Məhkəmə qərarları › İş №2(103)-8447/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8447/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8447/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, Cavabdeh onun xeyrinə 229 ABŞ dolları əsas, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 649 ABŞ dolları borcun və 10 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh 299 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 304 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 5 manatın isə iddiaçının özünə aid edilməsi, cavabdehdən dövlət nəfinə 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işi mahiyyəti üzrə araşdırmaqla yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məsələnin məğzi iddiaçının bildirdiyi kimi deyil, əksinə iddiaçının cavabdehə borcu vardır. Belə ki, xx.xx.2009-cu il tarixdə iddiaçıdan Çin istehsalı olan, markası məlum olmayan telefon götürmüş, 49 ABŞ dolları ilkin ödəniş etmiş, qalan məbləği isə müqavilədə nəzərdə tutulan məbləğdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Telefon heç bir həftə işləmədən xarab olmuş, bu səbəbdən onu geri qaytarmaq istəmişdir. Lakin şirkətin işçiləri telefonu təmir edərək, yenidən ona qaytarmış və bildirmişlər ki, bir daha xarab olmayacaq. 2 həftədən sonra isə telefon yenidən xarab olduğundan, şirkətə gələrək telefonu qaytarmaq istədiyini bildirmiş və ödədiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Şirkətin işçiləri pulu qaytaracaqlarına söz versələr də, təəssüf ki, cavabdeh pulu geri ala bilməmiş, bir neçə gün sonra həbsə düşmüş və bu səbəbdən də işin axasınca gedə bilməmişdir. Bundan sonra şirkət saxta müqavilə tərtib edərək, imzasını saxtalaşdırmaqla onu məhkməyə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2009cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC satış qiyməti 348 ABŞ dolları olan “Nokia 2 sim kart Vertu” markalı 1 ədəd mobil telefonu Cavabdeh nisyə satmağı, cavabdeh isə alınmış malın dəyərini ilkin ödəniş 49 ABŞ dolları, 3 ay ərzində iki ay 99 ABŞ dolları, 1 ay isə 101 ABŞ dolları olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək malı cavabdehə təhvil vermiş, cavabdeh isə öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və tələbdə göstərilən məbləğdə əsas borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən aldığı əşyanın dəyərini razılaşdırılmış müddətlərdə ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, Mülki Məcəlləsinin 567.1-ci və 597.1-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Cavabdeh, apelyasiya şikayətində əslində Çin istehsalı olan başqa telefon aldığını və lakin həmin telefon xarab olduğundan onu iddiaçıya geri qaytardığını, iddiaçı tərəfindən isə sonradan onun imzası saxtalaşdırılmaqla yeni müqavilə tərtib edildiyini bildirsə də, Kollegiya həmin dəlilləri əsaslı saymır. Ona görə ki, cavabdeh istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, cavabdeh, birinci instansiya məhkəməsində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında işə baxan hakimin sualına cavab olaraq bildirmişdir ki, sənədlərdəki imzalar ona məxsusdur. Beləliklə, qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3735/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar