Məhkəmə qərarları › İş №2(103)-8472/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8472/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8472/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 2007/20 saylı qətnaməsindən iddiaçı “X1 Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı “ödənilməmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş №2(002)-2007/20) iddia qismən təmin edilərək Cavabdeh 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas və 300 (üç yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9.108,85 (doqquz min bir yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “X1 Kompleksi” MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı “X1 Kompleksi” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “X1 Kompleksi” MMC Cavabdeh qarşı “ödənilməmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat, hesablanmış cərimə borcuna görə 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 21.808,85 (iyirmi bir min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alıcı qismində iddiaçı “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Tədarükü Məntəqəsi” filialı və fermer-Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xx xxxxxx 2019-cu il tarixli, 085 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya-alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 19.630,25 (on doqquz min altı yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində avans borcunu ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xampambığın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 006 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığm 1 tonunun qiyməti 650 (altı yüz əlli) manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 13.000 (on üç min) manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 100 ton; verilməmişdir: 100 ton x 650 (altı yüz əlli) manat = 65.000 (altmış beş min) manat x 20% = 13.000 (on üç min) manat. Qeyd edilməlidir ki, bu borc barədə cavabdehlə iddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 7 (yeddi) gün müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İşin müəyyən edilmiş hallarından görünür ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Tədarükü Məntəqəsi” filialı və fermer qismində Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xx xxxxxx 2019-cu il tarixli, 085 nömrəli xampambığın alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh öhdəsində olan 50 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə alıcıya satmağı öhdəsinə götürmüşdür. “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktının məzmunundan görünür ki, qeyd edilən müqavilənin icrası ilə əlaqədar Cavabdeh iddiaçı “X1 Kompleksi” MMC-dən 28.439,75 (iyirmi səkkiz min dörd yüz otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 19.630,25 (on doqquz min altı yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində avans borcunu ödəmiş, bununla da cavabdeh tərəfindən 2019-cu il mövsümü üzrə xam-pambığın alqısatqısına dair xx xxxxxx 2018-ci il tarixli, 006 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı “X1 Kompleksi” MMC-yə 8.808,85 (səkkiz min səkkiz yüz səkkiz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. “X1 Kompleksi” MMC-nin “X2 və Tədarükü Məntəqəsi” filialının Cavabdeh ünvanladığı xx xxxxxx 2019-cu il tarixli bildiriş və xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 8.809,45 (səkkiz min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat məbləğində qalmış qalıq borcu olduğundan, həmin avans borcunun xx xxxxxx 2019-cu il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq sənədlərin hüquq mühafizə orqanlarına təqdim olunacağı barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı pambığın istehsalı və emalı prosesini həyata keçirmək məqsədilə cavabdehə torpaq sahələrində pambığı əkibbecərməsi, dərmanla təmin edilməsi üçün avans vəsaitlər, həmin torpaqda şum, mala işlərinin yerinə yetirilməsi üçün texnikalar cəlb etmişdir. Bunun müqabilində isə cavabdeh həmin sahədən yığılmış xam pambığı iddiaçıya satmamaqla böyük ziyan vurmuşdur. Fermerlər tərəfindən xam pambıq verilmədikdə, bunun nəticələri barədə də hesabat verilir ki, xam pambığın verilməməsi, yığılan məhsulun az olması iddiaçıya və dövlətə böyük zərər verir. Məhkəmə isə müqavilə üzrə təyin olunmuş 13000 manat cərimə məbləğini 98 faiz azaldaraq cəmi 300 manat məbləğ saxlamışdır. Halbuki, cərimə məbləğini azaltmaq dedikdə məbləğin maksimum 30 və ya 50 faizədək azaldılması başa düşülür. Məhkəmənin cərimə məbləğinin 98 faizini silməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apelyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nrimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia tələbini cərimə tutulması hissəsində qismən təmin edərkən hesablanmış cərimə məbləğinin əsas borc məbləğinə mütənasib olmadığını qeyd etmiş və həmin məbləğin endirilməsini və 300 (üç yüz) manat məbləğində müəyyən olunmasını məqsədəuyğun saymışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyatorun mövqeyinə görə məhkəmə cavabdehin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borcunu 98 faiz silməklə qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı borca münasibətdə 13000 manat dəbbə pulu tənasübsüz surətdə yüksək hesab edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, məhsuldarlıq aşağı olduğundan cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq istehsal edib tədarük edə bilməmiş, başqa sözlə müqavilə üzrə gəlir əldə etməmişdir. Məhz elə bu səbəbdən də birinci instansiya məhkəməsi işin hallarını, o cümlədən cavabdehin əmlak mənafelərini nəzərə alaraq dəbbə pulunun (cərimənin) azaldılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X1 Kompleksi” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar