Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8494/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 24 dekabr 2010-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, cavabdehdən 109 000 ABŞ dollarının İddiaçı xeyrinə tutulması qət edilmişdir. 12 yanvar 2021-ci il tarixdə cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti, eləcə də şikayət vermə müddətinin buraxılmamış hesab olunması barədə ərizəsi məhkəməyə daxil olmuş, məhkəmə özünün 08 fevral 2021-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməməli olduğu qənaətinə gəlmişdir. Cavabdeh nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 22 may 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, qərardad ləğv edilərək iş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi prosessual müddətin bərpası barədə ərizə vermədiyi halda, məhkəmə onun olmayan ərizəsinə baxıb qiymət vermişdir. Məhkəmənin 11 iyun 2021-ci il tarixli qərardadı ilə Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, i materiallarında cavabdehin qətnaməni 2011-ci ildə aldığını təsdiq edən sənədlər var və o, müddəti ötürməklə şikayət verdiyindən, həmin şikayət geri qaytarılmalıdır. Cavabdeh nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət də məhkəmənin 29 iyul 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndəsi) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh məhkəmədə ona qarşı qaldırılan iddiaya baxılması barədə məlumatlandırılmış, qətnamə onun ünvanına göndərilmiş, 16.05.2013-cü il tarixdə o, məhkəməyə müraciət edərək qətnamə əsasında ondan tutulan borcu tam ödədiyini bildirməklə avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, bu ərizəsi üzrə çıxarılmış 27.05.2013-cü il tarixli qərardadı həmin tarixdə şəxsən almış, qətnaməni qismən icra etmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri müvafiq qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5554/2010 saylı iş üzrə 11 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8494/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8494/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver