Məhkəmə qərarları › İş №2(103)-85/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-85/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-85/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin tutulma əsasları, kəsici müddət) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsi ilə İddiaçı MMC-dən Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobili lizinqə götürmüşdür. Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, bundan sonra isə avtomobil təhviltəslim aktı ilə Cavabdeh1 təhvil verilmişdir.

2. Həmin avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Mercedes Benz GL 350 CDİ – minik” markalı avtomobillə toqquşmuşdur. Həm Cavabdeh1, həm də Cavabdeh2 hadisə nəticəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələri ilə təqsirli bilinmişlər.

3. Hadisə nəticəsində “Hyundai Accent” markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil istifadəyə yararız vəziyyətə düşmüş və qalıqları avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC-dən 1300 manata alınmışdır.

4. "xxxx" MMC avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ayrılmış 6570 manat pulun 50%-nin, yəni 3285 manat pulun ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka vurulmuş zərərin əvəzi olaraq 6491 manat pulun, həmçinin inzibati xətaya görə ödənilmiş 290 manat pulun ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əmlaka vurulmuş zərərin əvəzi olaraq 6.491 manatın, inzibati xətaya görə ödənilmiş 290 manatın və ödənilmiş 88 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022ci il tarixli, 59/21 sayılı daxili maliyyə sublizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil lizinqə verilmişdir. Göztərilən avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmaqla etibarnamə əsasında İddiaçı MMC çıxış etmişdir. Müvafiq olaraq Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 59/21 sayılı daxili maliyyə sublizinq müqaviləsi üzrə Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobilin ümumi dəyəri 15635 manat təşkil etmişdir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən cavabdeh 23 ay müddətinə hər ay 545 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı lizinq obyekti olan "xxxx" MMC-yə məxsus olan və Cavabdeh1 lizinqə verilmiş Hyundai Accent markalı, **-PY-*** dövlət nömrə nişanlı avtomobil yararsız hala düşmüşdür. Buna dair müvafiq sənədlər, Nərimanov rayon Prokkurorluğunun 16.05.202-ci il tarixli material üzrə cinayət təqibinə xitam verilməsi haqqında Qərar, xx.xx.2022-ci il tarixli, 078-14096-1222 saylı Arayış və s. Nərimanov rayon Prokurorluğunun 16.05.202-ci il tarixli “material üzrə cinayət təqibinə xitam verilməsi haqqında Qərarında yol nəqiyyat hadisəsinin baş verməsində hər iki şəxsin məsuliyyəti müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci, Cavabdeh1 əməlində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci bəndinin tələblərinin pozulması müəyyən edilmiş və hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün sənədlər Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Göründüyü kimi hər iki şəxsin qanuna zidd əməlləri nəticəsində 15635 manat dəyəri olan Hyundai Accent markalı, **-PY- *** dövlət nömrə nişanlı avtomobil yararsız hala düşmüşdür. Hadisə zamanı Xalq sığorta təşkilatı tərəfindən mülkiyyətində olan avtombilə dəyən zərərə görə 3285 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Lakin avtomobil tam yararsız vəziyyətə düşdüyü üçün onun təmir edilməsi mümkün olmamışdır. Yararsız vəziyyətdə olan avtomobil xx.xx.2022-ci il tarixli akta əsasən X3 tərəfindən 1300 manata alınmışdır. Lizinq ödənişləri üzrə cavabdehlərdən lizinq alan Cavabdeh1 tərəfindən 12535 manat lizinq ödənişindən ümumilikdə 1574 manat pul ödənilmişdir. Avtomobil isə yararsız hala düşdüyü üçün 1300 manat satılmışdır. Sığorta tərəfindən isə 3285 manat pul ödənilməsi qərara alınmışdır. Bu hesabla avtomobilin ümumi lizinq dəyərinin 6159 manatı ödənilir lakin 6491 manat lizinq ödənişi qalmışdır. Həmçinin avtomobili idarə edən zaman Cavabdeh1 törətdiyi inzibati xətaya görə yazılmış 290 manat inzibati cərimə də İddiaçı MMC tərəfindən ödənilmişdir. Bu hesabla cavabdehlərin iddiaçıya 6781 manat borcu yaranır. xx.xx.2022-ci il tarixli, 84/22 saylı maliyyə arayışından da göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 2200 manat ödəməli olduğu halda cəmi 1574 manat pul ödəmişdir. xx.xx.2022-ci il tarixindən sonra isə avtomobil yol nəqliyyat hadisəsi zamanı yararsız hala salınmış və bundan sonra heç bir ödəniş edilməmişdir. Yol nəqliyyat hdisəsi hər iki cavabdehin təqsiri üzündən baş veridiyi üçün cəmiyyətə dəymiş zərər hər iki şəxs tərəfindən müştərək qaydada ödənilməlidir. "xxxx" MMC mülkiyyətində olan avtomobili yararsız hala salan şəxslər yol nəqliyyat hadisəsi zamanı özlərinə dəyən zərəri qarşılıqlı şəkildə ödəsələr də "xxxx" MMC-yə dəyən zərəri ödəməkdən yayınırlar. Cavabdehlərə göndərilən xəbərdarlıqlara cavab verilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 15 yanvar 2022-ci il tarixli 59/21 saylı daxili maliyyə sublizinq müqaviləsi üzrə ödənilməmiş 626 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə maddi zərərin əvəzi olaraq 6.491 manat pulun ödənilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, həmin məbləğ lizinq müqaviləsi üzrə müddətin bitməsinə qədər olan dövr ərzində ödənilməsi razılaşdırılmış lizinq ödənişlərinin cəmidir. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyektinin məhv olduğunu, buna görə də qalan lizinq ödənişlərinin dəymiş zərər olduğunu iddia edir. O bildirir ki, lizinq obyekti, yararsız vəziyyətə düşdüyündən cəmi 1300 manat məbləğə satılıb. Lizinq obyekti artıq mövcud olmadığına görə mülki işin məhkəmədə baxıldığı dövrdə həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsini aparmaq mümkün olmamışdır. İddia ərizəsindən görünür ki, sığorta şirkəti lizinq obyektinə dəymiş zərərə görə 3.285 manat məbləğində ödənişi həyata keçirmişdir. İddiaçı bu məbləği mübahisələndirməmiş, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşdüyü hazırda iddia edilsə də, tam sığorta məbləğinin ödənilməsi tələb edilməmişdir. Eyni zamanda məhkəməyə nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı rəy təqdim etməmişdir. Məhkəmə iclas zalında izahat verən Cavabdeh1 izahatından, həmçinin məhkəməyə təqdim edilmiş avtomobilin yararsız vəziyyətdə satılması barədə aktdan görünür ki, aktın tərtib edilməsində yalnız iddiaçı və avtomobili alan şəxs iştirak etmişdir. Belə olan halda nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsini işin mübahisəsiz halı kimi qəbul etmək və lizinq obyektinə dəymiş zərəri hesablamaq mümkün olmadı. Məhkəmə bu qənaətə gəlir ki, qalan lizinq ödənişi olan 6491 manat məbləğində pul vəsaitinin yalnız avtomobilin cavabdehin istifadəsində olduğu 4 ay üçün ödənilməli olan 2200 manatın ödənilməyən 626 (550*4-1574=626) manat həddində ödənilməlidir.

9. Məhkəmə Cavabdeh1 barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinə görə ödənilmiş 290 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbini bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən rədd etmişdir.

10. Məhkəmə Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC avtomobillə bağlı lizinq müqaviləsini Cavabdeh2 ilə deyil X6 ilə bağlamışdır, Cavabdeh2 İddiaçı MMC qarşısında müqavilə üzrə və ya hər hasnı formada öhdəlik daşımır, nəqliyyat obyektinə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilməmiş, sığorta şirkətinin ödədiyi məbləği mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.3, 421.2, 442, 445, 448.1, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1 və 750-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2023 saylı 28 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində xx.xx.2022-ci il tarixli, 59/21 saylı daxili maliyyə sublizinqi müqaviləsi üzrə cavabdehlərdən pulun tutulması barədə heç bir tələb və xahiş olmamış, iddia ərizəsinin əsaslandırıcı hissəində Lizinq müqaviləsi barədə məlumat verilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. Məhkəmə qətnamənin 5-ci vərəqinin birinci abzasında iş üzrə sübutların qiymətləndirilməsindən sonra mövqeyini bəyan edərək bildirmişdir ki, avtomobilin tam yararsız hala düşməsi barədə təqdim edilən aktda yalnız iddiaçı və avtomobili alan şəxslərin imzası var və həmçinin avtomobilin yararsız vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, avtomobil tam yararsız vəziyyətdədir. Məhkəmə təqdim edilən sübutu şübhə altına alırsa bu sübutu rədd etmək üçün əks sübutları əsas gətirməlidir. Məhkəmə tərəfindən ekspertiza təyin edilə və əldə olan fotoşəkillər vasitəsi ilə avtomobilin qiyməti və hansı vəziyyətdə olması müəyyən edilə bilərdi. Məhkəmə qətnamənin 6-cı vərəqinin birinci abzasında bildirir: “Məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı MMC avtomobillə bağlı lizinq müqaviləsini Cavabdeh2 ilə deyil X6 ilə bağlamışdır, Cavabdeh2 İddiaçı MMC qarşısında müqavilə üzrə və ya hər hasnı formada öhdəlik daşımır, nəqliyyat obyektinə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilməmiş, sığorta şirkətinin ödədiyi məbləği mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir”. Bununla bağlı qeyd etmişdir ki, avtomobilin Kasko sığortasına dair ödəniş tələbi təmin ediməmişdir. Səbəb isə cavabdehlərdən Cavabdeh1 avtomobili taksi kimi istifadə etməsi olmuşdur. İcbari sığorta şirkəti isə ümumilikdə 5000 manat sığorta ödənişi edir. Bu ödənişin bir hissəsi bizə digər hissəsi isə Cavabdeh2 ödənilmişdir. Sual yaranır ki, “biz hansı məbləği mübahisələndirməli idik?” Məhkəmə prosesində Cavabdeh2 nümayəndəsi və vəkili onlara düşən sığorta ödənişini də lizinq şirkətinə ödəniş edilməsi üçün Cavabdeh1 verildiyi bildirimiş, Əliyev isə həmin pulları öz şəxsi ehtiyacları üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa bir daha qeyd etmişdir ki, iddia öhdəliyin icra edilməməsi və ya lizinq müqaviləsi üzrə ödənişlərin tələb edilməsi deyildir. Cavabdeh2 lizinq müqaviləsi üzrə hansısa bir öhdəliyinin olması iddia edilmir. Mübahisə vurulmuş zərərin tələb edilməsiilə bağlıdır. Göstərilənlərə əsasən Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(005)-725/2023 saylı qətnaməsinin qanunsuz və əsassız olması səbəbindən ləğv ediməli olmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı olmasını bir daha qeyd etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamə çıxararkən həm iddia predmetinə uyğun qətnamə çıxarmamışdır, həm də təqdim edilən sübutlara kifayət qədər əsaslı münasibət bildirməmişdir. Belə ki, məhkəmə bildirir ki, iddiaçı tərəf avtomobilin yararsız vəziyyətə düşməsini sübuta yetirə bilməmişdir. Lakin bununla bağlı hər hansı bir sənəd yoxdur. Birinci instansiya məhkəməsi qanunsuz və əsassızdır. Cəmiyyət MM-in 1096-1097-ci maddələrinə istinad edərək mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri tələb etmişdir. Həmçinin bildirmişdir ki, avtomobilin motorxanası olmamışdır. Hər iki avtomobil svetoforun qırmızı işığını keçmişdir. Hər iki tərəfin təqsiri vardır. Bu prokurorluğun qərarı ilə təsdiq olunur. Avtomobillər yol ayırıcında toqquşmuşdur. Avtomobilin yarasız vəziyyətdə olduğunu sübut edirlər, bunun əksini isə cavabdeh sübut etməlidir. Bununla bağlı aktları vardır, eyni zamanda iş materiallarında şəkillər vardır. İcbari sığorta 5 min manat pul ödəyibdir. Təqribi 2300 manatı Cavabdeh1 ödənilmişdir. Kasko sığorta isə Əliyev Tohidə pul verməyibdir. Əliyev Tohid öz izahatında maşından taxi fəaliyyəti kimi istifadə etdiyini bildirmişdir. Kasko sığorta müqaviləsində isə bildirilir ki, avtomobildən taxi kimi istifadə edilə bilməz. Ona görə də Kasko sığorta pulu verməkdən tamamilə imtina etmişdir. Onlar hər iki şəxsə münasibətdə delikt normalarına istinad edir. Bütün hallarda hər iki cavabdehdən dəymiş zərəri istəyirlər. Avtomobil 1300 manata satılan zaman cavabdehə bu barədə bildiriş göndərilmişdir, lakin cavabdeh gəlməmişdir. Qəza törədildikdən sonra şəxsə dəfələrlə zəng vurulmasına baxmayaraq gəlməyibdir. Gəlsə idi, bugün bu problem olmazdı. Cavabdeh2 birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, icbari sığortanın ona verdiyi pulu Cavabdeh1 vermişdir ki, həmin pulla lizinqin borcunu ödəsin. Buna baxmayarq Cavabdeh1 həmin pulla lizinq ödənişini həyata keçirməmişdir. Mübahisəli avtomobil qəzadan bir müddət sonra təhvil verilmişdir. Təhviltəslim aktı yoxdur. Avtomobil ehtimal ki, prokurorluğun qərarından sonra onlara verilmişdir. İddiaçı şirkət qəzadan çox sonra məlumatlı olmuşdur. “Paşa Sığorta”dan imtina məktubu gəldikdən sonra iddiaçı şirkət belə bir hadisənin baş verməsindən məlumatlı olmuş və maşını onların servisindən götürmüşdür. 17 noyabr 2022-ci il tarixində avtomobili metalolom olaraq satmışlar. Onlar avtomobilin nə zaman təhvil-verilməsi ilə bağlı sənəd təqdim edə bilmirlər. Onların hüququnun pozulduğu an hesab edir ki, 22 iyul 2022-ci il tarixidir, çünki həmin tarixdə sığorta onlara sığorta haqqı ödəməkdən imtina etmişdir. Həmin andan onların müddətin axımı başlayır və dekabr ayında onlar iddialarını məhkəməyə vermişlər. Lakin sığorta haqqını almaq üçün dəqiq nə zaman müraciət etdiklərini bilmir.

16. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə tam ədalətlidir. Hesab edir ki, lizinq şirkətinin Cavabdeh2 pul məbləği tələb etməkdə subyektiv hüququ yoxdur. Çünki burada müqavilə öhdəliyidir. Müqavilənin 5.1 və 5.2-ci bəndlərindən görünür ki, lizinq obyektinin sahibi və istifadəçisi lizinq alandadır və lizinq obyektinin məhv olmasının məsuliyyətini lizinq alan daşıyır. Hətta sığorta ödənişini lizinq alan həyata keçirir. Bütün öhdəlikləri lizinq alan daşıyır. Birbaşa müqavilədə göstərilmişdir. Hesab edir ki, hazırkı məqamda üçüncü şəxsdən deliktə görə nəyisə tələb etməyin heç bir hüquqi əsası yoxdur. 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər hazırki məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin ona aid hissədə rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

22.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 23.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir

26. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) olabilər. 27.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.443.1-ci və 443.2-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 30.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 32.448.4-ci maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 33.500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 34.501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 35.509-cu maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 36.512-ci maddəsinə əsasən, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.

37. 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 38.747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 39.748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərinbütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 40.751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-cimaddələrinə zidd olmayan qaydaları tətbiq edilir. 41.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 42.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 43.1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 44.1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayətiüzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarına görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsinəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

46.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 47.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 48.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 49.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 51.Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC, "xxxx" MMC-yə məxsus ümumi dəyəri 15.635 manat olan 1 ədəd “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 lizinqə verməyi, Cavabdeh1 isə İizinq ödənişlərini müvafiq ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2022-ci il tarixli təhvil-təslim aktı ilə Cavabdeh1 təhvil verilmişdir. 52.Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsinə əsasən Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin, törədilmiş inzibati xətaya görə ödənilmiş cərimənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir.

53. Birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə lizinq obyektinin artıq mövcud olmadığına görə mülki işin məhkəmədə baxıldığı dövrdə həmin nəqliyyat vasitəsinin qiymətləndirilməsinin mümkün olmadığını, sığorta şirkətinin lizinq obyektinə dəymiş zərərə görə 3.285 manat məbləğində sığorta ödənişinin iddiaçı tərəfindən mübahisələndirilmədiyini, tam sığorta məbləğinin ödənilməsinin tələb edilmədiyini, nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı rəy təqdim edilmədiyini, avtomobilin yararsız vəziyyətdə satılması barədə aktın tərtib edilməsində yalnız iddiaçı və avtomobili alan şəxsin iştirak etdiyini, belə olan halda nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsinin işin mübahisəsiz halı kimi qəbul edilməli olmadığını qeyd etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, qalan lizinq ödənişi olan 6.491 manat məbləğində pul vəsaitinin yalnız avtomobilin cavabdehin istifadəsində olduğu 4 ay üçün ödənilməli olan 2.200 manatın ödənilməyən 626 (550*4-1574=626) manat həddində ödənilməlidir.

54. Halbuki cavabdehlərdən heç biri tərəfindən nəqliyyat vasitəsinin qiymətləndirilməsinin mümkün olub-olmadığı, tam sığorta məbləğinin ödənilməsinin tələb edilib-edilmədiyini, avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsindən sonra yararsız vəziyyətə düşüb-düşmədiyini mübahisələndirilməmiş, əksinin müəyyən edilməsi tələb edilməmişdir. İşə əlavə edilmiş sənədlərə əsasən də avtomobilin təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olmasını müəyyən etmək mümkündür.

55. Cavabdehlərdən Cavabdeh2 isə iddiaçının ona münasibətdə ümumiyyətlə hazırkı tələbə ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmadığına istinad etmişdir. Məhkəmə də Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, İddiaçı MMC avtomobillə bağlı lizinq müqaviləsini Cavabdeh2 ilə deyil X4 ilə bağlamışdır, Cavabdeh2 İddiaçı MMC qarşısında müqavilə üzrə və ya hər hansı formada öhdəlik daşımır. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 57.Mülki Məcəllənin müvafiq maddələrinin məzmunundan göründyü kimi, öhdəliyin tərəflər arasında bağlanmış müqavilə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları mümkündür. Öhdəliyə əsasən isə bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 58.Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri sayır ki, yaranmış mübahisəni düzgün həll etmək məqsədilə tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır. 59.Bununla əlaqədar Cavabdeh1 münasibətdə qeyd edilməlidir ki, iddiaçı ilə bu cavabdeh sublizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Müqaviləyə əsasən İddiaçı MMC, "xxxx" MMC-yə məxsus ümumi dəyəri 15.635 manat olan 1 ədəd “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 lizinqə verməyi, cavabdeh Əliyev X7 isə İizinq ödənişlərini müvafiq ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil-təslim aktı ilə Cavabdeh1 təhvil verilmişdir.

60. İşin mübahisələndirilməyən hallarına görə həmçinin müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı lizinq obyekti olan “Hyundai Accent” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Nərimanov rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” Qərarında yol-nəqiyyat hadisəsinin baş verməsində hər iki şəxsin təqsirli olması müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60.2-ci maddəsinin, Cavabdeh1 əməlində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76.5-ci maddəsinin tələblərinin pozulması halları müəyyən edilmiş və hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün sənədlər Nərimanov rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir.

61. Mübahisəli avtomobil tam yararsız vəziyyətə düşdüyü üçün onun təmir edilməsi mümkün olmamışdır. "xxxx" Şirkəti tərəfindən mübahisəli avtomobilə görə 3.285 manat məbləğində sığorta ödənişi verilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli akta əsasən özgəninkiləşdirilmiş avtomobilə görə 1.300 manat ödənilmişdir. Lizinq alan Cavabdeh1 tərəfindən tərəf olduğu müqavilə üzrə ümumilikdə ödənilmiş 1.574 manat məbləği iddiaçı tərəfindən nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının avtomobilə dəymiş zərər olaraq tələb etdiyi məbləğ 6.781 manat həddində müəyyən edilmişdir. 62.Cavabdehin tərəf olduğu 15 yanvar 2022-ci il tarixli 59/21 saylı Daxili maliyyə sublizinq müqaviləsinin 5.1 və 5.2-ci bəndlərində göstərilir ki, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. Lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır.

63. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 64.Göründüyü kimi lizinq obyektini təhvil aldığı andan cavabdeh avtomobilə mümkün zərərin dəyməsinə görə bütün məsuliyyəti qəbul etmiş, itirilmə, zədələnmə və s. risklərdən onun tam dəyəri həddində üzərinə məsuliyyət götürmüşdür. Bu isə iddiaçının avtomobilə görə dəymiş zərərin əvəzinin tələb edilməsi qənaətinin əsaslı olmasını qaçılmaz edir. 65.İddiaçının mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aid normalara istinadən hər iki cavabdehdən avtomobilə dəymiş zərərin ödənilməsini tələb etməsinə baxmayaraq, yaranmış mübahisənin düzgün hüquqi həlli üçün ilk öncə iddiaçı ilə Cavabdeh1 müqavilə münasibətlərində olduqları nəzərə alınmalı, bu cavabdehə münasibətdə mübahisə müqavilədən irəli gələn öhdəliklərə aid normalara əsasən həll edilməlidir. 66.Belə ki, tərəflər arasında sublizinq müqaviləsi bağlandıqdan sonra lizinq obyektinin zədələnmiş şəkildə iddiaçıya geri qaytarıldığı işin mübahisə olunmayan halıdır. Yaranmış zərər cavabdehin risk dairəsinə daxil olan öhdəliyin pozulması nəticəsində yaranmışdır, onun yaranmış zərər üçün məsuliyyət daşımasını istisna edən və ya iddiaçıya dəymiş zərərin daha az məbləğdə olması halları müəyyən edilməmişdir. Tərəflər lizinq müqaviləsindən irəli gələn hüquq münasibətlərinə daxil olmuşlar, MM-nin 751-ci maddəsi, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-nin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verilmişdir. 67.Belə olan halda hazırkı mübahisə MM-nin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Sözügedən normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. 68.Lizinq predmeti olan “Hyundai Accent” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya təhvil verildiyi tarixi dəqiq müəyyən etmək mümkün olmasa da, avtomobilin məhz baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən aparılan araşdırma üzrə xx.xx.2022-ci il tarixli “Material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” Qərarından sonra təhvil verildiyi ağlabatandır, iddiaçının nümayəndəsinin izahatı da bu məzmunda olmuşdur. Göründüyü kimi iddiaçı 6 ay müddətində - 2022-ci ilin noyabr ayının 16-dək məhkəmə müraciət etmək əvəzinə, 6 aydan sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş 6 aylıq kəsici müddəti ötürmüşdür. 69.İddiaçı ilə digər Cavabdeh2 arasında yaranmış mübahisənin düzgün hüquqi həlli üçün isə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aid normalara istinad edilməlidir. 70.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. 71.Hazırkı halda da mülki iş üzrə zərərin baş verməsi, bunun həm də Cavabdeh2 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. 72.Bununla belə məhkəmə kollegiyası MM-nin 1108.3-cü maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 73.Məhkəmə kollegiyası lizinq predmetinin məhv olmasına səbəb olmuş yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki cavabdehin təqsirli olmasını, bununla da onların avtomobilin sahibi olan iddiaçının qarşısında yaranmış öhdəliyin icrasına görə müxtəlif əsaslarla birgə məsuliyyət daşımasını, bununla belə iddiaçının birgə məsuliyyət daşıyan borclulardan Cavabdeh1 barəsində MM-nin 697.4-cü maddəsinin tələblərinə əsasən müddətin axımının xitam edildiyini, bu halın isə digər borclu Cavabdeh2 barəsində qüvvəsi olmadığını nəzərə alaraq hesab edir ki, məsuliyyətdən azad olunması üçün əsas olmayan bu cavabdehdən onun payına düşən miqdarda zərər məbləği iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, hazırkı işin hallarından cavabdehlərin daşıdıqları məsuliyyət üzrə ayrı qaydanı müəyyən etmək mümkün olmadığı üçün, onların yaranmış öhdəlik üzrə paylarının bərabər olaraq müəyyən edilməlidir. 74.Belə ki, MM-nin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. 75.Məhkəmə kollegiyası cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli olan 6.491 manat məbləğində pulun yarısı, yəni 3.245,5 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. 76.Məhkəmə iddianın - Cavabdeh1 barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinə görə ödənilmiş 290 manat pulun cavabdehlərdən "xxxx" MMC-nin xeyrinə tutulması hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən belə tənbeh tədbirlərinin Cavabdeh1 barəsində təbiq edilməsi və ödənişlərin İddiaçı MMC tərəfindən həyata keçirilməsini təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. 78.Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 79.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 80.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 81.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 82.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-725/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Maddi zərər olaraq 3.245,50 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia ona münasibətdə digər hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar