Məhkəmə qərarları › İş №2(103)-839/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-839/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-839/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(004)-676/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 3 saylı bina, 1-ci blok, 112 saylı mənzilin alınması məqsədi ilə 126 ay müddətinə illik 12%-lə 26078,08 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 20 oktyabr 2017-ci il tarixli, S-DİPK-80 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Hazırda iddiaçı borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borcun, 10991,38 manat faiz borcunun, cəmi 29059,40 manat borcun və 177,18 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. xx.xx.2022-ci il tarixə cavabdehin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 18068,02 manat, faiz borcu 10991,38 manat,cəmi borcu 29059,40 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Hesab edirlər ki, cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğu üçün 29059,40 manat məbləğində borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2(007)- 676/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borc, 9782,74 manat faiz borcu, cəmi 27850,76 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 169,81 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7,37 manatının iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 8,3 manatı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından və 191,7 manatı Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2012-ci il tarixli HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı "xxxx" ASC Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan məlumatdan görünür ki, "xxxx" ASC dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xx.xx.2017-ci il tarixli, S-İPK-80 saylı aktla təhvil verilmiş Cavabdeh2 xx.xx.2012-ci il tarixli, № HEY İ-12/44 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 18068,02 manat əsas borc, 10991,38 manat faiz borcu olmaqla, cəmi 29059,40 manat borcu vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh2 yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/2108 nömrəli rəydən görünür ki, xx.xx.2012-ci il tarixli, HEY-İ 12/44 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19595,25 manat, faiz borcu üzrə 9782,74 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyini və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3 cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən müştərək qaydada 18068,02 manat məbləğində əsas borc və 9782,74 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 103.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə qəbul edilmişdir. İş materiallarından görünüyü kimi, iddiaçının tələbi özünün gəlir əldə etmək məqsədilə verdiyi kreditlə bağlıdır. Kredit üzrə Cavabdeh2 əsas borclu, Korporasiya isə zamin qismində çıxış edir. Əsas borclu krediti özünə mənzil almaq, yəni şəxsi istehlak məqsədilə götürsə də, zamin öz sahibkarlıq fəaliyyəti ilə əlaqədar həmin kreditə zamin durmuşdur. Korporasiyanın sözügedən kreditə zamin durmaqda məqsədi tikdiyi mənzillərin satılmasını təmin etmək və "xxxx" ASC ilə razılaşdığı əməkdaşlıq fəaliyyəti üzrə öhdəliklərini icra etməkdir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən Korporasiyaya qarşı tələb kommersiya məhkəmələrində baxılmalıdır. İş materiallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehlərdən biri kommersiya məqsədli müqavilə münasibətlərinə daxil olmuş və həmin münasibətlərdən hazırki mübahisə yaranmışdır. Bundan başqa, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsi olduğu halda işin ümumi məhkəmədə baxılması yolverilməzdir. Bundan başqa, qətnamədə göstərilən borcun məbləği şişirdilib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsaslanmış, edilmiş ödənişlərin hansı qaydada əsas borca, faiz borcuna silinməsi araşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyində də qeyd etdikləri məsələlərə aydınlıq gətirilməmişdir. Məhkəmə isə bu halı nəzərə almamış, düzgün hesablamalar aparılmadan, yalnız iddiaçının tələblərinə istinad edərək nəticəyə gəlmişdir. İş üzrə yenidən ekspertiza təyin edilməli və borc məbləği dəqiq müəyyən edilməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-839/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024- cü il tarixli, 3-16-16/2-9/885/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddianın təmin edilən – borcun tutulması hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. (əvvəlki redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. (əvvəlki redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2012-ci il tarixli HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin hallar Cavabdeh2 tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2108 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, HEY-İ12/44 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 29626,19 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19595,25 manat, faiz borcu üzrə 9782,74 manat. İkinci sual üzrə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ- 12/44 saylı kredit müqaviləsi üzrə sənədlər tam şəkildə təqdim edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş pul məbləğlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməsi və ödənişlərin əsas və faiz borclarına silinməsinin düzgün həyata keçirilməsi və faiz borcuna artıq silinmələr həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda digər cavabdeh – zamin apellyasiya şikayətində qətnamə ilə müəyyən edilmiş borcun məbləğinin şişirildilməsini qeyd etmişdir. Apellyasiya baxşı zamanı cavabdeh – zaminin dəlillərinə qiymət verilməsi məqsədi ilə həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş ekspert rəyi kifayət qədər aydın və tam olmadığından eləcə də xüsusi bilik tələb edən sualların izah ediməsi zərurəti yarandığından, hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədi ilə iş materiallarında olan hesabdan çıxarış diqqətə alınmaqla əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/885 nömrəli, 24 iyun 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlar xx.xx.2012-ci il tarixli, HEY-1-12/44 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (xəbərdarlıq məktubu göndərilən tarix) banka olan əsas və faiz borcu 27.954,07 manat məbləğində, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tərtib olunan tarix) banka olan əsas və faiz borcu 29.377,99 manat məbləğində və xx.xx.2023-cü il tarixə (qətnamənin qəbul ediyi tarix) banka olan əsas və faiz borcu 29.678,45 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 19.595,25 manat, faiz borcu üzrə 8.358.82 manat. xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 19.595,25 manat, faiz borcu üzrə 9.782,74 manat. xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 19.595,25 manat, faiz borcu üzrə 10.083,20 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı tərəf 15 noyabr 2022-ci il tarixli maliyyə arayışına istinad etməklə cavabdehlərdən müştərək qaydada müştərək qaydada 18068,02 manat əsas borcun, 10991,38 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar edilməsi barədə 07 aprel 2022-ci il tarixli bildiriş göndərilmişdir Bununla belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilərdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği məhz bildirişin (xəbərdarlıq) tarixinədək hesablanmalıdır. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq isə Cavabdeh2 xx.xx.2022-ci il tarixə (xəbərdarlıq məktubu göndərilən tarix) banka olan əsas və faiz borcu 27.954,07 manat məbləğində, o cümlədən əsas borc üzrə 19.595,25 manat, faiz borcu üzrə 8.358.82 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/885 nömrəli, 24 iyun 2024-cü il tarixli rəyinə istinad edilməlidir. Həmin rəydə cavabdehin əsas borcu 19.595,25 manat müəyyən edilsə də məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab edir ki, iddiaçı tələbində əsas borcun 18068,02 manat tutulmasını tələb etdiyindən əsas borca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olmuşdur. Lakin məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixə, yəni kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxta qədər faiz borcunu tələb edə bilərdi ki, həmin tarixə faiz borcu 8.358.82 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcu 8.358.82 manat müəyyən edilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayəti qismən əsaslı olmuşdur. Çünki cavabdeh – zamin apellyasiya şikayətində borcun məbləğinin şişirdilməsini bildirsə də bu barədə mötəbər sübutlar təqdim etməmiş, eyni zamanda həmin dəlillər ekspert rəyi ilə təkzib edilmişdir. Bundan başqa cavabdehin apellyasiya şikayətinin həm iddiaçının, həm də cavabdehlərdən birinin kommersiya məqsədli müqavilə münasibətlərinə daxil olmaqla həmin münasibətlərdən hazırki mübahisənin yaranması, bundan başqa, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsi olduğu halda işin ümümi məhkəmədə baxılması yolverilməzliyi kimi dəlillərinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, mülki qanunvericiliyinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi zaminlik müqaviləsi başqa şəxsin öhdəliklərinin icrasının təminatı üsullarından biridiri ki, bu zaman zamin öz faəliyyəti ilə bağlı müqavilə tərəfi olmur. Hazırda isə cavabdeh-borcalan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı mötəbər sübut təqdim edilməmiş, eləcə də kredit müqaviləsinin məhz cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq bağlanması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydalarının pozulmasına yol verilməmişdir. Göründüyü kimi, cavabdeh-zamin tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri faiz borcu hissəsində qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutulmalı olan faiz borcu 8.358.82 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun yarısı olan 100 manat iddiaçıdan, qalan 100 manat cavabdeh "xxxx" ASC tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(004)-676/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi – faiz borcu hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcu 8.358.82 (səkkiz min üç əlli səkkiz manat, səksən iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun yarısı olan 100 manat iddiaçıdan, qalan 100 manat cavabdeh "xxxx" ASC tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar