Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8421/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2718/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında 26 aprel 2014-cü il tarixdə bağlanmış kredit müqavilsinə xitam verilməsi, İddiaçı əsassız tutulmuş 2000 manat məbləğində pulun Cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 26 aprel 2014-cü il tarixdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən İddiaçı tərəfindən 2015ci il tarixədək kreditin ödənilməsi fasiləsiz olaraq icra edilmişdir. 2015-ci il tarixdə manatın dollara nisbəti aşağı düşdüyündən (infilyasiya baş verdiyindən) bu ödənişlərin iddiaçının əmək haqqısına əhəmiyyətli dərəcədə təsir etdiyindən ödənişlərin aparılması dayandırılmışdır. İnfilyasiyanın kredit öhdəliklərinə restruktizasıyası tətbiq ediləndə bununla bağlı iddiaçıya bank tərəfindən məlumat verilməmişdir. İllər sonra bank heç bir xəbərdarlıq etmədən, məhkəmə qətnaməsi olmadan icra məmuru ilə əlbir olaraq əsassız və şişirdilmiş pul kütləsini iddiaçının əmək haqqısına yönəldilməsi barədə qərara gəlmişlər. Buna əsas verən amillərdən biri bəzi bankların icra işlərində icra məmurları ilə icra işinin həcminə uyğun olaraq qanunsuz 5-15% pulun alınması barədə qeyri-rəsmi rüsumlardır. Digər hal isə bankın iddiaçı ilə aralarındakı bağlanmış müqaviləsidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamsı olmadan Binəqədi İcra şöbəsinin icra məmuru qanunsuz olaraq iddiaçı barəsində icra işi başlamış və əsassız olaraq iddiaçının əmək haqqısından tutulma barədə Azərbaycan Respublikası DİN-nin Maliyyə Plan İdarəsinə məktub göndərmişlər. Hələ bu qanunsuzluqla bağlı iddiaçı 08 10.2020-ci il tarixdə şikayət ərizəsi qeyd etməklə aidiyyəti qurumlara yollamışdır. Lakin şikayətlə bağlı hər hansı bır tədbir görülməmiş, hətta iddiaçının şikayətində qeyd etdiyi xüsusatara belə cavab verilməmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2718/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 26 aprel 2014-cü il tarixdə bağlanmış kredit müqavilsinə xitam verilməsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Beləliklə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi əsassız, işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan tam təmin edilməlidir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə İddiaçı arasında bağlanmış 16.10.2014-cü il tarixli, CC/25890/45/10 saylı kredit sazişindən görünür ki, Bank illik 28% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 5500 ABŞ dolları məbləğində kredit vermişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin notariusu İlham Hüseynov tərəfindən verilmiş 28.11.2019-cu il tarixli icra qeydindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin xeyrinə 9218 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması göstərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 421-ci maddəsinə əsasn, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh ASC tərəfindən iddiaçıya kredit pul vəsaiti verilməsi və iddiaçının bank qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Göründüyü kimi iddiaçı bank qarşısında olan öhdəliklərini icra etməmişdir. Belə olan halda, müqavilənin ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmir. İcra qeydi üzrə icra hərəkətlərinin həyata keçirilməsi isə kredit müqaviləsinin ləğv edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektin mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2718/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8421/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8421/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver