Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-848/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bankın X4 və ona qarşı iddiasının təmin edilmədiyini və əmək haqqından xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq silinmiş 2014,56 manatın onun hesabına bərpa olunmasının qət olunduğunu, bankın apellyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək X2 və ondan kredit müqaviləsi üzrə yaranmış 982,71 manat əsas, 2,73 manat faiz borcu olmaqla cəmi 985,44 manat kredit borcunun müştərək qaydada bankın xeyrinə tutulmasının qət olunduğunu, həmin qətnamə ilə onun əmək haqqından 2014,56 manatın artıq tutulduğunun müəyyən edildiyini, pulun qaytarılmasını tələb etməsinə baxmayaraq tələbinə əhəmiyyət verilmədiyini bildirmiş, buna görə də cavabdehdən 2014,56 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini xahiş edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ləğv olunmuş 16072019-cu il tarixli qətnaməsinə istinad etməklə prosesual qanunvericiliyin tələblərini pozmuş, mübahisənin nəticəsi üçün əhəmiyyətli olan halları tam araşdırmayaraq qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, xx.xx.2014-cü il tarixdə “xxxx” ASC ilə X6 arasında kredit müqaviləsi bağlanaraq Rauf Rəhimova illik 22% ödəməsi şərtilə 36 ay müddətinə 10 000 manat kredit verilmiş, adı çəkilən şəxsin kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı zamin durmuş, Rauf Rəhimov müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiaçı əmək haqqı kartından xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi hər ay 300 manat olmaqla cəmi 3000 manat bankın xeyrinə tutulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsininn xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin “X2 və İddiaçı xx.xx.2014-cü il tarixli 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə 2754,47 manat əsas, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 8,80 manat faiz borcu olmaqla cəmi 2763,27 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması” tələbinin rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 (yüz qırx beş) manatın “xxxx” ASCdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, “xxxx” ASC ilə (borcalan) X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 799-xx.xx.2014- SUR52 nömrəli kredit müqaviləsi üzrə (zamin) İddiaçı əmək haqqından xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq silinmiş (3000 - 982,71 - 02,73 = 2014,56) 2014,56 (iki min on dörd manat əlli altı qəpik) manat pul vəsaitinin İddiaçı (FİN xxxxxxx) hesabına bərpa olunmasının “xxxx” ASC-nin öhdəsinə qoyulması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, iddianın qismən təmin edilməsi, X2 və İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 982,71 manat əsas, 2,73 manat faiz borcu olmaqla cəmi 985,44 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 (yüz qırx beş) manatın X2 və İddiaçı müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin işə baxılarkən kredit borclusu olan X3 xx.xx.2014-cü il tarixli 799-xx.xx.2014- SUR52 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə cəmi ödənilməmiş borcunun 985,44 manat təşkil etdiyi müəyyən olunmuş, bu səbəblə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində İddiaçı izah olunmuşdur ki, o, zamin qismində əmək haqqından silinmiş pul vəsaitinin hesabına bərpa olunması barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Başqa sözlə, X3 xx.xx.2014-cü il tarixli 799-xx.xx.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə cəmi ödənilməmiş borcunun 985,44 manat təşkil etdiyi, onun öhdəlikləri üçün zamin qismində məsuliyyət daşıyan İddiaçı maaş kartından isə xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 2014,56 (iki min on dörd manat əlli altı qəpik) manatın əsassız silindiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin məhz qeyd edilən müəyyən olunmuş hallarına əsaslanmış, iddiaçının maaş hesabından cavabdeh bankın xeyrinə artıq silinmiş 2014,56 (iki min on dörd manat əlli altı qəpik) manatın (3000 - 982,71 - 02,73 = 2014,56) iddiaçıya qaytarılmalı olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh bank iddiaçının hesabına əsassız olaraq 2014,56 manat varlanmış olduğundan, həmin məbləğin bankdan iddiaçının xeyrinə tutulmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2367/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-848/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-848/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver