Məhkəmə qərarları › İş №2(103)-8484/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8484/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8484/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-2619/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4, Philips üz qırxan üçün 151 manat ödənilməmiş hissə, 45 manat dəbbə, 07 avqust 2019-cu il tarixli müqaviləsinə əsasən HP notebook, Bag Canyon notebook çantası üçün 488 manat ödənilməmiş hissə, 158 manat dəbbə, 29 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük üçün 60 manat ödənilməmiş hissə, 16 manat dəbbə, 02 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon üçün 2.310,80 manat ödənilməmiş hissə, 432,20 manat dəbbə, ümumilikdə 3.661 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.691 manatın Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 29 iyul 2019-cu il, 07 avqust 2019-cu il, 29 dekabr 2019-cu il və 02 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən Xiaomi Mi band 4, Philips üzqırxan, HP notebook, Bag Canyon notebook çantası, İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük, İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon almış və nəticədə 3.661 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 29 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 418 manat (11 ay x 38 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi band 4, Philips üzqırxan üçün ümumilikdə, 196 manat olmaqla ondan 151 manat ödənilməmiş hissə, 45 manat dəbbə, 07 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti1.056 manat (12 ay x 88 manat + 0 manat ilkin ödəniş) HP notebook, Bag Canyon notebook çantası üçün ümumilikdə 646 manat olmaqla ondan, 488 manat ödənilməmiş hissə, 158 manat dəbbə, 29 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 672 manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********92492 olan X5 8 markalı telefon, Power Bank, X6 qoruyucu üzlük üçün ümumilikdə 76 manat olmaqla, ondan 60 manat ödənilməmiş hissə, 16 manat dəbbə, 02 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2.602,80 manat (18 ay x 114,60 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40332 olan iPhone 11 markalı telefon üçün ümumilikdə 2.743 manat olmaqla, ondan 2.310,80 manat ödənilməmiş hissə, 432,20 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 29 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92492 olan X5 8 markalı telefondan 02 yanvar 2020-ci il tarixindən imtina etmiş və məhsul 600 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.739 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 29 iyul 2019-cu il tarixli 00811610 saylı müqavilə üzrə Cavabdeh 151 (bir yüz əlli bir) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 161 (bir yüz altmış bir) manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, 07 avqust 2019-cu il tarixli 00830601 saylı müqavilə üzrə Cavabdeh 488 (dörd yüz səksən səkkiz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 508 (beş yüz səkkiz) manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, 29 dekabr 2019-cu il tarixli 01170683 saylı müqavilə üzrə Cavabdeh 60 (altmış) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə olmaqla, cəmi 65 (altmış beş) manat məbləğində borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, 02 yanvar 2020-ci il tarixli 20004098 saylı müqavilə üzrə Cavabdeh 2.310,8 (iki min üç yüz on manat, səksən qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 2.360,8 (iki min üç yüz altmış manat, səksən qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini cavabdeh onunla əsaslandırmışdır ki, Binəqədi rayon məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Belə ki, iddiaçı “ABC Telecom" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə ziddiyyətli sübutlar təqdim etsə də, məhkəmə bu ziddiyyətli sübutları ümumiyyətlə araşdırmamış, ziddiyyətin səbəblərini müəyyənləşdirməmiş və həmin ziddiyyətli sübutlara istinad edərək əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə zamanı cavabdeh tərəfindən ödənilmiş pulların həcmi ümumiyyətlə göstərilməmiş, iddiaçı təəfindən sonuncu ödənişin tarixi qeyd edilməmiş, onun tərəfindən ödənilmiş pulların məbləği dəqiqləşdirilməmiş, heç bir əsas olmadan iddiaçının borcla bağlı təqdim etdiyi arayışa əsasən məhkəmə qətnamə çıxarmışdır. Apellyasiya şikayətinin təsviri hissəsində göstərilənlərdən də görünür ki, iddiaçı tələfindən təqdim edilmiş və qətnamədə öz əksini tapan rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin şişirdilməsini, sübutların isə ziddiyyətli olmasını göstərir. Yəni kredit borcunun və faizlərin hesablanması mühasibatlıq sahəsində xüsusi bilik tələb etdiyindən həmin halların araşdırlması da müvafiq ekspertizanın keçirilməsi əsasında mümkündür. Lakin birinci instansiya məhkəməsi ekspertiza təyin etməməklə, onun ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş və əsassız iddia tələbinin təmin edilməsinə şərait yaradan qətnamə qəbul etmişdir. Binəqədi rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 2619/2021 saylı qətnaməsini apellyasiya icraatı qaydasında təmin edilmiş hissədə ləğv edib iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, maliyyə arayışından göründüyü kimi, onların güzəştli şərtlərlə məbləği hesablamalarına baxmayaraq, birinci instansiya məhkəməsi 572 manat güzəşt edib. Lakin onlar bununla razılaşıblar. Buna baxmayaraq, qarşı tərəf yenə də apellyasiya şikayəti vermişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə Cavabdeh apellyasiya şikayəti verdiyindən, apellyasiya instansiyası məhkəməsi işə mübahisələndirilən hissədə, yəni Cavabdeh münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, 00811610 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 418 manat olan Xiaomi Mi band 4, saat quraşdırma xidməti ilə birlikdə, üz qırxan Philips S5110/06 modelli məhsullar Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulların dəyərinin 11 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00811610 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 00830601 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.056 manat olan HP-15-bs166ur i3/4/intel/1tb/free/bl, X4 TopLoader 15,6 blue/CNE-CB5BL3 markalı məhsullar yeni qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 07 avqust 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00830601 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 01170683 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 672 manat olan X5 8 4/64GB, Power Bank TP-link TL-PB10000 mAH, X6 Redmi Note 8 Black markalı məhsullar, yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01170683 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 yanvar 2020-ci il tarixli, 20004098 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.602,8 manat olan iPhone 11 64GB markalı məhsul, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan 02 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20004098 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 19 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 151 manat, cərimə borcu 45 manat olmaqla, cəmi 196 manat, 07 avqust 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 488 manat, cərimə borcu 158 manat olmaqla, cəmi 646 manat, 29 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 60 manat, cərimə borcu 16 manat olmaqla, cəmi 76 manat, 02 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 2.310,8 manat, cərimə borcu 432,20 manat olmaqla, cəmi 2.743 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3.661 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənın 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənın 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənın 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənın 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənın 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənın 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənın 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənın 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşin müəyyən edilən hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən bu nəticəyə gəlmək olur ki, iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində sadalanan əşyaların alqı-satqısına dair müqavilə olmuş, cavabdeh həmin əşyaları qəbul etsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında ödənilməmiş borcu yaranmışdır. Qeyd edilən borcun cavabdehdən tutulmasına dair iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin düzgün müəyyən edilmədiyinə, onun etdiyi ödənişlərin göstərilmədiyinə, iş üzrə ekspertiza təyin edilməli olmasına və bununla da borc məbləğinin dəqiq müəyyən edilməsinə istinad etmişdir. Lakin qeyd edilən dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənın 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)- 2619/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar