Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8400/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsaslı təmirə xərclənmiş pul vəsaitinin və ona hesablanmış faizin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4904/2020 saylı, 29 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsaslı təmirə xərclənmiş pul vəsaitinin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddia qaldırıb, ünvan 1 ünvanında yerləşən mənzilin əsaslı təmirinə görə xərclədiyi 17387,5 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə verib, iddiadan imtina edib, işin icraatına xitam verilməsini xahiş etmiş, məhkəmənin 30 noyabr 2020-ci il tarixli, iş №2(010)-4904/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsaslı təmirə xərclənmiş pul vəsaitinin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırılmışdır ki, məhkəmənin işin icraatına xitam verilməsi barədə qərardadını vaxtında ala bilmədiyi üçün gec tanış olmuşdur. Qərardaddan şikayət vermə müddəti 10 gün nəzərdə tutulsa da, iddi müddətini ötürmüşdür. İxtisaslı vəkilə göstərdikdən sonra, çıxarılan qərardadda ziddiyyətli və yanlış şərhlər və texniki səhvlər buraxılmışdır. Qərardad onun iradəsini ifadə etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4904/2020 saylı, 29 iyun 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4904/2020 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinin tələbinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki işin materiallarından görünür ki, işə İddiaçı iştirakı ilə baxılmış, onun ərizəsi əsasında işin icraatına 30 noyabr 2020-ci il tarixdə xitam verilmiş, qərardadın tam mətni İddiaçı poçt vasitəsilə 04.12.2020- ci il tarixdə göndərilmiş, 06.01.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etdirilməklə ona təqdim edilmişdir. Ərizəçi prosessual müddəti ötürdüyünü bildirsə də, xəstəliyi və ya digər üzrlü səbəblə ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4904/2020 saylı, 29 iyun 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8400/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8400/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver