Məhkəmə qərarları › İş №2(103)-845/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-845/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-845/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcalan kimi aparılmış qeydin ləğv olunması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcalan kimi aparılmış qeydin ləğv olunması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2159/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-755/2010 nömrəli qətnaməsinə əsasən İddiaçı və X6 müştərək qaydada 96653,37 ABŞ dolları əsas borc, 12130,74 ABŞ dolları faiz borcu, 1569,98 ABŞ dolları dəbbə pulu, cəmi 110354,09 ABŞ dollarının ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tələbin girov qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “Nikoyl” X2 ödənilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzildən çıxarılması qət olunmuşdur.

2. 27.04.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı "xxxx" ASC tərəfindən 13 mart 2008-ci il tarixdə 18 faizlə 132 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-755/2010 saylı qətnaməsi üzrə İddiaçı ümumi borcu 33669,39 ABŞ dolları təşkil edir.

3. Cavabdeh tərəfindən Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli KBD7822 saylı məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)- 755/2010 saylı icra sənədinin icrası məqsədi ilə tələb yönəlmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 9 nömrəli evin, 78 nömrəli mənzili xx.xx.2011-ci il tarixdə hərrac yolu ilə satılmış, lakin icra vərəqəsi tam icra olunmamışdır və xx.xx.2022-ci il tarixə olan borc 33669,39 ABŞ dolları təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx/xx/2010-cu il tarixli, 2(011)-755/2010 saylı icra sənədinin tam icra olunmasından ötrü icra tədbirlərinin görülməsi, borcların aylıq gəlirlərinə yönəltmə edildiyi təqdirdə məktuba əlavə olunan rekvizitdən istifadə edilməsi və görülmüş icra tədbirləri barədə Cavabdeh ASC-yə məlumat verilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir.

4. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-755/2010 nömrəli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin Mərkəzi Reyestrində qeyd edilmiş məlumatların reyestrdən silinməsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi, habelə borcun olmamasına dair müvafiq arayışın verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla “Nikoyl” X5 arasında bağlanılmış 11 mart 2008-ci il tarixli 4FRBB (İ) 08 nömrəli kredit müqaviləsi üzrə ona 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə verilmişdir. Tərəflər arasında bağlanılmış eyni tarixli ipoteka müqaviləsinə əsasən sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Bundan sonra tərəfindən ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmiş, gecikmələr yarandığı üçün Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-755/2010 saylı 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, o və X6 müştərək qaydada 96653,37 ABŞ dolları əsas borcun, 12130,74 ABŞ dolları faiz borcunun, 1569,98 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 110354,09 ABŞ dolları borcun ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tutmanın girov qoyulmuş Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi 9 nömrəli ev 78 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə borc tam qaydada icra edilmiş və həmçinin girov qoyulmuş əmlak bank tərəfindən realizə edilmişdir. Öhdəliklər icra edildiyi üçün 25 iyun 2010-cu il tarixində icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə qaytarılmışdır. Məhkəmə qətnaməsi tam şəkildə icra edilmiş və hətta bundan sonra iş üzrə müxtəlif banklardan kreditlər götürmüşdür. Borcun olmaması Mərkəzləşdirilmiş kredit Reyestrindən 05 noyabr 2015-ci il tarixli, 21 avqust 2017-ci il tarixli və 12 noyabr 2018-ci il tarixli çıxarışlardan da aşkar şəkildə görünür. Həmin çıxarışlarda sözügedən öhdəlik tam icra edildiyi üçün kreditin statusu bağlı kimi göstərilmişdir. Buna baxmayaraq, 14 il keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları ona zəng vuraraq külli miqdarda kredit borcunun olduğunu bildirmişlər və ödəməyi tələb etmişlər. Halbuki, bank qarşısında heç bir öhdəliyi mövcud deyildir və öhdəlik tam şəkildə icra edilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2022-ci il tarixli 2(004)-2159/2022 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəməyə icra sənədi üzrə borcun tam ödənilməsinə dair heç bir sübut təqdim olunmamışdır. Tələbkar icra sənədi tam icra olunmadığına görə yenidən icraya yönəldilməsini xahiş etmişdir. İcra sənədi üzrə borc tam ödənilmədiyindən hazırki iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 443.5, “İcra Haqqında” Qanunun 23.1, 23.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, öhdəlik icra edildiyi üçün öhdəliyə xitam verilməlidir. Cavabdeh tərəfindən sözügedən Qaydaların tələbləri pozulmuş və balansdan silinmiş aktivlərin uçotu qaydalarına riayət edilməmişdir. Cavabdeh 11 il ərzində reyestrə düzgün məlumat daxil etsə də, 2022-ci ildə yalnış məlumat daxil etməklə mövcud Qanunun tələblərini pozmuşdur. Cavabdeh düzgün olmayan məlumatlar təqdim etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

“İcra Haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda.

20. Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.

Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-755/2010 nömrəli qətnaməsi ilə İddiaçı və X6 müştərək qaydada 96653,37 ABŞ dolları əsas borc, 12130,74 ABŞ dolları faiz borcu, 1569,98 ABŞ dolları dəbbə pulu, cəmi 110354,09 ABŞ dolları ödəniş gününə məzənnə ilə manatla “Nikoyl” X1 xeyrinə tutulması, tələbin girov qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “Nikoyl” X2 ödənilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 9 nömrəli evin 78 nömrəli mənzildən çıxarılması qət olunmuşdur.

31. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

32. Kollegiyanın sorğusuna əsasən Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən həmin icra işinin təsdiq olunmuş surəti götürülmüşdür.

33. İcra işindən müəyyən edilir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli məktubu ilə qətnamə və İddiaçı barəsində icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2010-cu il tarixli “icraata başlamaq haqqında” qərarla icraata başlanılmış və “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Lakin, tələbkar xx.xx.2010-cu il tarixli ərizə ilə İcra şöbəsinə müraciət edərək, “Məhkəmə Qərarlarının İcrası haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini məhkəməyə qaytarmağı xahiş edərək göstərmişdir ki, qətnamə elan olunduqdan sonra İddiaçı tərəfindən kredit müqaviləsinə əsasən gecikdirilmiş borc məbləği banka ödənilmiş və qalan məbləğin ödənilməsi tərəflər arasında bağlanılmış “Kredit müqaviləsinin” şərtlərinə uyğun olaraq tərtib edilmiş “Ödəniş qrafikinə” uyğunlaşdırılmışdır. Bu günkü günə İddiaçı və X8 banka gecikdirilmiş borcu yoxdur və onlar tərəfindən “Ödəniş qrafikinə” əsasən kredit borcu vaxtı-vaxtında ödənilir. İcra məmurunun “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ilə icra sənədi “Məhkəmə Qərarlarının İcrası haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır.

34. Cavabdeh tərəfindən təqdim edilmiş məlumatda göstərilmişdir ki, icra sənədi geri qaytarıldıqdan sonra əldə olunmuş razılıq əsasında hazırki iş üzrə iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə Banka 67230 ABŞ dolları məbləğində borc ödənilmiş, bununla bağlı ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə razılıq əldə olunmuşdur. Bununla əlaqədar olaraq ipoteka predmeti olan mənzilin yüklülükdən azad edilməsi barədə müvafiq tədbirlər görülmüş və xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat kontorunda satıcı-İddiaçı tərəfindən mənzil alıcı – X7 satılmışdır. Təqdim edilmiş hesabdan çıxarışda kassada ödənilən pulun “hərracdan alınması” kimi göstərilməsi həmin pulun köçürülməsi şərti ilə mənzilin satışına icazə verilməsi ilə bağlı olmuşdur.

35. Xətai rayon İcra şöbəsindən sorğuya cavab əsasında göndərilmiş icra işindən isə görünür ki, Bank xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixli icra sənədinin tam icra olunmasından ötrü icra tədbirlərinin görülməsi, borcluların aylıq gəlirlərinə yönəltmə edildiyi təqdirdə məktuba əlavə olunan rekvizitdən istifadə edilməsi və görülmüş icra tədbirləri barədə Cavabdeh ASC-yə məlumat verilməsini xahiş etmiş və göstərmişdir ki, icra sənədinin icrası məqsədi ilə tələb yönəlmiş mənzil xx.xx.2011-ci il tarixdə hərrac yolu ilə satılmış, lakin icra vərəqəsi tam icra olunmamış və xx.xx.2022-ci il tarixə olan borc 33669,39 ABŞ dolları təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə icra vərəqəsi icra olunması üçün təkrarən göndərilmiş və xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarla icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

36. Həmçinin, işdə olan hesabdan çıxarışdan müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2010-xx.xx.2010-cu il tarixləri aralığında əlavə olaraq banka ümumilikdə 9.454,7 ABŞ dolları məbləğində kredit borcu ödənilmişdir.

37. Göründüyü kimi məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş, daha sonra tərəflər arasında razılıq əldə olunduğuna görə tələbkarın ərizəsi əsasında icra sənədi məhkəməyə qaytarılmış, borclu tərəfindən 76.648,7 (9.454,7+67230) ABŞ dolları məbləğində ödəniş aparılmış, mənzil ipoteka yüklülüyündən azad edilmiş, borclu tərəfindən satılmışdır. Bundan sonra qalıq qalmış 33669,39 ABŞ dolları borc məbləğinin ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmiş, tələbkarın ərizəsi əsasında icra sənədi təkrarən icraya yönəldilmiş və icra sənədi üzrə icraata başlanılmışdır.

38. Hazırki tələbində iddiaçı borcun olmamasının müəyyən edilməsini tələb etməklə, bildirir ki, qalan borc məbləği ilə bağlı bankla aralarında olan razılaşmaya görə həmin borc bank tərəfindən bağışlanılmış (silinmiş, güzəşt edilmiş) və onun banka hər hansı borcu qalmamışdır. Bu hal Mərkəzləşdirilmiş kredit Reyestrindən çıxarışlar ilə də müəyyən edilmişdir.

39. İddiaçı borcunun olmadığını, qalan borcun bağışlandığını iddia etsə də, bununla bağı (bankla aralarında borc məbləği ilə bağlı hər hansı razılaşmanı) hər hansı sübut təqdim etməmiş, işin müəyyən edilmiş halları ilə isə belə bir hal müəyyən edilmiş, əksinə qalıq borc məbləği ödənilmədiyindən bank yenidən icra sənədinin icrası ilə bağlı məhkəməyə müraciət etmişdir.

40. Göründüyü kimi borc məbləğindən 33669,39 ABŞ dolları ödənilməmiş qalmışdır. İddiaçı özü də həmin borcu ödəmədəyini bildirmiş, o, borcun bankla olan razılaşma ilə bağışlandığını iddia etmiş, iddia etdiyi bu halı isə sübuta yetirə bilməmişdir.

41. Belə olan halda bank haqlı olaraq qətnamə ilə tutulmalı olan qalıq borc məbləğini tələb etmişdir.

42. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlərə dair 551-ci madddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

43. İddiaçının tələbi əsassız olmuşdur.

44. Beləliklə, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuş, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, düzgün olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2159/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar