Məhkəmə qərarları › İş №2(103)-8376/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8376/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8376/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1857/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində müəyyən edilərək artırılmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə, həmçinin cavabdehi əlavə xərclərə cəlb edərək, hər ay əlavə xərclərə görə bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2003-cü ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan xx xxxxxx 2004-cü il təvəllüdlü X3 və xx xxxxxx 2006-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanılmış nikah pozulmuş və uşaqlarının onun himayəsində saxlanılması qət edilmişdir. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün hər ay 117 manat olmaqla, cəmi 234 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların hüquq və mənafelərinin qorunması üçün yetərli deyildir. Çünki 2016-cı ildən sonra Respublika ərazisində sosial-iqtisadi göstəricilər dəyişilmiş, uşaqlar 4 yaş böyüməklə, onların maddi və sair tələbatlarının artmış və getdikcə də artması qaçılmaz olmuşdur. Bundan əlavə, müəyyən edilmiş aliment məbləğindən başqa cavabdeh uşaqların əlavə xərclərində qətiyyən iştirak etmir və uşaqların böyüdükcə artan tələbatları qarşısında bir ana kimi artıq tab gətirə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1857/2020 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın təmin olunmaması qət edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, uşaqların mənafelərinin nəzərə alınmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşdə görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşaq üçün hər ay 117 manat olmaqla, cəmi 234 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, həmin vaxtdan dörd il müddət keçmiş, uşaqların təlabatları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri artmışdır. Birinci instansiya məhkəməsi isə iddianı alimentin miqdarının artırılması hissəsində rədd edərkən işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini və uşaqların üstün mənafeyini nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi MPM-nin 82.3-cü maddəsinə əsaslanmış lakin, qanunverici sonradan (yəni, məhkəmə qətnaməsi ilə alimentin məbləğinin müəyyən olunmasından sonra) alimentin miqdarının məhkəmə tərəfindən dəyişdirilməsi imkanını müəyyən etmişdir. Belə olan halda, əvvəlki qətnamənin mövcudluğu işə baxılmasına və qanuni qərarın qəbul edilməsinə maneə təşkil edə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, hazırki vaxtda alimentin miqdarının dəyişdiriliməsi zərurəti mövcuddur, lakin iddaçının tələb etdiyi məbləğ (hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbəlğində) yüksəkdir. Məhkəmə kollegiyası, həmçinin cavabdehin vəziyyətini və valideynlərin öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər uşaq üçün, hər ay sabit pul məbəlğində 150 manat olmaqla, cəmi 300 manat həddində müəyyən olunması qanuni və ədalətlidir. Cavabdehin etirazları (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsində azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.14-cü bəndindəki mövqeyinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hissədə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalırını pozmuşdur. Bu səbəbdən də, qətnamə qeyd edilən hissədə əsaslı və qanuni hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə (əlavə xərclərin cavabdehdən tutulması hissədə) qanuni və əsaslıdır. Belə ki, AM-in 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. AM-in 81.2-ci maddəsinə görə maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. AM-in 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, valideynlər müəyyən hallarda əlavə xərclərin ödənilməsinə cəlb edilir. Lakin, əlavə xərclərin nədən ibarət olması, zərurəti və mövcudluğu müəyyən olunmalıdır. İddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni alimentin miqdarının artırılması tələbinin təmin olunmaması hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-12337/2016 qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə, hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul miqdarında aliment tutularaq iddiaçıya ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1857/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1857/2020 saylı qətnaməsi qismən, yəni alimentin miqdarının artırılması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)- 12337/2016 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh uşaqları - xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə, hər ay 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı xeyrinə verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar