Məhkəmə qərarları › İş №2(103)-8407/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8407/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8407/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)-1978/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli, 2(017)-970/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək 14 avqust 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli 2(017)-970/2013 saylı qətnaməsi ilə tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş 14 avqust 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 15 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş, uşağın tələbatı artmışdır. Hazırda iddiaçının aldığı alimentin məbləği dövlət tərəfindən uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan aşağıdır. Cavabdeh müəyyən gəlirə malik olsa da, uşağına başqa heç bir maddi yardım göstərməmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1978/2021 saylı mülki iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli 2(017)-970/2013 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 14 avqust 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsinin aşağıdakılara görə ləğv edilməli olduğunu hesab edir:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxt işin aidiyyat qaydalarına düzgün əməl edilməmişdir. Belə ki, alimentin artırılmasına dair iddialara iddiaçının seçməsinə görə yaşadığı rayonun ərazisində baxılması qanunda nəzərdə tutulmamışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi qəbul edildiyi vaxt onun məhkəmə prosesində iştirakı təmin olunmamışdır. Buna görə də cavabdeh öz sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi iki ədəd fotoşəkildən və vəsiqənin surətindən görünür ki, cavabdeh 2-ci qrup əlil olmaqla sağ ayağı dizdən aşağı nahiyədə amputasiya olunmuşdur. Cavabdehin heç yerdə işləmək imkanı yoxdur, hər ay 130 manat pensiya alır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 2018-ci ildə müvafiq videoçəkiliş aparmaqla birdəfəlik aliment pulu kimi iddiaçıya 9000 manat pul ödəmişdir. Həmin SD disk apellyasiya şikayətinə əlavə edilmişdir. Qeyd olunanlardan əlavə, birinci instansiya məhkəməsi alimentin tutulmasının başlanğıcı ilə bağlı düzgün olmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinad etmişdir. Belə ki, alimentin artırılmasının məhkəməyə müraciət olunduğu vaxtdan hesablanması qanunda nəzərdə tutulmamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada SMS bildiriş və sifarişli poçt vasitəsilə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1978/2021 saylı mülki iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-970/2013 saylı mülki iş üzrə 10.09.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 14 avqust 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 12 avqust 2013-cü il tarixdən başlayaraq hər ay 15 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Əliyeva Nailə Bayram qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş 11 avqust 1998-ci il təvəllüdlü X2 və 30 iyul 2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdıqlarına görə onların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan aliment kəsildiyindən, habelə aliment tutulmasına dair əvvəlki məhkəmə qətnaməsinin qəbulundan 8 il vaxt keçdiyindən, ötən ildə istehlak səbəti və 14 avqust 2006-cı il təvəllüdlü X1 ehtiyacları artdığından, 15 yaşlı uşaq üçün 15 manat məbləğində aliment onun minimal ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılması qənaətinə gəlməkdə haqlı olmuşdur. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını 175 manat müəyyən edərkən cavabdehin sağlamlıq durumunu və maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh sağ ayağı diz nahiyəsindən aşağı hissədə amputasiya olunmaqla 2-ci qrup əlildir və sağlamlıq imkanları məhduddur. Buna görə də kollegiya hesab edir ki, qətnamə dəyişdirilərək alimentin miqdarı 80 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Mülki işə baxılarkən aidiyyət qaydalarının pozulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 10.01.2021-ci il tarixli arayışa əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu ərazisində yaşadığına görə Azərbaycan Respublikası MPM-in 36.3-cü maddəsinə uyğun olaraq işə Yasamal Rayon Məhkəməsində baxılarkən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi qəbul edildiyi vaxt cavabdehin məhkəmə prosesində iştirakının təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişdən görünür ki, həmin tarixli məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanına AZEMİS vasitəsilə SMS bildiriş göndərilmiş və bildiriş cavabdehə çatmışdır. Buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya birdəfəlik aliment ödənişi kimi 9000 manat məbləğində pul verilməsi barədə şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh həmin pulu iddiaçıya birdəfəlik aliment şəklində ödəməsi, habelə aralarında aliment ödənilməsinə dair hər hansı yazılı saziş olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan (12x(175-15)=1920) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1978/2021 saylı mülki iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Ağcabədi Rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli 2(017)-970/2013 saylı qətnaməsi ilə 14 avqust 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 80 (səksən) manat məbləğində müəyyən edilsin. Alimentin bu məbləğdə tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar