Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-845/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(001)- 2262/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15213,36 ABŞ dolları məbləğində əsas borc, 1646,38 ABŞ dolları məbləğində faiz borcu, 2370,78 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19230,52 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli 14E**********07 saylı müqaviləyə əsasən cavabdehə “X3 Cart Debit” növlü kart hesabı açılmış və 14 sentyabr 2017-ci il tarixdə həmin kart cavabdehə təhvil verilmişdir. 2020-ci ilin avqust ayında həmin kart vasitəsilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 15213,36 ABŞ dolları təşkil edir. Cavabdeh bank qarşısında öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün overdraft nəticəsində yaranmış borcun məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(001)- 2262/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15213,36 ABŞ dolları məbləğində əsas borc, 1550,84 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 17064,2 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı Bank arasında 11 sentyabr 2017-ci il tarixdə kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. O, 2018-ci ilin avqust ayında xarici ölkədə olarkən alış-veriş zamanı kart hesabından ödəniş aparmaq istəmiş, lakin kart hesabından məbləğin satıcı şirkətin hesabına köçürülməsi baş tutmadığı üçün ödəniş nağd olaraq icra edilmişdir. O, 5000 avro və 5000 ABŞ dolları məbləğində pulun hesabından silinməsi ilə əlaqədar iddiaçı Bankın Xaqani filialına müraciət etmiş, ona məsələnin həll edilməsi və pul vəsaitinin geri qaytarılmasına dair vəd verilmişdir. Lakin sonradan ona həmin məbləğin satıcı şirkətin hesabına köçürüldüyü barədə məlumat verilsə də, satıcı şirkətlə əlaqə saxlayarkən şirkətin hesabına heç bir vəsait daxil olmadığı bildirilmişdir. Həmçinin qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi olmasa da, birinci instansiya məhkəməsi qətnaməni bütövlükdə kredit münasibətlərinə istinad edərək qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması, iş üzrə məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumatlandırılmamasını əsas gətirərək hesab edir ki, iddia tələbi əsassızdır və qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(001)-2262/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 11 sentyabr 2017-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 14E**********07 saylı müqaviləyə əsasən cavabdehə “X3 Cart Debit” növlü kart hesabı açılmış və 14 sentyabr 2017-ci il tarixdə həmin kart cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 19 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 15213,36 ABŞ dolları məbləğində əsas borc, 1646,38 ABŞ dolları məbləğində faiz borcu, 2370,78 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19230,52 ABŞ dolları borcu qalmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, 16 dekabr 2020-ci il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək, overdraft nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 27 may 2021-ci il tarixli 9/2607 nömrəli ekspert rəyindən görünür ki, 11 sentyabr 2017-ci il tarixli 14E**********07 nömrəli kredit müqaviləsi üzrə 17 yanvar 2021-ci il tarixə Cavabdeh İddiaçı QSC-yə 15213,36 ABŞ dolları məbləğində əsas borcu, 1550,84 ABŞ dolları məbləğində faiz borcu, cəmi 16764,20 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində 2020-ci ilin avqust ayında iddiaçı bank tərəfindən cavabdehin kart hesabına 15213,36 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Cavabdeh iddia ərizəsinə yazılı etirazda və apellyasiya şikayətində 2018-ci ilin avqust ayında xarici ölkədə səfərdə olarkən kart hesabından 5000 avro və 5000 ABŞ dolları məbləğində pul çıxarılmasını aşkar etdiyini, bu barədə həmin dövrdə bankın Xaqani filialının direktoruna müraciət etdiyini, filial direktoru məsələni həll edəcəyini və vəsaitin geri qaytarılacağını vəd etdiyini, lakin problemin həll olunmadığını, sonradan 2020-ci ilin avqust ayında onun kart hesabına pul vəsaiti daxil olanda həmin vəsaitin 2018-ci ilin avqust ayında onun hesabından çıxarılmış vəsait olduğunu zənn etdiyini bildirsə də, onun kart hesabından pul vəsaitlərinin qanunsuz çıxarılması barədə bank rəhbərliyinə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi, müraciət etmişsə, müraciətin nəticəsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, onunla bank arasında bağlanmış müqaviləyə əsasən onun kart hesabına hər hansı məbləğdə pul vəsaitinin verilməsinə dair heç bir razılaşma olmamışdır. Şikayətin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, texniki overdraftın mahiyyəti məhz tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. Kollegiya həmçinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, iş materiallarında olan sms bildirişlərdən və xəbərnaməli bildirişlərdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, hətta iddia ərizəsinə yazılı etiraz vermişdir. Nəhayət, tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olması barədə birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməməsi barədə şikayətin dəlili ilə bağlı kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” olmaqla tərəflər arasında məhz kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında mübahisəni kredit müqaviləsindən irəli gələn mübahisə kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(001)- 2262/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-845/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-845/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver