Məhkəmə qərarları › İş №2(103)-843/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-843/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-843/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Günay Axundovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibələr: İddiaçı kredit verən və ipoteka saxlayan, Cavabdeh1 kedit alan, Cavabdeh2 ipoteka qoyan, digər cavabdehlər isə ipoteka predmetində (mənzildə) qeydiyyatda olan şəxslərdir. xx.xx.2015-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı cavabdehə 70.000 ABŞ dolları kredit verib. Kredit 48 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16 faiz müəyyən edilib. Cavabdeh2 məxsus olan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev № 1”a”da yerləşən 114 №-li mənzil kreditin təminatı kimi ipoteka ilə yüklü edilib (bundan sonra – mənzil). Bu barədə iddiaçı ilə mülkiyyətçinin arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanıb. Kredit müqviləsinin müddəti xx.xx.2019-cu ildə bitib. Tələb və onun həlli: Müqavilə müddəti bitdikdən 20 gün sonra - xx.xx.2019-cu il tarixdə iddia ərizəsi verilib. İddia ərizəsində tələb olunub: 1) kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan mənzilə yönəldilsin və mənzil açıq hərracda satılsın; 2) satışdan əldə edilən pul hesabına 37.800 ABŞ dolları əsas borc kimi, 3.951,61 ABŞ dolları faiz borcu kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 84 ABŞ dolları zərər (əldən çıxmış fayda) kimi, cəmi 41.835,61 ABŞ dolları iddiaçının xeyrinə tutulsun; 3) xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin ediləcəyi tarixədək əsas borc məbləğinə illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın əvəzi iddiaçının xeyrinə tutulsun; 4) ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydyyatına alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 manat ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulsun; 5) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat iddiaçının xeyrinə tutulsun: 6) ipoteka predmeti satıldıqdan sonra orada yaşayan cavabdehlər, onların ailə üzvləri və digər şəxslər ipoteka predmetini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslər ipoteka predmetindən məcburi qaydada çıxarılsınlar. İddia ərizəsi verildikdən sonra 2 dəfə - xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə iddia tələbinin həcminin aratırılması barədə ərizə verilib. İddia tələbinin həcminin artırılması barədə 1-ci ərizə ilə iddia tələbinin həcmi 3 hissədə artırılıb: 1-ci, müqavilə müddəti üçün tələb olunan faiz borcunun məbləğinə aid hissədə. Belə ki, iddia ərizəsində 3.951,61 ABŞ dolları tələb olunurdu, iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 3.951,63 ABŞ dolları tələb olunub. 2-ci, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün tələb olunan faizin məbləğinə aid hissədə. Belə ki, iddia ərizəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 84 ABŞ dolları tələb olunurdu. İddia tələbinin həcminin artırılması barədə ərizədə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 2.824,50 ABŞ dolları tələb olunub. 3-cü, ümumi borcun məbləğinə aid hissədə. Belə ki, iddia ərizəsində cəmi 41.835,61 ABŞ dolları tələb olunmuşdu. İddia tələbinin həcminin artırılması barədə ərizədə isə cəmi 44.576,13 ABŞ dolları tələb olunub. Bundan başqa, iddia ərizəsindəki 3-cü tələbdə göstərilən tarix iddia tələbinin həcminin artırılması barədə ərizədə “xx.xx.2020” tarixi ilə əvəz edilib. İddia tələbinin həcminin artırılması barədə 2-ci ərizə ilə iddia tələbinin həcmi 2 hissədə artırılıb: 1-ci, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün tələb olunan faizin məbləğinə aid hissədə. Belə ki, əvvəl xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 2.824,50 ABŞ dolları tələb olunurdu. İddia tələbinin həcminin artırılması barədə ərizədə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 4.137 ABŞ dolları tələb olunub. 2-ci, ümumi borcun məbləğinə aid hissədə. Belə ki, əvvəl cəmi 44.576,13 ABŞ dolları tələb olunurdu. İddia tələbinin həcminin artırılması barədə ərizədə isə cəmi 45.888,63 ABŞ dolları tələb olunub. Bundan başqa, iddia ərizəsindəki 3-cü tələbdə göstərilən tarix iddia tələbinin həcminin artırılması barədə ərizədə “xx.xx.2021” tarixi ilə əvəz edilib. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 37.800 ABŞ dolları, müqavilə müddətinə görə faiz borcu kimi 3.938,89 sent, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu kimi 4.137 ABŞ dolları, cəmi 45.875,89 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 manat (sözlə “on” yazılıb) Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsait iddiaçıya ödənilsin. Mənzilin ilkin satış qiyməti 103.000 manat müəyyən edilsin. Satışdan əldə edilən vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh2 ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan vəsait Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. Ekspertiza xərci olan 340 manat Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun, habelə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulsun. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Bundan əvvəl cavabdeh (kredit alan) həmin qətnamədən apellyasiya şikayəti verib, qətnaməni faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirib. Qətnamənin həmin hissəsi apellyasiya məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb, bu qətnamə isə kassasiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılıb. Cavabdehin apellyasiya şikayətində qətnamənin bir neçə hissəsi mübahisələndirilib. Mübahisələndirilən hissə ilə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci hissə: Mübahisələndirilən 1-ci hissə borcun məbləğinə aid olan hissədir. Birinci instansiya məhkəməsində icraat zamanı 2 dəfə - ilkin və təkrar mühasibat ekspertizası keçirilib. İlkin ekspertizanın rəyi, yəni xx.xx.2019-cu il tarixli, 20458 nömrəli rəy ilə müəyyən edilib ki, xx.xx.2019-cu il tarixə (iddia ərizəsində borcun hesablandığı tarixə) əsas borcun məbləği 34.398,29 ABŞ dolları, faiz borcunun məbləği 3.885,72 ABŞ dolları təşkil edir. Ekspert rəyindən görünür ki, faiz borcunun tərkibinə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5 faizlə hesablanmış faiz də daxildir. Bundan başqa, ekspert rəyində qeyd olunub ki, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi əlaqədar məlumat olmadığı üçün borcun hesablandığı tarixə kredit alana cərimə borcu hesablanmadı. Təkrar ekspertizanın rəyi, yəni xx.xx.2021-ci il tarixli, 9/5986 nömrəli rəy ilə müəyyən edilib ki, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə əsas borcun məbləği 37.800 ABŞ dolları, faiz borcunun məbləği 3.938,89 ABŞ dollar təşkil edir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 84 ABŞ dolları təşkil edir. Bu hesabla xx.xx.2019-cu il tarixə əsas borcun məbləği 37.800 ABŞ dolları, faiz borcunun məbləği 4.022,89 ABŞ dolları təşkil edir. Qətnamədə əsas borc kimi 37.800 ABŞ dolları tutulması qət edilib. Bu məbləğ iddiaçının tələb etdiyi məbləğlə eynidir. Ekspert rəyi ilə həmin məbləğin düzgün hesablandığı müəyyən edilib. İddiaçı apellyasiya şikayətində qətnamənin bu hissəsini mübahisələndirməyib. Qətnamədə müqavilə müddəti üçün faiz borcu kimi 3.938,89 sent tutulması qət edilib. Bu rəqəm iddiçının tələb etdiyi məbləğdən azdır. Belə ki, o, 3.951,63 ABŞ dolları tələb etmişdi. Ona görə də iddiaçı apellyasiya şikayətində qətnamınin həmin hissəsini mübahisələndirib, tələbin tam təmin edilməsini xahiş edib. Müəyyən olunur ki, məbləğ düzgün müəyyən edilib. Həmin məbləğ təkrar ekspertizanın rəyində müəyyən edilən məbləğdir. Lakin qətnamdə məbləğ rəqəmlər ilə qeyd edildikdən sonra “dollar” əvəzinə “sent” yazılıb. Bu yanlışlıqdır. Qətnamədəku ümumi borcun məbləği də faizin məbləğindən sonra yazılan “sent” ifadəsinin yanlış olduğunu təsdiq edir. Yanlışlığın mübahisənin mahiyyətinə aidiyyəti yoxdur. Odur ki, qətnamənin faiz borcuna aid olan hissəsi bundan əvvəl apellyasiya məhkəməsi, daha sonra kassasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılsa da həmin yanlışlıq düzəldilməlidir, yəni qətnamə “sent” ifadəsinə aid hissədə dəyişdirilərək həmin ifadə “dollar” ilə əvəz edilməlidir. Qətnamədə müqavilə müddəti bitdikdən sonrakı müddət üçün 4.137 ABŞ dolları tutulması qət olunub. Bu, iddiaçın tələb etdiyi məbləğlə eynidir. Belə ki, iddia tələbinin həcminin artırılması barədə 2-ci ərizədə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 4.137 ABŞ dolları tələb olunub. İddiaçı apellyasiya şikayətində qətnamənin bu hissəsini mübahisələndirməyib. İddia ərizəsində göstərilən 3-cü tələb - xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin ediləcəyi tarixədək əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış faizin tutulması barədə tələb qətnamə ilə rədd olunub. Apellyasiya şikayətində qətnamənin bu hissəsi mübahisələndirilib. Bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, maddədə “gecikdirilmiş vaxt” ifadəsindən istifadə olunub. Yəni tutulmalı olan məbləğ gecikdirilmiş vaxta əsasən hesablanır. Gecikdirilmiş vaxtın müəyyən edilməsi üçün əsas borcun ödənildiyi tarix bəlli olmalıdır. Lakin bu tarix bəlli olmadığına görə tutulmalı olan məbləğin qətnamədə göstərilməsi mümkün deyil. Pul vəsaitinin tutulması üçün onun məbləği qətnamədə göstərilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 222.2-ci madəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə yalnız yanlışlığa (“sent” ifadəsinə) aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 2-ci hissə: Mübahisələndirilən 2-ci hissə mənzilin boşaldılması barədə tələbin rədd edilməsinə aid olan hissədir. Birinci instansiya məhkəməsi bu tələbi ona görə rədd edib ki, mənzilin boşaldılması üçün əvvəlcə mənzil satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalı, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü boşaldılmadığı təqdirdə yeni mülkiyyətçi mənzildən məcburi qaydada çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Lakin bu mövqe yanlışdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Həmin maddədən görünür ki, “mənzilin boşaldılması” ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun tərkib hissəsidir, mənzilin boşaldılması ilə həmin prosedur başa çatır. İpoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ ipoteka saxlayana məxsus olduğuna görə o, mənzilin boşaldılmasını da tələb etmək hüququna malikdir. Bir məhkəmə icraatından sonra ikinci məhkəmə icraatının həyata keçirilməsi, yəni mənzilin hərracda almış şəxsin ipotoka qoyana və onunla birlikdə yaşayan ailə üzvlərinə və digər şəxslərə qarşı mənzildən çıxarılma barədə iddia irəli sürməsi, həmin iddiaya baxılması, qətnamə çıxarılması, qətnamədən şikayətlər verilməsi, qətnamənin qanuni qüvvəyə minməsi, qətnamənin icraya yönəldilməsi, könüllü icra üçün vaxt verilməsi, daha sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi prosessual qənaət prinsipinə uyğun deyil. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar”. Göründüyü kimi, mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə icra sənədi” kimi göstərilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və tələb təmin olunmalıdır. 3-cü hissə Mübahisələndirilən 3-cü hissə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun qaytarılmasına aid hissədir. Belə ki, iddia ərizəsində həmin rüsumun əvəzi kimi 30 manatın tutulması tələb olunub, qətnamə ilə 12 manatın tutulması qət olunub, habelə 12 rəqəmindən sonra sözlə “on” yazılıb. İddiaçı 12 manatın sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi tutulmasını tələb etsə də, qətnamədə onun ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi tutulması qət edilib. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun məbləği 30 manatdır. İddiaçı bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutulmasını tələb etsə də, qətnamədə bu məsələ həll edilməyib. Odur ki, qətnamə həmin hissədə dəyişdirilməli, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alıması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 manat cavabdeh Orxan Yusbovdan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin boşaldılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev № 1A-da yerləşən 114 №-li mənzilə tutma yönəldildikdə və o, satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 mənzili ən geci 1 ay ərzində tərk etsinlər. Həmin şəxslər göstərilən müddətdə mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, onlar mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılsınlar. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi müqavilə müddəti üçün 3.938,89 sent faiz borcunun tutulmasına aid hissədə dəyişdirilsin, faiz borcu kimi 3.938,89 (üç min doqquz yüz otuz səkkiz tam yüzdə səkdən doqquz) ABŞ dolları tutulsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzinin tutulması hissəsində dəyişdirilsin. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 (on iki) manat Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsnə görə ödənilmiş dövlət rüsumunn əvəzi kimi 15 (on beş) manat Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar