Məhkəmə qərarları › İş №2(103)-8443/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8443/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8443/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Seirab qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Seirab qızının Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun və himayəsində olan azyaşlı qızı X1 Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırıcı hissəsində fərqli hüquq münasibətlərini özündə ehtiva edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə və Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinad etmiş və iki tam fərqlənən əsaslarla iddianı rədd etmişdir. Yəni qətnamədə əvvəlcə hakim hazırkı münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməli olduğunu müəyyən edir və həmin normalara istinad edərək, mübahisə üzrə notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti olmadığını qeyd edir. Daha sonra isə, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad edərək, tərəflər arasında notarial qaydada bağlanmış razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddianın təmin olunmaması qənaətinə gəlir. Göründüyü kimi, məhkəmə iş üzrə konkret olaraq hansı qanunun tətbiq edilməli olduğunu aydınlaşdırmadan bütün normaları tətbiq etmiş, bununla da MPM-in 218.1-ci maddəsinin tələblərini pozmuşdur. İşdən görünür ki, iddiaçının qızı Selinin babası - iş üzrə Cavabdeh Ailə Məcəlləsinin 15-ci fəslində (maddə 89) müəyyən edildiyi kimi nəvəsini saxlamaq vəzifəsi olduğundan Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarındakı mövqeyinə əsasən mülkiyyətçinin ailə üzvü sayılır. Həmin uşaq da, məhkəmə qətnaməsi ilə iddiaçının himayəsində olduğundan onun cavabdehin keçmiş ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan təməl şərtlərin hər biri ödənilir. Belə ki, birincisi, mülkiyyətçi ilə birgə yaşayan şərxlərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, ikincisi isə, yaşayış sahəsinə olan ehtiyacını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. eyni zamanda məhkəmə qızı Selinə aid hissədə də iddianı təmin etməyərək, azyaşlının hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun oğlu ilə evlənərək, sözügedən mənzilə yox, ona məxsus digər yaşayış sahəsinə gəlin köçmüş və orada yaşamışdır. Oğlu ilə ailə münasibətləri pozulduqdan sonra isə, qanunsuz olaraq onun razılığı olmadan mübahisə predmeti olan mənzilə girmişdir. Odur ki, şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş dir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmalkın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, X2, Masazır kəndi, Yeni Bakı Yaşayış Kompleksi, ev 14, 28 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı, Cavabdeh gəlini olmuşdur. Belə ki, İddiaçı ilə Cavabdeh oğlu Musa Cuvarov xx.xx.2012-ci il tarixdə nikaha girmiş və bu nikahdan xx.xx.2013-cü il tarixdə Selin Cuvarova adlı qızları doğulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə nikahları pozulmuşdur. Hazırda iddiaçı, cavabdehin oğlu ilə ailə quraraq cavabdehə məxsus mübahisə predmeti olan mənzilə gəlin köçdüyünü və həmin vaxtdan hal-hazıra kimi qızı ilə birlikdə orada yaşadığını, başqa yaşayış yerinin olmadığını bildirərək, həmin mənzilə istifadə hüququnun tanınmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, iddiaçının mübahisə predmeti olan mənzilə deyil, ona məxsus başqa yaşayış sahəsinə gəlin köçdüyünü, oğlu ilə nikahları pozulduqdan sonra isə onun razılığı olmadan sözügedən mənzilə qanunsuz olaraq köçdüyünü bildirir. Kollegiya mübahisənin hüquqi həlli bağlı qeyd edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ müəyyən edilməmişdir. Belə ki, İddiaçı, Cavabdeh oğlu Musa Cuvarovla xx.xx.2012-ci il tarixdə nikaha girdiyindən və bundan sonra sözügedən mənzildə yaşadığını iddia etdiyindən mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Baxılan işdə isə İddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını Cavabdeh tələb etmək hüququ yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin tərəflər arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, İddiaçı yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Kollegiya hesab edir ki, İddiaçı mənzildən istifadə hüququ qohumluq vəziyyətinə görə müəyyən edilmədiyi üçün onun həmin mənzildə yaşaması və s. kimi hallarla bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, yəni iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ tanınması tələbi haqlı sayılmadığı halda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onun himayəsində saxlanılmış azyaşlı qızı Selin Cuvarovanın mənzilə istifadə hüququnun tanınması tələbi də əsassızdır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Odur ki, Kollegiya, apelyasiya şikayətinin rayon məhkəməsi tərəfindən tələbin hüquqi əsasının düzgün müəyyən edilmədiyi barədə dəlilləri ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsinin qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək, iddia tələbini rədd edilməsi barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə istinadı isə, baxılan mənzildən istifadə hüququnun tanınması tələbinin heç bir halda haqlı sayılmayacağını açıqlayıcı mahiyyətdə qeyd olunmaqla, məhkəmə aktının ləğv edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Seirab qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1367/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar