Məhkəmə qərarları › İş №2(103)-839/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-839/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-839/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-839/2025 (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4756/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən 2350 manat məbləğində pul vəsaitini borc alana verməyi, borc alan isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsinin xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2024-cü il tarixədək 784 manat olmaqla, həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2. 27.08.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 2350 manat borcun qaytarılması barədə xəbərdar olunmuşdur.

3. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli əlyazmada göstərilmişdir ki, iddiaçı ilə arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi imzalanmış, borc müqaviləsinə əsasən ona 2350 manat borc verilmişdir. Həmin borc hər ay 784 manat olmaqla 3 ay ərzində tərəfindən qaytarılmalı idi. Maddi vəziyyəti yaxşı olmadığından öhdəliyində olan 2350 manat pul vəsaitini ilkin olaraq 1-10 aralığından başlayaraq 3 ay müddətində ödəyəcəyinə söz verir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2350 manat məbləğində borc, məhkəmə üçün ödənilmiş 54 manat dövlət rüsumu xərci, vəkil üçün ödənilmiş 340 manat xərc və etibarnamə üçün ödənilmiş 17,25 manat xərc olmaqla, cəmi 2761,25 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə arasında 17 oktyabr 2023-cü ildə borc müqaviləsi imzalanmışdır. Həmin borc müqaviləsinə əsasən tərəfindən cavabdehə 2350 manat borc verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən borc alan xx.xx.2024-cü il tarixədək borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən xx.xx.2023-cü il tarinədək 784 manat, xx.xx.2023cü il tarixinədək 784 manat, xx.xx.2024-cü il tarinədək 782 manat borcun ödənilməsi həyata keçirilməli idi. Lakin ödəmə həyata keçirilməmiş, öhdəlik icra edilməmişdir. Cavabdeh almış olduğu pulu 17 yanvar 2024-cü il tarixinə kimi tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən borc ilə bağlı izahat verilmişdir. Belə ki, həmin izahatda göstərmişdir ki, avqust ayının 1-10 aralığından başlayaraq 3 ay ərzində aldığı 2350 manat borcu qaytaracaqdır. Lakin heç bir ödəmə etməmiş, ödəmə niyyətinin olmadığını ifadə etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 oktyabr 2024-cü il tarixli 2(004)-4756/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, Cavabdeh 2350 manat pul, hüquqi yardıma görə ödənilmiş 340 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı şəkildə xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2350 manat məbləğində pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsinin xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2024-cü il tarixədək 784 manat olmaqla, həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə olan 2350 manat məbləğində borcunu son müddət 2024-cü ilin oktyabrın 10-dək qaytaracağına təminat vermişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş borcu İddiaçı qaytarmamışdır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, o 2022-ci il may ayından 2023-cü ilin oktyabr ayınadək "xxxx"xxxx"xxxx" ASC-də baş mühasib vəzifəsində çalışır. O ailə vəziyyəti ilə əlaqədar olaraq “X2 Şirkəti” ASC-dən 2350 manat borc almış, lakin sonradan işdən ayrıldığından və başqa yerdə işləmədiyindən həmin borcu qaytarmaq imkanı olmamışdır. Lakin, o iddiaçıdan həqiqətdə borc almamışdır. Sadəcə olaraq işdən ayrılmağı ərəfəsində şirkətin həmin dövrdəki rəhbəri X3 ondan tələb etdi ki, şirkətdən aldığı borca görə şirkətin baş mühasibi İddiaçı ilə formal olaraq borc müqaviləsi bağlasın, əks halda işdən ayrılmağı ilə bağlı ona problem yaradacaq. O da çıxılmaz vəziyyətdə qalıb bunu qəbul etmişdir. Həqiqətdə İddiaçıla bağladığı borc müqaviləsi yalan əqddir. Məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

13. Cavabdeh isə Gəncə şəhərində xidməti ezamiyyətdə olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, bu barədə hər hansı sənəd təqdim etməmişdir.

14. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur.

34. Tərəflər arasında yazılı şəkildə xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2350 manat məbləğində pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür.

35. Borcun ödənilməsinin xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2023-cü il tarixədək 784 manat, xx.xx.2024-cü il tarixədək 784 manat olmaqla, həyata keçirilməsi nəzərdə tutulmuşdur.

36. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə olan 2350 manat məbləğində borcunu son müddət 2024cü ilin oktyabrın 10-dək qaytaracağına təminat vermişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş borcu İddiaçı qaytarmamışdır.

37. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır.

38. Apellyasiya şikayətində cavabdeh iddiaçıdan həqiqətdə borc almadığını, işdən ayrılmağı ərəfəsində şirkətin həmin dövrdəki rəhbəri X3 ondan baş mühasib olan iddiaçı ilə formal olaraq borc müqaviləsi bağlaması öz təsdiqini tapmır.

39. İş üzrə iddiaçının "xxxx" ASC-də işləməyi hazırda təsdiqini tapmır. İddiaçının qeyd edilən təşkilatda işləməsi belə müqavilənin yalan olması qənaətinə gəlməyə əsas vermir.

40. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilməməsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir.

41. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi 051 924-89-74 telefon nömrəsinə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə SMS-lər göndərilmişdir.

42. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

43. Cavabdeh göstərdiyi halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir, yəni cavabdeh istinad etdiyi halları sübut edə bilməmişdir.

44. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4756/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar