edilən hissəsində dəyişdirilməli, aliment məbləği hər uşağa görə 70 manat, cəmi 140 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh adında övladları anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması, azyaşlı övladlarının iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli əmri ilə uşaqlarının saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin tutulub, ona verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-2481/2013 saylı qətnaməsi ilə İddiaçı qızının Cavabdeh qarşı xx xxxxxx 2006cı il tarixdə doğulmuş X4 və xx xxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı qızının Cavabdeh qarşı xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X4 və xx xxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-2481/2013 saylı qətnaməsi ləğv edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(046)-617/2011 nömrəli əmri ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi,qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin sabit pul məbləği hissəsinin artırılması ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləği hissəsində uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alsa da, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları tam olaraq nəzərə almamışdır. Belə ki, işdə olan cavabdehə aid haqq-hesab sənədlərindən görünür ki, o, aylıq 959 manat əmək haqqı alır, başqa nikahdan xx.xx.2015-ci il təvəllüdlü bir uşağı vardır. Əmək haqqı 959 manat nəzərə alındığı halda, cavabdeh hər uşağa görə 239 manat (959: 1/3 : 2 + 80=239 manat) aliment ödəməlidir. Buna görə də, kollegiya hesab edir ki, qətnamə alimentin məbləği ilə bağlı hər uşağa görə 80 manat sabit pul məbləğində və cəmi məbləğin 160 manat müəyyən edilməsi hissələrində dəyişdirilməli, hər uşağa görə alimentin məbləği 70 manat, cəmi məbləğ 140 manat müəyyən edilməlidir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, alimentin məbləğində qeyd olunan qaydada dəyişikliyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya araşdırması Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 2993/2020 saylı qətnaməsi alimentin məbləğinin hər uşağa görə 80 manat, cəmi məbləğin 160 manat müəyyən edilməsi hissələrində dəyişdirilsin, hər uşağa görə alimentin məbləği 70 (yetmiş) manat, cəmi məbləğ 140 (yüz qırx) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar