Məhkəmə qərarları › İş №2(103)-844/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-844/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-844/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X11 və X6 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı1, nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X7 cavabdehlər X4 və LPO Cavabdeh2 ASC-yə qarşı “öhdəliklərin qüvvədən düşmüş hesab edilməsi, girov və ipoteka predmeti olan əşyaların, o cümlədən iki daşınmaz əmlakın yüklülükdən azad edilməsi və qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4899/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X10 cavabdehlər X4 və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ASC ilə bağlanmış, iddia ərizəsində qeyd edilən kredit müqavilələri üzrə öhdəliklərin və onlara əlavə öhdəlik sayılan girov və ipoteka öhdəliklərinin qüvvədən düşmüş hesab edilməsi, girov və ipoteka predmeti olan əşyaların, o cümlədən İddiaçı2 məxsus iki daşınmaz əmlakın yüklülükdən azad edilməsi və hazırda X2 saxlanılan aşağıdakı qiymətdə – İddiaçı1 məxsus 133.203 manat məbləğində; İddiaçı2 məxsus 28.953 manat məbləğində; X9 məxsus 331.390 manat məbləğində qızıl-zinət əşyalarının və ya onların dəyərinin Fonddan alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4899/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-4899/2019 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların 2011-2014-cü illərdə Cavabdeh2 ASC-də 42 ədəd krediti olmuşdur. Həmin kreditlərin əksər hissəsinə görə qızılzinət əşyaları, 2 kreditə görə isə daşınmaz əşyalar girov (ipoteka) qoyulmuşdur. İddianın mahiyyəti iddiaçıların Cavabdeh2 ASC qarşısında kredit öhdəliklərinin zamana görə qüvvədən düşdüyü üçün həmin kreditlərə görə girov qoyulmuş qızıl-zinət əşyalarının və daşınmaz əmlakların girovdan azad edilərək sahiblərinə qaytarılmasından ibarətdir. İddiaçı1 və digərləri məhkəməyə müraciət etməmişdən qabaq ƏSF-yə müraciət etmişdir. Fond xx.xx.2019-cu il tarixli cavab məktubunda iddiaçıların götürdükləri kreditlər, onların məbləği, müddəti, o cümlədən girovların miqdarı və qiyməti barədə ümumi məlumat vermişdir. Məhkəmə baxışı zamanı isə vəkilin vəsatəti əsasında məhkəmə kreditlər və girovlar barədə ətraflı məlumat və sənədlərin verilməsi üçün Fonda sorğu vermişdir. Lakin Fond həmin sorğulara mahiyyəti üzrə cavab verməkdən imtina etmişdir. Buna baxmayaraq əldə edilmiş Azərbaycan Kredit Bürsundan çıxarışlara əsasən iddiaçıların kredit və girov vəziyyətləri müəyyən edilmişdir. Bütün kreditlər üzrə Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin qüvvədə olma müddəti və həmin məcəllənin 373- 375-ci maddələrində göstərilən iddia müddətləri ötürülmüşdür. Nəzərə almaq lazımdır ki, çıxarışı verən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC bütün bankların üzv olduğu və kredit məlumatlarının reyestrini aparan mərkəzi qurumdur və onun arayışı bankın özünün arayışından belə mötəbər sayılır. Məhkəməyə təqdim edilmiş Baş Prokuror yanında X8 Baş İdarəsində araşdırılan cinayət işi üzrə tərtib edilmiş baxış protokolundan da görünür ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları hazırda ƏSF saxlanılır. Kreditlərin qüvvədə olma müddəti bitmişdir. Öhdəliyin icra müddəti bitdiyindən Cavabdeh2 ASC ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməli, əsas öhdəliyə xitam verildiyi üçün əlavə öhdəlik kimi girov və ipotekaya da xitam verilməli və ƏSF-də saxlanılan girovlar yüklülükdən azad edilməli və sahiblərinə qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı1 və nümayəndəsi apelyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İş üzrə digər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər işdə iştirak edən əxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını və nümayəndəsini dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, iddiaçılarla Cavabdeh2 ASC arasında 2011-2014-cü illərdə bir sıra kredit müqavilələri imzalanmış, həmin kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi üçün tərəflər arasında ipoteka və girov müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən bir sıra girov müqavilələrinin surətləri təqdim olunmuş, daha sonra apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən hər üç iddiaçı ilə bağlanmış kredit, girov və ipoteka müqavilələrinin, həmçinin məhkəmə qərarlarının təqdim edilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qərarları, həmçinin kredit, girov müqavilələrinin əksəriyyəti və bir ipoteka müqaviləsi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında məhkəmə qeyd edir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Bank arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə əsasən müqavilənin tərəflərin onu imzaladığı (vəsaitin bankın hesabından silinməsi günündən) tarixindən qüvvəyə minməsi və tərəflərin öhdəliklərinin tam icra olunana qədər (kredit və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsindən sonra) bitmiş hesab olunması müəyyən edilmişdir. Yəni iş üzrə tərəflər (iddiaçılar və bank) kredit müqavilələrində müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması şəklində hər hansı razılıq əldə etmədiklərindən iddiaçıların Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinə istinad etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddələrinə əsasən kredit, girov və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilməsini tələb etməsi əsassızdır. Göründüyü kimi, tərəflər aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən öhdəliyin icrası müddətinin borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan və bank tərəfindən məhkəməyə müraciət edilməklə qətnamə çıxarılan kredit müqavilələri üzrə kollegiya qeyd edir ki, həmin qətnamələrdən görünür ki, bank tərəfindən ümumilikdə 10 kredit müqaviləsi üzrə məhkəməyə müraciət edilmiş və 9 kredit müqaviləsi üzrə iddia tələbləri təmin edilmişdir. Həmin məhkəmə qətnamələrinin surətlərindən görünür ki, xx.xx.2013-cü il tarixli Q181/19 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində bankın iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş, nəticə olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də qeyd olunan kredit müqaviləsi üzrə borc tutulmamış, həmin müqaviləyə münasibətdə bankın iddiası təmin edilməmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2013cü il tarixli Q181/19 saylı girov müqaviləsi bağlanmışdır ki, həmin girov müqaviləsinə əsasən İddiaçı1 məxsus 8878 AZN dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında X8 Baş İdarəsinin “baxış keçirilməsi haqqında” xx.xx.2019 və xx.xx.2019-cu il tarixli protokollarında qızıl-zinət əşyalarının X3 xəzinə otağında saxlanıldığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2013-cü il tarixli Q181/19 saylı kredit müqaviləsi üzrə bankın iddia tələbi təmin edilmədiyindən xx.xx.2013-cü il tarixli Q181/19 saylı girov müqaviləsi üzrə girov qoyulan 8878 AZN dəyərində qızıl-zinət əşyaları X5 tərəfindən İddiaçı1 geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)- 4899/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli Q181/19 saylı girov müqaviləsi üzrə girov qoyulan 8878 AZN dəyərində qızıl-zinət əşyaları cavabdeh X1 alınaraq İddiaçı1 geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar