Məhkəmə qərarları › İş №2(103)-843/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-843/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-843/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı “ Bank VTB ( Azərbaycan) “ ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və sair” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə 30 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı “ Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı, 25 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 müddətin buraxılmamış hesab edilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 göstərilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı, 25 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 15240/2016 saylı, 09 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı, 25 iyul 2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 14 avqust 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(011)-15240/2016 saylı qərardadından şikayət, həmçinin qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2(011)-15240/2016 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(011)-15240/2016 saylı qərardadından İddiaçı ASC tərəfindən şikayət verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(011)- 15240/2016 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2(103)- 5732/2024 saylı qərardadı ilə iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə 25 iyul 2024-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh3 tərəfindən verilmiş müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin mümkünlüyü barədə ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, ş materiallarından müəyyən edilir ki, cavabdehin həyat yoldaşı Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Cavabdeh5 Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və bütün məhkəmə instansiyaların məktubları bu ünvana çatdırılıb və məktublar qəbul olunmuş, həm Cavabdeh5, həm də Cavabdeh3 nümayəndə və vəkilinin eyni şəxs olmuşdur. Cavabdeh3 həmin qətnamədən bu qədər uzun müddət ərzində xəbərsiz olması və hadisələrin təsadüfi gedişində belə bir qətnamənin mövcudluğunu bilməsi ilə bağlı iddialarına şübhə doğurur. Məhkəmə bütün bu halları araşdırmadan və qiymət vermədən cavabdehin müddətlə bağlı mücərrəd ərizəsini təmin etməsi ağlabatan hesab edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında mövcud olan məhkəmə qəbzində 24 noyabr 2017-ci il tarixli hansı sənədin surətinin Cavabdeh3 tərəfindən əldə edilməsi də məlum deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(011)-937/2017 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilməsi, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(011)- 937/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarda qeyd etdiyi məktubun Cavabdeh2 çatıdırılması və hər iki cavabdehin vəkilinin eyni şəxs - Nümayəndə1 olması məsələsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh3 vəkili Nümayəndə1 30 sentyabr 2024-cü il tarixli 2(103)-5732/2024 saylı qərardadında onun daha öncə digər cavabdehlərin vəkili olması faktına və bunun da dolayı yolla şikayətin mümkünsüz hesab edilməsinə əsas olmasına münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə istinad edilən məsələ ilə bağlı hər hansı məhdudiyyət olmamaqla yanaşı sözügedən apelyasiya şikayəti prosessual qaydalara riayət olunmaqla verilmişdir. Eyni zamanda vəkil bildirmişdir ki, hazırda hüquqlarını müdafiə etdiyi şəxs yalnız qətnamənin icrası mərhələsində məlumat almış, zamin olaraq ona daha öncəki mərhələlərdə hər hansı məlumat verilməmişdir. Cavabdeh2 ya bank ya icra işçisi tərəfindən zəng edilərək əmək haqqından tutmalar aparılacağı ilə bağlı məlumat verildikdən sonra o iş üzrə qətnamə qəbul edildiyini bilmişdir. Bundan sonra isə müraciət edib rəsmi şəkildə qətnaməni əldə etmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə icra işi materialları tələb edilmiş, təqdim edilmiş icra işinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, qətnamənin icrası mərhələsində tələbin könüllü icrası barədə borclulara bildiriş göndərildiyi görünsə də, Cavabdeh3 həmin bildirişi alması və ya onun barəsində hər hansı məcburi icra tədbirlərinin görülməsi işin hər hansı halı ilə müəyyən edilmir. Hətta iş materiallarından o da görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 da qətnamədən xəbərsiz olmuş, yalnız 2019-cu ildə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmişlər. Qətnamə 30 may 2019-cu il tarixdə rəsmi qaydada onların vəkili Nümayəndə1 təqdim edilmişdir. Bundan sonra həmin cavabdehlər qətnamədən şikayət vermişlər. Nəticədə yuxarıda qeyd edilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh3 qətnamədən məlumatlı olmasına dəlalət edən hər hansı hal araşdırma zamanı müəyyən edilmədiyindən, Cavabdeh3 apellyasiya şikayəti vermə müddəti buraxılmamış hesab edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 937/2017 saylı, 24 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyasına göndərilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: İddiaçı “Bank VTB ( Azərbaycan) QSC” şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-15240/2016 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 88, 133, 134.1, 134.1.5, 135.5, 135.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixində Xətai Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilmişdir. “B ank VTB (Azərbaycan)” ASC 2(011)-15240/2016 saylı mülki iş üzrə qərardadın çıxarılmasından xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemindən bildirişin daxil olması ilə bağlı məlumat daxil olmuşdur. Lakin elektron məhkəmə sistemi elə qurulub ki, köhnə işlər barədə bildiriş daxil olsa da, həmin işlər üzrə daxil olan sənədlər əks olunmur. Tərəflərindən məhkəmə ilə əlaqə saxlanıldı və 2(011)-15240/2016 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı İddiaçı ASC-yə rəsmi qaydada təqdim edilməsini məhkəmədən xahiş etdilər. Mübahisə edilən xx.xx.2024-cü il tarixli 2(011)-15240/2016 saylı qərardad xx.xx.2024-cü il tarixdə Banka daxil olmuşdur. Göründüyü kimi, 2(011)-15240/2016 saylı mülki iş 2017-ci ildən etibarən bu vaxtadək məhkəmə iclasları davam edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 yoldaşı Cavabdeh5 izahat verərək bildirdi k i , guya yoldaşı ilə əlaqəsi yoxdur və çoxdandır ki, münasibət saxlamırlar. Buna baxmayaraq rəsmi nikahları davam edir. Məhkəmə iclas zamanı bankın nümayəndəsi tərəfindən Cavabdeh5 verilən suallar qeyri müəyyən cavablandırılmışdır. Bundan əlavə vurğulamaq istəyirlər ki, necə ola bilər ki, Cavabdeh3 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün təyin olunmuş məhkəmə iclasında Vəfa xanım iştirak edir halbuki onların heç bir münasibəti yoxdur. Eyni zamanda həm Cavabdeh5, həm də Cavabdeh3 vəkili uzun müddət Nümayəndə1dur. Cavabdeh3 yoldaşı Cavabdeh5 tərəfindən məhkəmə aktlarından dəfələrlə şikayət verilib və necə ola bilər ki, Cavabdeh3 vəkili ərizədə vurğuladığı kimi onun bu məhkəmə iclaslarından xəbəri olmayıb. Qeyd edirlər ki, Cavabdeh5 ünvan 2 ünvanında qeydiyyatda olsa da məhkəmələrinin bütün qərarlarından şıkayət verilirdi. Hal-hazırda Cavabdeh3 vəkili qeyd edir ki, poçt qəbzindəki imza Cavabdeh5 şəxsiyyət vəsiqəsindən fərqlənir. Vəkilin bu sübutuna cavab olaraq bildirilir, dediyinə görə imzalar fərqli olsa da Cavabdeh5 məhkəmə dəfələrlə məhkəmə aktlardan apellyasiya və kassasiya şikayətləri verilmişdir. Üstəlik apellyatorun vəkili onun həyat yoldaşının vəkili olduğunu nəzərə alınsa Cavabdeh3 məlumatsız olması qeyri-mümkündür və açıq-aşkar hüquqdan sui-istifadə etmək məqsədi daşıyır. Göründüyü kimi, iddiaçının vəkili və nümayəndəsi tərəfindən prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair iş materiallarında heç bir əsas mövcud deyildir. Ona görə də yuxarıda qeyd olunanlara əsasən MPM-nin 133.1-ci maddəsində müəyyən olunan prosessual müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsinə dair əsas olmadığı üçün həmin maddi hüquq normasının tələbi pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:136.0.1. məhkəmənin adı və ünvanı;136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir; Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya hesab edir ki, hazırkı mərhələdə müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Kollegiya əvvəlki qərardadındakı mövqeyinin bir daha üzərində duraraq hesab edir ki, ərizəçinin məqsədi bu vasitələrlə süni şəkildə məhkəmə prosesini uzatmaqdır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: 1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. 4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə apellyasiya icraatı üzrə nəticə üzərindən yeni araşdırmanın aparılması (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və yalnız kassasiya instansiya məhkəməsi (əlavə kassasiya qaydasında baxıldıqdan sonra) tərəfindən müəyyən edilən göstərişləri əsasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə: Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Birinci instansiya məhkəməsi icraatda olan ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ilk dəfə qəbul edilmiş qərardadı nəzərə almamış, illər boyu öncə qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayətin və bu şikayətin müddətinə aid hissədə ərizəçiyə münasibətdə buraxılmamış hesab etmiş, halbuki məhkəmə sənədinin rəsmi olaraq ərizəçi tərəfindən hansı zaman alındığı və qanunvericiliklə belə ərizənin verilməsi (zəruriliyi) əsaslandırılmamışdır. Belə ki, məhkəmə kollegiyasının əvvəlki qərardadında qeyd edilmişdir ki, ilkin olaraq ümumiyyətlə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən) Cavabdeh3 tərəfindən verilmiş apellyasiyanın, habelə “müddətin buraxılmamış hesab edilməsi” barədə ərizənin mümkünlüyü müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə nəzər yetirdikdə görünür ki, ümumiyyətlə qanunvericilikdə “müddətin buraxılmamış hesab edilməsi” barədə ərizə növü yox, “ buraxılmış müddətin bərpası” haqqında ərizə növü mövcuddur. Lakin qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçı “ Bank VTB ( Azərbaycan ) ASC-nin şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15240/2016 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(011)-937/2017 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmamış hesab edilməsi barədə ərizəsi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar