Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8459/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X8 və X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)-420/2021 saylı qətnaməsindən cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 2380 (iki min üç yüz səksən) manat 10 (on) qəpik alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Sakini olduğu çoxmərtəbəli yaşayış binasının həyətində 1 ədəd köküstə yaş ağacın gövdəsinin əyilərək aşma təhlükəsi yaradırdı. Həmin ağacın mövcudluğu həm həyətdə gəzərək dolaşan uşaqların həyatı üçün təhlükə yaradırdı, həmçinin ağacın ətrafında park edilən nəqliyyat vasitələrinin salamatlığını risk altına qoyurdu. Habelə həyətdə olan 2-ci ağac da var idi ki, həmin ağac vaxtilə yarıya qədər budanmışdı və həmin hissədə xeyli miqdarda həşərat yığılmışdı və gövdədən budaqların böyüyərək 27-ci mənzilə daxil olması həmin mənzilin texniki təhlükəsizliyi üçün ciddi problem yaradırdı. Hər iki ağacın kəsilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmişdir. Müraciətə ətrafda yaşayan qonşuların böyük əksəriyyəti imza etdikdən sonra həmin məktubu rəsmi qaydada Bakı şəhər İcra Hakimiyyətinə göndərmişlər. Görünür onların müraciəti sonradan aidiyyəti üzrə X3 göndərildiyindən, bir müddət sonra həmin qurumun əməkdaşları əraziyə gələrək şikayətdə qeyd edilən 2-ci ağacın budaq çətirlərinin onun pəncərəsinə toxunan hissələrini budamış, lakin 1-ci ağacla bağlı, yəni əsas aşma təhlükəsi yaradan ağacın kəsilməsi ilə əlaqədar heç bir tədbir görməmişlər. O, həmin əməkdaşlara irad bildirərək niyə yalnız bir ağacı budadıqlarını, əsas aşma təhlükəsi yaradan ikinci ağacı kəsmədiklərini deyəndə əməkdaş ona söyləyib ki, Dövlət Ekspertiza İdarəsi yalnız bir ağacın budanması ilə bağlı rəy verib, ikinci ağacın kəsilməsinə ehtiyac görməyib, ümumiyyətlə bu məsələyə münasibət bildirməyib. O, adətən mülkiyyətində olduğu ** TE *** dövlət qeydiyyat nişanlı, həmin ağacın yanında park edirdi. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sözügedən ağacların 1 -ni budayıb getdikəri gündən bir müddət sonra 04 iyun 2020-ci il tarixdə həmin kəsilməmiş qalan ağac aşmış və ona məxsus nəqliyyat vasitəsinin üzərinə düşərək əmlakına xeyli miqdarda zərər vurulması ilə nəticələnən hadisə baş verdi. Nəqliyyat vasitəsinə dəymiş ziyanı hesablanarkən məlum oldu ki, maşının təmir-bərpa xərcləri 2380 manat 10 qəpik təşkil edir.Aşağıda qeyd etdiyi maddi hüquq normalarına əsasən, hesab edir ki, Cavabdehndən 2380 manat 10 qəpik tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)- 420/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1447 manat maddi ziyan (min dörd yüz qırx yeddi) və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 100 manatın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya birbaşa zərərin vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olmasını təsdiq edən subutlar məhkəməyə təqdim edilmişdir. Mülki işin materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanda yerləşən 04 iyun 2020-ci il tarixində iddiaçıya məxsus olan 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil üstünə yaşadığı həyətdə sərv ağacı sınaraq düşmüş maşınının dam və digər ehtiyat hissələri sıradan çıxmışdır. İddiaçı həmin ağacın budanması ilə bağlı dəfələrlə müvafiq orqanlara müraicət etsə də, onun müraciəti qismən yerinə yetirilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının avtomobili zədələndiyindən, iddiaçıya dəymiş zərər Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindan iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096, 1097.1, 1115-ci maddələrinin, “Yaşıllıqların götürülməsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 saylı Qərarının tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi üzrə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi təqsirkar deyildir. Çünki mövcud qanunvericiliyin tələblərinə əsasən Birlik ağacların götürülməsində qərar verən orqan olmamaqla, mövcud olan prosedur qaydalarına əsasən aidiyyəti dövlət orqanlarının müvafiq icazəsindən sonra yalnız qəbul edilmiş qərarları icra edən orqandır. “Yaşıllıqların götürülməsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 saylı Qərarına əsasən müvafiq rəy olmadan ağacın götürülməsi yerinə yetirilə bilməzdi. Məhkəmə kollegiyasının iclasında iş üzrə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)-420/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında apelyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)-420/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X8 və X9 izahatlarında torpaq sahəsi kimin mülkiyyətində, istifadəsində və balansındadırsa, baş vermiş hadisəyə görə də həmin təşkilatın cavabdehlik daşıdığını bildirərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini mülki işin materialları və tərəflərin izahatları ilə əlaqəli yoxlayıb, qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyənləşdirmədiyindən, mübahisənin həlli üçün maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, qətnamə qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də apelyasiya şikayəti təmin edilib, qətnamə ləğv edilməli və işdəki sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kollegiya iş materiallarında olan sübutlarla müəyyən edir ki, mülki işin materiallarında olan foto-şəkillərdən görünür ki, 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qara rəngli Mazda 6 markalı avtomobilin üzərinə ağac aşmışdır. İş materiallarında olan "xxxx" MMC-nin MZ-51841 saylı qüsur aktından görünür ki, 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2380 manat 10 qəpik zərər dəymişdir. İş materiallarında olan pretenziya məktubəndan görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı Mazda 6 markalı avtomobilinə dəymiş 2380 manat 10 qəpik ziyanın ödənilməsini xahiş etmiş, əks halda 3 gün ərzində aidiyyəti məhkəmə instansiyasına müraicət edəcəyini xəbərdarlıq etmişdir. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən binanın qarşısında olan 1-ədəd sərv ağacının budaq çətirlətinin binanın mənzillərinin pəncərələrinə toxunan hissəsi budanaraq təhlükəsiz vəziyyətə gətirilmişdir. Nərimanov Rayon Bələdiyyəsinin Bakı şəhəri İcra Hakimiyyətinin X3 ünvanladığı 26.07.2019-cu il tarixli məktubundan görünür ki, X4 Rayonu ərazisində bir çox ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan ağacların budanması ilə əlaqədar Sosial inkişaf və xidmət şöbəsinin mütəxəssisləri tərəfindən siyahıda qeyd olunan küçələrə baxış keçirərək təhlükəli və qəzalı durumda olan ağacların budanmasına ehtiyac oduğunu müəyyən etmişdir .Nərimanov Bələdiyyəsi ETSN-nin 22/1780 saylı 03.07.2019-cu si tarixli rəyinə əsasən siyahıda qeyd olunan ünvanlarda yerləşən ağaclarn budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi xahiş edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 görünür ki, Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövqe yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir.(2.1) Birlik bu təşkilatların vasitəsi ilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əıııək, material və maliyyə vəsaitlərindən səmərəli istifadəni təmin edir.(2.3) Şəhərin abadlaşdırılması. sanitar vəziyyətinin qorunmasının qayğısına qalır, ayrıayrı fiziki və hüquqi şəxslər tərəfindən şəhərin estetik görünüşünün, parkların, bağların, yaşıllıqların korlanmasının qarsı sını öz səlahiyyətləri çərçivəsində alır və ya digər səlahiyyətli orqanlar qarşısında məsələ qaldırır.(2.7) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə iş üzrə İddiaçı və qeyrilərinin 21.08.2019-cu il tarixli müraciətlərindən görünür ki, ünvan 4 ünvanındakı binanın önündə olan ağac mənzillərin texniki təhlükəsizliyi üçün ciddi problem yaratmaqdadır. Belə ki, ağacın budaqlarının böyüyərək mənzillərə daxil olması, küləkli havada ağacın dəfələrlə pəncərəyə çırpılaraq şüşələri sındırması və eləcə də həmin ağacın üzərində olan çoxsaylı həşəratların mənzilə daxil olması sakinlərin yaşayışını çətinləşdirir, problemləri nəzərə alaraq həmin ağacın köçürülməsi haqqında rəy verməyi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2021-ci il tarixli 9/507 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 11.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1447 manat müəyyən edilmişdir. Apelyasiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 Agentliyinin 21 oktyabr 2021-ci il tarixli, 22/3040№-li cavab məktubunda göstərilmişdir ki, “......Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli, 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən yaşıllıqların uçotu istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında, mdb formatında təsdiq edilmiş, respublikanın şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr nəzərə alınmaqla aparılır. Bu Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi kağız və elektron daşıyıcılarda daxil olan uçot hesabatların yaratdığı yaşıllıqların kadastrının məlumat bazasında toplayaraq Respublika üzrə ümumiləşdirir və rəsmi internet səhifəsində yerləşdirir. Həmçinin qeyd edilir ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli, 957-İV Q nömrəli Qanununun 8-ci maddəsində “yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” qeyd edilmiş, həmin Qanunun 8.1-ci bəndinə əsasən isə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsinin (9.0.3-cü yarımbəndində əsasən yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi) bələdiyyələrin vəzifələrinə aid olduğu bildirilmişdir. ” Apelyasiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 Agentliyinin 24 sentyabr 2021-ci il tarixli, 22/2715№-li cavab məktubunda göstərilmişdir ki, “.......ünvan 4 ünvanında yerləşən binanın 27, 28, 22, 23 və 13 nömrəli mənzillərində yaşayan sakinləri keçmiş Dövlət Ekspertiza İdarəsinə ünvanladıqları 2019-cu il 21 avqust tarixli müraciətlərində qeyd olunan binanın önündə olan ağacın mənzillərin texniki təhlükəsizliyinə və mənzillərə təhlükə yaratığını qeyd etmişlər. Müraciətlə əlaqədar keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı göstərilən ünvanda yerləşən binanın qarşısında olan sərv ağacının budaq çətirlərinin binanın mənzilərinin pəncərələrinə toxunaraq təhlükə yaratması müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar Dövlət Ekspertiza İdarəsi tərəfindən 2019-cu il 09 sentyabr tarixində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə sərv ağacının binanın pəncərələrinə toxunan budaqlarının budanaraq təhlükəsiz vəziyyətə gətirlməsi barədə göstəriş verilmişdir. 2019-cu il 21 avqust tarixli müraciətdə başqa ağacdan bəhs edilmədiyi üçün müvafiq olaraq qeyd olunan sərv ağacının budaqlarının budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi barədə rəy verilmişdir.” Apelyasiya məhkəməsinin sorğusuna Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin 16 noyabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “........Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 №-li qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qayda”sının 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Eyni zamanda, həmin Qaydaların tələblərinə uyğun olaraq fiziki və hüquqi şəxslər müvafiq hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Bu məsələ ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) və Bakı şəhəri Nərimanov Bələdiyyəsinə ünvanlanmış olan 05 oktyabr 2021-ci il tarixli məktub Nərimanov RİH-ə münasibətdə məlumat xarakterli olduğundan və Nərimanov RİH-ə hər hansı bir aidiyyəti olmadığından müvafiq məlumatın isə verilməsi Nərimanov Bələdiyyəsinə aid olduğundan, həmin məktub işə tikilmişdir. Hazırki iş üzrə mübahisə predmeti barədə iddia tərəfinin, eləcə də, digər şəxslərin Nərimanov RİH-ə hər hansı müraciətləri olmamış və məhkəmə icraatına Nərimanov RİH bu və ya digər şəxslər qismində işə cəlb edilməmişdir.” Mülki işdə qeyd edilən sübutlar əsasında kollegiya müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında çoxmərtəbəli binada yaşayır. Həmin yaşayış binasının həyətində olan ağaclardan biri binanın sakinləri üçün təhlükə yaratdığından, kəsilməsi üçün iddiaçı və digər şəxslər tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər olmuş və sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən verilmiş bir ağacın budanılması barədə rəy əsasında Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən budanmışdar. Lakin həyətdə olan ikinci ağacın budanması və ya götürülməsi barədə müraciət olmadığı üçün, həmin ağac budanmamış və götürülməmişdir. İddiaçı hər iki ağacın götürülməsi barədə müraciət etdiyini bildirsə də, bu hal iş materialları ilə müəyyən olunmamışdır. 04 iyun 2020-ci il tarixdə iddiaçının yaşadığı çoxmərtəbəli binanın həyətində olan ağac aşaraq, iddiaçının mülkiyyətində olan avtomaşının üstünə düşmüş və nəticədə iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. İddiaçı zərərin əvəzinin Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ödənilməsini tələb etsədə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən iddiaçının yaşadığı çoxmərtəbəli yaşayış binasının həyətində olan yaşıllıqlara xidmət göstərilmir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli, 957-İV Q nömrəli Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Eyni zamanda kollegiya müəyyən edir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə görə Birliyin vəzifələri kimi mövcud yaşıllıqlara qulluq işlərinin təşkil edilməsi deyil, həyata keçirilməsi göstərilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulması müəyyən edilmir. Ona görə iddia tələbi Bakı şəhəri İcra Hakimiyyəti X3 münasibətdə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)-420/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X2rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8459/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8459/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver