Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8450/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin (ləğv prosessindədir) Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələblərinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC (ləğv prosessindədir) Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (ləğv prosessindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ********* saylı suda hesablı kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə cavabdehdən 395,11 manat məbləğində əsas borc, 418,74 manat məbləğində cərimə, 64,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin (ləğv prosessindədir) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmə iclasında onun iştirakının təmin edilməməsi və borc məbləğlərinin düzgün hesablanmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı iddia ərizəsinin imzalanmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Adı çəkilən Məcəllənin 391-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı “xxxx” ASC-yə (ləğv prosessindədir) ümumi əsaslarla yenidən iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı “xxxx” ASC-nin (ləğv prosessindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8450/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8450/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver