Məhkəmə qərarları › İş №2(103)-8390/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8390/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8390/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5502/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 Agababa ogluna, Cavabdeh3 ogluna, Cavabdeh5 ogluna, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2.302,55 manat məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ogluna İddiaçı QSC ilə 09.04.2010-cu il tarixdə bağladığı 09L000001476 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xəttti acılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.12.2014-cü il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.10.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.697,45 manat ödəmiş, onun 2.302,55 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5502/2020 saylı, 19 noyabr 2020ci tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 oglu, Cavabdeh2 Agababa oglu, Cavabdeh3 oglu, Cavabdeh5 oglu, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada 05.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.302,55 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 oglu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit xətti müqaviləsi əsasında 05.12.2014-cü ildə 24 ay müddətinə 5.000 manat ona kredit verilmişdir. Bundan sonra ödənşləri vaxtı-vaxtında ödəyirdi. Bu günə kimi onun banka heç bir məbləğdə borcu yoxdur. Lakin bank əsassız olaraq ondan bu məbləği tələb edir. Ödənişlər barədə qəbzləri var. Məhkəməyə şifahi şəkildə vəsatət verərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatətini təmin etməmiş, bununlada maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə işə birtərəfli baxmaqla mübahisənin həllinə səthi yanaşmış, bununla da obyektivsizliyə yol vermişdir. Məhkəmə qanunun tələblərini pozmuş, işi qeyri-obyektiv araşdırıb, işdəki sübutlara düzgün qiymət verməyərək birtərəfli, əsassız qətnamə çıxarmış, nəticədə isə Konstitusion hüquqları pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5502/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1 oglu, Cavabdeh2 Agababa oglu, Cavabdeh3 oglu, Cavabdeh5 oglu, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, müqaviləyə əsasən İddiaçı QSC öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448, 470 və 472-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2010-cu il tarixli, 09L********** saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 09 aprel 2020-ci il tarixədək 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 009R********** saylı kredit razılaşması müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq 2,25 faiz hesablanmaqla 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 31 iyul 2013cü il tarixli, 09S000008095 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 09 aprel 2010-cu il tarixli, 09L********** saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh5 oglu arasında bağlanmış 09 aprel 2010-cu il tarixli, 09S000002177 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 09 aprel 2010-cu il tarixli, 09L********** saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh2 Agababa oglu arasında bağlanmış 09 aprel 2010-cu il tarixli, 09S000002178 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 09 aprel 2010-cu il tarixli, 09L********** saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 06 iyul 2012ci il tarixli, 09S000005541 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 09 aprel 2010-cu il tarixli, 09L********** saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh3 oglu arasında bağlanmış 09 aprel 2010-cu il tarixli, 09S000002176 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 09 aprel 2010-cu il tarixli, 09L********** saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, 18902 saylı, 20.08.2020-ci il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh1 009R********** saylı, 05 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə 14.08.2020-ci il tarixə ümumi borcu 2.302,55 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində ödənşləri vaxtı-vaxtında ödədiyini, bu günə kimi onun banka heç bir məbləğdə borcunun olmadığını, lakin bankın əsassız olaraq ondan bu məbləği tələb etdiyini göstərsə də bunu əsaslandıran hər hansı bir mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim еtməmişdir. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh1 iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas yoxdur. Həmçinin Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən 19 noyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən iddia tələbi ilə razılaşdığını və borcu hissə-hissə ödəyə biləcəyini bildirmiş, borc məbləğini mübahisələndirməmişdir. Bu baxımdan apelyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh1 apеlyasiya şikayətində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5502/2020 saylı, 19 noyabr 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5502/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar