Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8489/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(001)-1684/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 27 saylı notariat ofisində bağlanmış 14.01.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdeh ondan 9000 manat pul alaraq onu 14 mart 2020-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin onun tərəfindən yerinə yetirilməsi barədə müqavilədə qeyd edilən müddət 14 mart 2020-ci il tarixdə başa çatsa da, cavabdeh aldığı həmin borc pulu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu geri tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə gətirərək, öhdəliyini yerinə yetirməmişdir. Hazırda isə cavabdeh telefon zənglərinə cavab verməyərək qəsdən öhdəlikdən yayınır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(001)- 1684/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 9.000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9.030 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın qismən təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan işə baxmış, yalnız iddiaçının izahatı və kredit müqaviləsi ilə kifayətlənmişdir. Borc aldığı puldan iddiaçıya 8040 manat qaytarmış, sonra maddi imkanında çətinlik olduğuna görə qalan 960 manatı qaytara bilməmişdir, buna görə də iddiaçıdan vaxt istəmiş, lakin iddiaçı məhkəməyə müraciət etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, 14.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 9000 manat məbləğində pulu Cavabdeh vermiş, borc alan isə həmin məbləği alaraq 14.03.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında borc münasibətləri mövcud olduğundan iddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 8040 manat ödəmiş, 960 manat borcu qalmışdır. Qeyd edilən halı sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı bu halı sübuta yetirə bilməmişdir. İş materiallarından isə belə bir hal müəyyən edilmir, ona görə də, Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Onun iştirakı olmadan məhkəmə tərəfindən işə baxılması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, məhkəmə bildirişləri cavabdehin ünvanı üzrə (tərəfindən verilmiş apelyasiya şikayətində də həmin ünvan göstərilmişdir) göndərilmiş, məhkəmə iclasının 07.04.2021-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi qanunvericiliyin tələbinə əsasən cavabdehə çatdırılması üçün Bakı şəhəri Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1684/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8489/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8489/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver