Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8411/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi. İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-4245/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh beş il müddətində “Sədərək” Ticarət Mərkəzində onlara məxsus mağazada satıcı işləmişdir. İşlədiyi müddətdə 1000 manat əmək haqqı almış, eyni zamanda mağazanın kassasında icazəsiz pul götürmüşdür. 2019-cu ildə mağazada təftiş aparan zaman kassadan 10000 manat pulun əskik gəldiyi müəyyən edilmişdir. Bu barədə Lamiyə özü yazılı surətdə qəbz verərək 10.000 manat pulu mağazadan mənimsədiyini bildirmişdir. Dəfələrlə pulu istəsələr də hər dəfə yaxın vaxtlarda ödəyəcəyini bildirmiş və vaxt vermələrinii xahiş etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdurlar. Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 6400 manat borcun və ödənilmiş dövlət rüsumunun 19,20 manat hissəsinin tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və ondan 1000 manat tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, onun 1000 manat əmək haqqı almasını və iddiaçılar tərəfindən onun 450 manat dəyərində telefonun alındığını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikahyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia təlbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, şikayətin məzmunundan onun yalnız iddia tələbinin təmin edilən hissəsinin mübahisələndirildiyi aydın olur. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş əl yazısından görünür ki, Cavabdeh 03.03.2020-ci il tarixdən 18.03.2021-ci il tarixinədək cəmi 10000 manat məbləğində pul vəsaitini mənimsədiyini etiraf etmişdir. İş materiallarında olan Qaradağ RPİ 10-cu PB-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfində tərtib edilmiş 02.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan müəyyən olunur ki, izahatı alınmış Cavabdeh İddiaçı2 məxsus maqazində işlədiyi zaman ərzində maqazinə məxsus olan 5900 manat nağd pulu itirdiyi üçün maqazində olan bahalı qapıları öz şəxsi maraqlarına uyğun olaraq ucuz qiymətə sataraq sonuncuya 6400 manat borcu yarandığını, özü həmin borcu olduğunu etiraf etdiyini bildirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından, müraciətdə qeyd edilmiş xüsusatlar mülkü xarakter daşıdığından, cinayət işinin başlanması rədd edilmiş və tərəflərə mülki qaydada məhkəmədə iddia qaldırmalı olduqları izah edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların cavabdehlərə qarşı tələbi borcun etirafını ehtiva edən əl yazısından irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gələrək iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur və cavabdeh apellyasiya şikayətində irəli sürdükləri əsaslı sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində 1000 manat borcunun olduğunu irəli sürsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyasiya şikayətində cavabdehin 450 manat dəyərində mobil telefonla bağlı irəli sürdüklərinə münasibətdə isə qeyd edir ki, cavabdeh bu barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək telefonun və ya onun dəyərinin ona verilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıGöstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(009)-4245/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8411/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8411/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver