Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8459/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1966/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1966/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-519/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artılrılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə xx xxx 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Mülki işin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, rayon məhkəməsi tərəfindən hazırkı qətnamə icraya yönəldilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 234.1-ci maddəsinin tələbinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Bundan sonra məhkəmənin xx.xx.2020-ci il tarixli göstəriş-məktubu ilə hazırkı qətnamə icraya yönəldilməsi məqsədilə mülki işin materialları qanunun göstərilən tələbinə əməl edilməsi məqsədilə rayon məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdə mülki iş materialları göstərilən tələbə əməl edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, müşayiət məktubunda rayon məhkəməsinin qətnaməsinin alimentin məbləğinin artırılması ilə bağlı olduğundan, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra olunacağı göstərilmişdir. Məktubda “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə istinad edilmişdir. Həmin bənddə qeyd olunur ki, “...məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Kollegiya bununla bağlı qeyd edir ki, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası xx.xx.2010-cu il tarixli Konstitusiya Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahları məhkəmələr üçün tövsiyə xarakteri daşıyır. Azərbaycan Respublikası MPM-nin 234.1-ci maddəsinin tələbinin(...şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir) icrası isə məcburidir. Belə ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır (MPM, m.3.1). Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur (MPM, m.3.2). Bundan əlavə, Kollegiya qeyd edir ki, hazırkı iddia tələbi uşağın artan ehtiyaclarının ödənilməsi, onun saxlanılması üçün əvvəlki vəsaitin yetərli olmaması səbəbindən verilmişdir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, Kollegiya, mülki işin materiallarını araşdırıb belə hesab edir ki, alimentin artırılması barədə qətnamə icraya yönəldilmədiyindən mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş qətnamənin icraya yönəldilməsi üçün Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinəəsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366, 400, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1966/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və qətnamə icraya yönəldilməsi üçün üçün mülki iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8459/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8459/2020
04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver