Məhkəmə qərarları › İş №2(103)-849/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-849/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-849/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı pul tələbinə dair ilkin, Cavabdeh Mənzil – Tikinti Kooperativinin İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı pul tələbinə dair ilkin, Cavabdeh Mənzil – Tikinti Kooperativinin İddiaçı qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(005)-189/2023 nömrəli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 08 may 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanında yerləşən tikilməkdə olan binasında ümumi sahəsi 153,7 kv.m ololan, A blok, 4-cü mərtəbə, 20 №-li mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını 219000 manat məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. 08 may 2021-ci il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binasının A giriş, İV mərtəbəsində, ümumi sahəsi 153.7 kv.m olan 3 otaqlı, 20 saylı mənzilin ümumi pay dəyəri olan 219000 manat İddiaçı tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur.

3. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 1952-ci məhəllə, mənzil 20 (Yeni qaydalarla: AZ 1033, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 148 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir, bu barədə 21 fevral 2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Koperativindən 08 may 2021-ci il tarixdə mənzil alarkən, faktiki 148 kvadrat metr olan 3 otaqlı mənzilin, qeyri qanuni olaraq 153,7 kvadratmetr göstərməklə, 8122 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 08 may 2021-ci il tarixdə MTK-dan ünvan 2 ünvanında tikilməkdə olan binadan, blok-A, 4-cü mərtəbə də yerləşən 20 nömrəli, 3 otaqlı, ümumi sahəsi 153,7 kv.m mənzili müqavilə əsasında təmirsiz 219000 manat ödəyərək almış və təmir etdirmişdir. Mənzilin hər kv.m üçün ondan 1425 manat pul alınmış, 08 may 2021-ci il tarixdə MTK-ya maliyyə borcunun olmaması barədə arayış verilmişdir. O, mənzilini özəlləşdirmək üçün 2022-ci ilin fevral ayında MTK-ya müraciət etmiş və ona tikinti şirkətinə maliyyə borcunun olmaması barədə maliyyə arayışı, MTK-nın protokolundan çıxarış vermişlər və həmən sənədlərdə də aldığı və yaşadığı mənzilin ümumi sahəsi 153,7 kv.m gösərilmişdir. İddiaçının adına verilən texniki passportda və çıxarışda, daşınmaz əmlakın ümumi sahəsi 148 kvadrat metr göstərilmişdir. MTK rəhbərliyi mənzilin ümumi sahəsini saxtalaşdıraraq 153,7 kv.m göstərmiş, İddiaçı aldadaraq ondan 210900 manat almaq əvəzinə, 219000 manat pul almış və 8122 manat artıq pul qeyriqanuni alaraq iddiaçıya ziyan vurmuşlar. İddiaçı dəfələrlə MTK-nın rəhbərliyinə müraciət etsə də, ona rədd cavabı verilmişdir.

6. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ünvan 2 ünvanında tikilməkdə olan binadan, blok-A, 4-cü mərtəbə də yerləşən 20 nömrəli mənzildə İddiaçı tərəfindən aparılmış yenidən qurma və yenidən planlaşdırılma işlərinin özbaşına hesab edərək, mənzilin cavabdehin vəsaiti hesabına binanın eskiz layihəsində nəzərdə tutulan əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlanarkən mənzil təmirsiz olmuş və binanın eskiz layihəsinə uyğun olaraq, ümumi sahəsi faktiki olaraq 153,7 kv.m olmuşdur. Lakin ilkin iddia ərizəsində də göstərildiyi kimi, cavabdeh mənzili aldıqdan sonra təmir etmiş və təmir zamanı mənzilin divarları qalınlaşdırılmışdır. Bundan başqa, cavabdeh eskiz layihədə 3 otaq kimi nəzərdə tutulan mənzildə qanunsuz olaraq konstruksiya dəyişikliyi etməklə arakəsmələr vasitəsilə mənzilin otaqlarının sayını 4 etmişdir. Tərəflər arasında müqavilə bağlanarkən və mənzilin cavabdehə təhvil verildiyi vaxt mövcud olduğu vəziyyətinin cavabdeh tərəfindən sonradan ciddi şəkildə dəyişdirilməsi nəticəsində mənzilin sahəsinin azalmasına görə MTK heç bir məsuliyyət daşıya bilməz. İndiki halda, iddiaçının hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında yerləşən mənzilin daxilində özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma işlərini həyata keçirməsi qanunvericiliyin tələblərinə ziddir və binanın ümumi balansına mənfi təsir etməklə yanaşı, bina sakinlərinin hüquqlarının pozulması ilə nəticələnir.

8. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 10/5575 saylı rəyinə əsasən ünvan 2də "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın “A" blokunda, 4-cü mərtəbədə yerləşən X1 məxsus 20 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 145,2 m2 təşkil etdiyi, həmin mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 153,7 kv.metr təşkil etdiyi və həmin mənzildə 8 saylı tikilinin arakəsmə divarları sökülərək 1 saylı tikilinin tərkibinə daxil edildiyi, 1 saylı tikili ilə 7 saylı sanitar qovşağı arasında olan divar sökülərək arxa hissədən inşa edildiyi, 6 saylı sanitar qovşağının qapısı bağlanaraq 1 saylı otağa tərəf olan hissədən açılmış, 3 və 4 saylı otaqlarda arakəsmələr hörüldüyü müəyyən olunmuşdur.

9. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı rəyinə əsasən ünvan 4 ünvanında yerləşən “İ.N.V." Mənzil- Tikinti Kooperativi tərəfindən inşa olunmuş binanın A blokunun 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 153,7 kv.m nəzərdə tutulan mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərədə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 150,7 kv.m təşkil etdiyi, həmin mənzilin çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 165,3 kv.metr təşkil etdiyi, həmin mənzilin çöl divarların ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları da nəzərə alınmadan faktiki olaraq sahəsinin 153,7 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(005)-189/2023 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək 4275 manat pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzili iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Yəni, iddiaçı ölçüsü 153,7 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Müqavilə ödəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Rəyə əsasən azalma əmsalı tətbiq edilmədən mənzilin faktiki sahəsi 150,7 kv.metr təşkil edir. İddiaçıya dəymiş zərər hesablanarkən mənzilin sahəsinin hər kv.metrinin qiyməti 1425 manat nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə mənzilin qiyməti 219000 manat müəyyən edilmişdir. Bu isə deməkdir ki, hər kv.m üçün 1425 manat təşkil edir. Odur ki, 28 saylı mənzilə görə əksik verilmiş 3 kv.metrə görə əksik verilmiş sahə üzrə hər kv.metr üçün 1425 manat hesablamaqla (3 m2 x 1425 = 4275 manat) cəmi 4275 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

12. Qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya qarşı mənzildə həyata keçirilmiş yenidən qurma və yenidən planlaşdırma işlərinin özbaşına hesab edilərək, mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, mübahisəli mənzildə cavabdeh tərəfindən aparılmış yenidən qurma və (və ya) yenidən planlaşdırılma işlərinin özbaşına hesab edilərək, mənzilin iddiaçının vəsaiti hesabına binanın eskiz layihəsində nəzərdə tutulan əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edir. Belə ki qarşılıqlı iddia ərizəsində iddiaçının mənzili aldıqdan sonra təmir etdiyi və təmir zamanı mənzilin divarları qalınlaşdırıldığı, eskiz layihədə 3 otaq kimi nəzərdə tutulan mənzildə qanunsuz olaraq konstruksiya dəyişikliyi etməklə arakəsmələr vasitəsilə mənzilin otaqlarının sayını 4 etdiyi irəli sürülmüşdür.

13. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi mənzildə konstruktiv dəyişikliklərin aparılması üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalıdır. Həmin icazə alınmadığı təqdirdə aparılmış dəyişikliklər özbaşına dəyişiklik hesab edilir. Belə olan halda mənzil mülkiyyətçisi mənzili əvvəlki vəziyyətdə qaytarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının tələbini yerinə yetirmirsə, məhkəmədə iddia qaldırmaq hüququ məhz müvafiq icra hakimiyyəti orqanına verilmişdir. Digər tərəfdən, qarşılıqlı iddiaçı üzrə iddiaçı iddiasını mənzilin sahəsinin dəyişilməsinin yenidənqurma və planlaşdırma işləri ilə əlaqədar olduğunu bildirsə də, ekspert rəyi ilə həmin hal öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı aparılan konstruktiv dəyişikliklərin binanın balansına xələl yetirməsini göstərsə də, həmin halı da təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi də rədd olunmalıdır.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, , 21., 21.2, 135.1, 135.2, 385.1, 386.1, 439.4, 442, 443.1, 443.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3.1, 5.3, 9.1, 9.2.2, 10.0.2, 23.1, 24.1, 27.1, 27.2, 27.2.1, 27.2.2, 27.3, 27.4, 27.5, 28.1, 29.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri.

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsi, qarşılılı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 may 2021-ci il tarixli müqavilənin 3-cü bəndinin şərtinə əsasən, MTK ümumi sahəsi 153,7 kv.m olan mənzili, 219000 manata İddiaçı satmışdır. İddiaçı də bunun müqabilində razılaşdırılmış 219000 manat məbləği MTK-ya ödəmişdir. Bununla bağlı tərəflər arasında nə mübahisə olmamışdır, mənzil İddiaçı verilmiş, o da öz növbəsində razılaşdırılmış məbləği MTK-ya ödəmişdir. Lakin tərəflər müqavilədə və yaxud da ümumilikdə şifahi qaydada mənzilin satış dəyərini onun hər kvadrat metrinə görə razılaşmamışlar. İlkin iddiaçı sonradan mənzilə özünün özbaşına və heç bir hüquqi cəhətdən müvafiq icra hakimiyyətindən və MTK-nın rəhbərliyindən icazə almadan apardığı yenidən qurma və yenidən planlaşdırma işlərinin nəticəsinə görə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almış və həmin çıxarışda da mənzilin ümumi sahəsi faktiki olaraq 148 kv.m olmuş və bunun da günahını MTK-da görməklə, mənzilin alqı-satqısı üçün ödədiyi pul vəsaitinin bir hissəsinin geri qaytarılması ilə bağlı iddia irəli sürmüşdür. Məhz bu zaman mənzilin hər kvadrat metrinin 1425 manatdan olmasını ortaya qoymuşdur. İkinci tərəfdən, ilkin iddiaçının mənzildə özbaşına yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılmasını məhkəmə özü müəyyən etmişdir. Belə ki, təyin edilmiş ekspertiza əsasında müvafiq qaydada tikinti-texniki ekspertiza aparılmış və 26 dekabr 2022-ci il tarixli, 10/5575 saylı saylı ekpseritza rəyində birbaşa müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı X3 mənzildə özbaşına yenidənqurma və yenidən planlaşdırma işləri görmüş, otaqların sayının 3-dən 4-ə artırmış, arakəsmələrin yerini dəyişmiş və bu kimi digər özbaşıbna işlər görmüşdür. Ancaq qeyd olunan bu hərəkətlərin qanunsuz hesab olunaraq, mənzilin əvvəlki vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddianın rədd olunmasının hüquqi əsası kimi, subyektiv hüququn olmasına istinad edərək, qeyd olunan bu özbaşına yenidənqurma və yenidən planlaşdırmanın aradan qaldırılması, sökülməsi və s., bu kimi digər hallarla bağlı iddia qaldırmaq hüququ MTK-da deyil yerli icra hakimiyyəti orqanına məxsus olduğunu və bu səbəbdən belə bir iddianın MTK tərəfindən irəli sürülməsi düzgün olmadığını bildirmişdir. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, mənzilin sahəsinin dəyişdirilməsinin yenidənqurma və yenidən planşlaşdırma işləri əlaqədar olduğunu qeyd etmiş olsa da, ancaq ekspert rəyi ilə bu təsdiq olunmur. AR-nın Şəhərsalma və Tikinti Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən, mənzilin ümumi s a hə s i otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Göründüyü kimi, buraya təkcə otaqlarla bağlı olmayıb, mənzildə olan yaşayış üçün olan sahələr də ümumi sahənin içərisinə daxildir. Ancaq iş üzrə təyin edilmiş ekspertizanın 24 iyul 2023-cü il tarixli, 10/1878 nömrəli rəyində həmin hissələr konkretləşdirilmir. Sadəcə olaraq, rəydə divar, arakəsmələr, divar və sütunların alt hissəsi nəzərə alınması müəyyən edilmişdir. Bundan başqa, mənzilin ümumi sahəsinə daxil olan və hesablanması azalma əmsalları ilə müəyyən edilən, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsal l arı na vurulmaqla hesablanması hissəsi nəzərdə tutulmamışdır. Bütün bu xüsusatlar onu bildirir ki, işə baxmış məhkəmə ancaq iş üzrə Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddalarına istinad etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, cavabdehin qarşılıqlı iddia tələbini rədd edilməsəni və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə təmir aparılarkən qismən dəyişiklik edilib, mənzilin 8 saylı tikilinin arakəsmə divarları sökülərək 1 saylı tikilinin tərkibinə daxil edilmişdir,1 saylı tikili ilə 7 saylı sanitar qovşağı arasında olan divar sökülərək arxa hissədən inşa edilmiş, 6 saylı sanitar qovşağının qapısı bağlanaraq,1 saylı otağa tərəf olan hissədən açılmış,3 və 4 saylı otalarda arakəsmələr hörülmüşdür. Evin yük daşıyan divarlarında dəyişiklik aparılmamışdır. Bunu iki dəfə aparılmış məhkəmə tikintitexniki ekspertizaları da təsdiq edir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 9.2.2. Mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Maddə 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: Maddə 27.2.1. Bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; Maddə 27.2.2. Bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Maddə 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Maddə 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2- ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanı:

1.4-cü maddə. Həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamə qismən – ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın isə rədd edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri bundan ibarətdir ki, tərəflər müqavilədə və yaxud da ümumilikdə şifahi qaydada mənzilin satış dəyərini onun hər kvadrat metrinə görə razılaşmamışlar.

29. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, müqavilədən tərəflər mənzilin satış dəyərini onun hər kvadrat metrinə görə hesablanması qeyd olunmasa da, mənzilin satış dəyərinin hər hansı başqa əsasa görə hesablanması da müəyyən olunmur. Formalaşmış mövcud təcrübəyə görə MTK-da mənzillərin satış dəyəri onların hər kvadrat metrinə görə müyyən olunur və əksər hallarda alıcı ilə MTK arasında bağlanmış müqavilələrdə alqı-satqı predmeti olan məzilin ümumi sahəsi və həmin sahəyə uyğun olaraq ümumi satış məbləği müəyyən olunur.

30. Cavabdehin apellyasiya şikayətinin bir digər dəlilini X2 mənzildə özbaşına yenidənqurma və yenidən planlaşdırma işləri gördüyü, otaqların sayının 3-dən 4-ə artırmış, arakəsmələrin yerini dəyişmiş və bu kimi digər özbaşına işlər gördüyü, lakin qeyd olunan bu hərəkətlərin qanunsuz hesab olunaraq, mənzilin əvvəlki vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddia tələbləri təmin edilmədiyini, məhkəmənin mənzilin sahəsinin dəyişdirilməsinin yenidənqurma və yenidən planşlaşdırma işləri əlaqədar olduğunu qeyd etmiş olsa da, ancaq ekspert rəyi ilə bu təsdiq olunmaması təşkil edir.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı rəyinin nəticə hissəsində mübahisəli mənzildə tədqiqat aparılan zaman həmin mənzildə konstruktiv dəyişikliklər edildiyi müəyyən edildiyi müəyyən edildiyi, lakin həmin dəyişikliklərin mənzilin sahəsinin dəyişilməsinə səbəb olmadığı birbaşa göstərilmişdir.

32. Cavabdeh apellyasiya şikayətinin digər dəlilini isə işə baxmış məhkəmənin ancaq iş üzrə Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddalarına istinad etməsi, AR Şəhərsalma və Tikinti Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən, mənzilin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanmasına diqqət yertirməməsi təşkil edir.

33. Məhkəmə kollegiyası bununla bağlı isə onu qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 24 iyul 2023-cü il tarixli, 10/1878 saylı rəyinin nəticə hissəsində birbaşa göstərilmişdir ki, mübahisəli mənzildə tədqiqat texniki passportla faktiki sahə arasında müqayisəli şəkildə aparılmışdır. İş materiallarında olan texniki passportda isə sanitar qovşağı, mətbəx, dəhliz, lociyaların sahələri göstərilmişdir. Bu da onu göstərir ki, həmin məsələlər xüsusi bilik tələb edən məsələlər dairsinə aid olduğundan və ekspertiza tədqiqatı zamanı araşdırıldığından birinci instansiya məhkəməsi həmin ekspert rəyinə istinad etməklə kifayətlənmişdir.

34. Hüquqi əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.

35. Cavabdehin apellyasiya şikayətinin daha bir dəlilini məhkəmənin qarşılıqlı iddianın rədd olunmasının hüquqi əsası kimi, subyektiv hüququn olmasına istinad edərək, qeyd olunan bu özbaşına yenidənqurma və yenidən planlaşdırmanın aradan qaldırılması, sökülməsi və s., bu kimi digər hallarla bağlı iddia qaldırmaq hüququ MTK-da deyil yerli icra hakimiyyəti orqanına məxsus olduğunu və bu səbəbdən belə bir iddianın MTK tərəfindən irəli sürülməsi düzgün olmadığını bildirməsi təşkil edir.

36. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunlamüəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

37. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, AR Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. AR Mənzil Məcəlləsinin 27.4-cü maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2- ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər.

38. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanının 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir.

39. Yuxarıda qeyd edilən normalardan belə aydın olur ki, iddiaçı tərəfindən mübahisəli mənzildə konstruktiv dəyişikliklərin aparılması halı öz təsdini tapsaydı belə, məhkəmə iddia qaldırmaq hüququ MTK-ya deyil, müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur.

40. Bundan əlavə, qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə MTK qarşılılqı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Lakin göründüyü kimi, MTK tərəfindən qarşılıqlı iddianın əsasının təşkil edən heç bir sübut təqdi etməmişdir. Digər tərəfdən isə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası iş materiallarında tədqiq edilən sübutları ekspert rəyləri təşkil etdiyindən sonuncu ekspert rəyində qoyulmuş suallar çərçivəsində daha ətraflı və əsaslandırılmış tədqiqat aparıldığına görə, məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verən zaman məhz həmin ekspert rəyinə istinad etməsi ilə bağlı mövqeyi ilə razılaşır.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(005)- 189/2023 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(005)- 189/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar