Məhkəmə qərarları › İş №2(103)-841/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-841/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-841/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-279/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İKB-si Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 3659.54 ABŞ dolları əsas borc, 1884.89 ABŞ dolları faiz borcu və 8588.83 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14133.26 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11 avqust 2015-cü il tarixli kredit müqaviləsinə əsasən "İddiaçı”İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 5000 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 aprel 2018-dək Cavabdeh banka 11 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3659.54 ABŞ dolları əsas borc, 1884.89 ABŞ dolları faiz borcu və 8588.83 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 14133.26 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-279/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 3659.54 ABŞ dolları əsas, 363.00 ABŞ dolları faiz borcu və 365 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4387.54 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı İKB-nin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, “İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 7259 nömrəli rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh 11.08.2016-cı il tarixinə İddiaçı İKB ASC-yə olan borcu 5363.00 ABŞ dolları məbləğində müəyyən edilir (əsas borc üzrə 5000.00 ABŞ dolları, faiz borcu üzrə 363.00 ABŞ dolları)”. Bununla bağlı bildirilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 7259 nömrəli rəyinin 4-cü səhifəsinin 2-ci abzasıda ekspert tərəfindən qeyd olunmuşdur ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 12.06.2016-cı il tarixdən sonra 4290.00 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 12.06.2016-cı il tarixə göstərildiyindən 4290.00 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Qeyd olunanlardan aydın olur ki, məhkəmə tərəfindən ekspert qarşısında iş üçün əhəmiyyətli olan daha detallı suallar qoyulmamışdır. Belə ki, Məhkəmə ekspert qarşısında yalnız müqavilənin qüvvədə olduğu dövr üzrə borcun hesablanması sualını qoymuşdur. Lakin iş materiallarında olan bankın Hesabdan çıxarışında göründüyü kimi cavabdeh 2019-cu il tarixə qədər ödəniş etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Cavabdehin bankdan götürdüyü kredit xarici valyutada olduğu üçün Fərmanın müddəaları cavabdehin banka olan borcuna da şanil edilir. Nəticədə bankın Hesabdan çıxarışında göründüyü kimi 19 aprel 2019-cu il tarixdə 3 044,11 manat məbləğində əsas borcdan silinmə olmuşdur. Lakin ekspert qarşısında sual qoyularkən və qərar qəbul edilərkən bu hal da Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə prosesi zamanı cavabdeh ekspertiza rəyi ilə razılaşmadığını və təkrar ekspertizanın keçirilməsini şifahi olaraq məhkəməyə bildirsə də, məhkəmə vəsatətini nəzərə almamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı İKB ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2015ci il tarixli, 25-Y-1-0-172-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 28%-lə 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı İKB tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 11.08.2015-cı il tarixə kredit müqaviləsi üzrə 3659.54 ABŞ dolları əsas, 1884.89 ABŞ dolları faiz borcu, 8588.83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14133.26 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçıİKB-nin cavabdehlər Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 7259 nömrəli rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh 11.08.2016-cı il tarixinə İddiaçı İKB ASC olan borcu 5363.00 ABŞ dolları məbləğində müəyyən edilir. (əsas borc üzrə 5000.00 ABŞ dolları, faiz borcu üzrə 363.00 ABŞ dolları). Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə görə, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadəüçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutmaqla hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməklə tərəflər arasında olan müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi borc məbləğinin müəyyən edilməsi zamanı iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə kifayətlənməyərək, əsas borc və faiz borcunun hesablanması xüsusi bilik tələb etdiyindən 2(103)-8412/2020 saylı, 20.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Mülki Prosessual Məcəllənin 7.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məmhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08.04.2021-ci il tarixli ekspert rəyinə əsasən, kredit müqaviləsi üzrə əsas borc 1073.00 ABŞ dolları, faiz borcu isə 0.00 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası həm iş materiallarına, həm də ekspert rəyinə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borc məbləği hissəsində dəyişdirilərək, 1073 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, keçirilmiş eksperiza tədqiqatının mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədyindən kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyinin surəti tərəflərə göndərilməsinə baxmayaraq, tərəflər ekspert rəyinin qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini, işin hallarını və ekspert rəyini nəzərə alaraq, Cavabdeh 11 avqust 2015-cü il tarixli kredit müqaviləsi üzrə borcunun 1073 ABŞ dolları məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-279/2019 saylı, 25.11.2019-cu il tarixli qətnaməsi Cavabdeh (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) 3659.54 ABŞ dolları əsas, 363.00 ABŞ dolları faiz borcu və 365 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4387.54 dolları məbləğində pul vəsaitinin İddiaçıİKB-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 1073 (bir min yetmiş üç) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar