Məhkəmə qərarları › İş №2(103)-8478/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8478/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8478/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-790/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN pul məbləğinin tutulub ona qaytarılması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18.04.2019-cu il tarixdə Cavabdeh 3250 AZN (üç min iki yüz əlli manat) borca pul vermişdir. Borcu həmin tarixdə A4 kağız vərəqi üzərində "İltizam'' başlığı adı altında rəsmiləşdirmişlər. Cavabdeh öz xətti və imzası ilə girovsuz şəkildə ona 3250 manat pul borcu olduğu qeyd edərək, yaxını Günay Məmmədovanın da bu pula görə ona "qarant" zamin durduğunu qeyd etmişdir. Cavabdeh tezliklə borcu qaytaracağına onu inandırsa da, sonradan dəfələrlə telefon əlaqəsi yaratmağa çalışmasına baxmayaraq telefon zənglərinə cavab verməyərək borcu qaytarmaqdan imtina etmişdir. Yaranmış durumu görüb iddiaçı Daxili İşlər Nazirliyinin 102 qaynar telefon xətti ilə əlaqə yaradaraq, borcu qaytarmadığına görə ondan şikayətçi olduğunu bildirmişdir. Şikayətinin araşdırılması Səbail RPİ-nin 8-ci polis bölməsinə həvalə olunmuşdur. Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən aparılan araşdırma əsnasında hər ikisindən yazılı izahat alınaraq, işin halları müəyyən olunmuşdur. Belə ki, Cavabdeh öz izahatında onun yazdığı şikayət ərizəsi ilə tanış olduğunu qeyd edərək, ondan 3250 manat pul aldığını etiraf etmişdir. İzahatda Cavabdeh onunla 2 il bundan qabaq tanış olduğunu deyərək, ona hər ay 160 manat pul qaytardığını bildirmiş, halbuki bu tamamilə yalandır. 3250 manat alınan borca görə iddiaçıya heç bir pul məbləği qaytarılmamışdır. Bununla belə Cavabdeh pulun qalan məbləğini qazancının olmadığına görə qaytarmadığını və 2020-ci ilin sentyabr ayının axırına qədər qaytaracağını qeyd etmişdir. Sentyabr ayının axırına qədər də Cavabdeh tərəfindən götürdüyü 3250 AZN borca dair ona heç bir ödəniş edilməmişdir. 01.07.2020-ci il tarixdə DİN Səbail RPİ-nin qərarı ilə şikayət ərizəsində qeyd etdiklərinə dair müraciətinin mülki xarakterli olması səbəbindən aidiyyatı üzrə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)- 790/2021 nömrəli qiyabi qətnaməsinə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)-790/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(005)- 790/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bak Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)-790/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-790/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3250 AZN (üç min iki yüz əlli) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və həqiqətə uyğun deyildir. Ona görə də qətnamə ləğv edilməlidir. Məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə iddianın əsaslı olması qənaətinə gəlmişdir ki, bunlar həqiqəti əks etdirmir. Belə ki. iş materiallarında olan sənədlərlə, həmçinin də aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki. iddiaçı cavabdehdən kifayət qədər qızıl-zinət əşyaları girov olaraq almaqla ona verdiyi borc məbləğinə görə həmin qızılları faktiki dəyərindən aşağı olmaqla digər şəxslə razılaşdırmaqla defakto mənimsəmiş və sonradan əlavə olaraq 3250 manat borcun olmasına dair iddia qaldırmışdır. Bununla bağlı Polis şöbəsinin qərarından aidiyyəti üzrə yuxarı prokurora şikayət təqdim edilmiş və həmin qərarın ləğv edilməsi xahiş oluunmuşdur. Bu səbəbdən də qeyd etdiyi kimi hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. Bütün bu göstərilənlərdən aydın olur ki, məhkəmə hüquq normalarını düzgiin tətbiq etməmiş və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-790/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 16.08.2018-ci il tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamnamədə “Mən Cavabdeh ümumi çəkisi 38 qram olan 1 sep klon, 1 ədəd klondan ibarət olan 38 qram qızıl əşyanı razılaşma yolu ilə qohumum İddiaçı 1850 manata satdım” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 18.04.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamnamda “18.04.2019-cu ildə İddiaçı 3250 AZN girovsuz pul borcum olduğunu və yaxınım olan Günay Məmmədovanı mənim İddiaçı qarşı garant olduğunu imzamla təsdiq edərək, qolumu çəkib iltizamı təsdiq edirəm” qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Səbail RPİ-nin 8-ci Polis Bölməsinə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, təxminən iki il bundan əvvəl xalasıqızı Əliyeva Məmmədova Günay Ənvər ilə İlham adlı şəxsin yanına (onun evinə) pul faizə götürmək məqsədi ilə birlikdə getmişlər. O, İddiaçı hər ay 160 AZN faiz ödəmək şərti ilə 3250 manatlıq pul götürmüşdür. Pulu götürdüyünə görə təxminən bir il 160 manat İlhama pul ödəmiş, amma İlham ondan pul verdiyinə görə qızılzinət əşyası götürməmişdir. Bugünə qədər İlhama olan 3250 manatı ödəyə bilməməsinin səbəbini qazancının olmaması ilə əlaqələndirmişdir. 3250 manat AZN pulu sentyabr ayının axırına kimi alacağı lotereya pulunu götürüb verməklə ödəyə biləcəyini qeyd etmişdir. Onun Günaydan xəbəri yoxdur. 3250 manat pulu özü üçün götürdüyünü və özünə xərclədiyini demişdir. Cavabdeh iki ay müddətində ona pulun ödənilməsi ilə bağlı imkan yaradılmasını xahiş etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Səbail RPİ-nin 8ci Polis Bölməsinə verdiyi izahatında 3250 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 3250 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələrlə iddianın əsaslı olması qənaətinə gəlidiyini və onun iddiaçıya borcunun olmadığı qeyd etsə də, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Səbail RPİ-nin 8-ci Polis Bölməsinə verdiyi izahatında 3250 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. Göründüyü kimi, cavabdeh iddianı qəbul etmişdir. Bu halda cavabdeh iddiaçıya borcunun qalmadığını sübut etməlidir. Cavabdeh isə qeyd etdiyini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-790/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-790/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar