Məhkəmə qərarları › İş №2(103)-850/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-850/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-850/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-850/2024 (Açar sözlər: aliment miqdarının artırılması, əlavə xərclərdə iştirak) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3757/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012ci il təvəllüdlü X4 dünyaya gəlmişdir.

2. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-694/2014 saylı qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 manat aliment, X1 xəstəliyi ilə bağlı hər ay 100 manat məbləğində əlavə pul və X1 müayinədən keçirilməsi üçün ödənilmiş 899 manat məbləğində müayinə xərcinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh məhkəmə qaydasında nikahları pozulmuş, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyul 2014-cü ıl tarixində “Nikahın pozulması haqqında şəhadətnamə" verilmişdir. Tərəflərin nikahından 14 iyul 2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. “Alimentin artırılması, uşağın xəstəliyi ilə bağlı əlavə xərcin və müayinə xərcinin tutulması tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin "ilkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə" 19 iyul 2023-ci il tarixli MŞB 14 2023-00633 saylı arayış verilmişdir. Maddi vəziyyətini çox aşağıdır, çətinlik çəkir, cavabdeh tərəfindən İddiaçı verilən aliment kifayət etmir. Uşağın hazırda 11 yaşı var, məktəblidir, 110 manat uşağın saxlanmasını ödəmir, heç məktəb ləvazimatlarının alınmasına belə yetərli olmur. Bundan başqa da, oğlu X4 talassemiya xəstəsidir. Talassemiya xəstələri daim diqqətdə qalmalı və xəstəliklə bağlı vaxtaşırı müayinə verilməlidir. Bu da öz növbəsində xeyli miqdarda maliyyə vəsaiti tələb edən bir məsələdir. 07 dekabr 2021-ci il tarixində X1 xəstəliyi ilə bağlı Talassemiya Mərkəzində müvafiq xidmətlər aparılmış və müayinə üçün ümumilikdə 899 manat məbləğində maliyyə vəsaiti sərf olunmuşdur. Vaxtaşırı müayinələrdə olurlar. Müəyyən xərclərin çəkilməsi bir qadın olaraq İddiaçı imkan xaricindədir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3757/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-694/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat məbləğində aliment və əlavə xərclərə görə hər ay 50 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, xx.xx.2012-ci il təvəllüdlü X3 göstərilmiş tibbi xidmətin dəyəri olan 899 manat pulun 1⁄2 hissəsi, yəni 449,5 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 80, 81-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 82.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın aliment miqdarının artırılması hissəsində aldığı əməkhaqqının ¼ hissəsi həcmində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, övladının saxlanması üçün tutulacaq vəsaitin tutulmasına etiraz etmək onun üçün çətindir, lakin o buna məcburdur. O, mühafizəçi işləyir, aylıq əmək haqqısı cəmin 650 manatdır. Hesab edir ki, aliment bir uşağın saxlanması üçün onun əməkhaqqının ¼ hissəsi həcmində tutula bilər. O, onkoloji xəstəlikdən əziyyət çəkir və müalicəsi üçün çəkdiyi xərclər onun maddi durumunu acınacaqlı vəziyyətə salmışdır. İddiaçı isə onun maddi durumunda hər hansı bir yaxşılaşmanın baş verməsini əsas gətirmədən, yalnız 2023-cü ilin Azərbaycan Respublikasında uşaqlar üçün müəyyənləşdirilən yaşayış minimumunu əsas götürmüşdür. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. İddianı qismən, yəni aliment miqdarının artırılması hissəsində aldığı əmək haqqının ¼ hissəsi həcmində qəbul edir, digər hissələrdə isə qəbul etmir. Bundan əlavə bildirir ki, uşağının talassemiya xəstəliyi AR-da tam şəkildə dövlətin nəzarətindədir. Lakin məhkəmə sabit pul məbləğindən əlavə onun əlavə xərclərdə iştirakı üçün də 50 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmiş, ancaq bunu qətnamədə əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir

13. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

20. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

21. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

23. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı

24. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

25. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

27. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

28. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası

30. Maddə 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

31. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

32. Maddə 27.1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol

33. Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Cavabdeh qətnamənin alimentin artırılması hissəsində ləğv edilməsi və tutulacaq alimentin məbləğinin onun əmək haqqının dörddə bir hissəsindən tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)-694/2014 saylı icra vərəqəsindən aydın olur ki, məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət olunmuşdur.

43. Tovuz Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(005)-694/2014 saylı icra vərəqəsi icraata başlanılmışdır.

44. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 196179 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında olan nikahın ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixdə 211 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə Hüseynov, qadına Rəhimova soyadları verilmişdir.

45. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X14 xx.xx.2021-ci il tarixli 395058 nömrəli mədaxil qəbzindən görünür ki, Nihad Hüseynzadəyə göstərilmiş tibbi xidmətlərin dəyəri olaraq cəmi 899 manat pul ödənmişdir.

46. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X16 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli epikrizdən aydın olur ki, X4 xx.xx.2021-ci il tarixdə halsızlıq, sol ayaqda ağrı və məhdudiyyət şikayəti ilə mərkəzə daxil olmuş müayinə və müalicələrdən sonra xx.xx.2021-ci il tarixdə kafi vəziyyədə evə yazılmışdır.

47. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilən tarixlərinə görə ən yeni, yəni xx.xx.2015-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə ümumi halsızlıqla mərkəzə daxil olmuş, müayinə və müalicələrlə xx.xx.2015-ci il tarixdə sağalma ilə evə yazılmışdır.

48. “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh gəlir məlumatlarından onun "xxxx" ASC-də növbə rəisi vəzifəsində işlədiyi və aylıq əmək haqqının 726,86 manat oluduğu müəyyən olunur.

49. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

50. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

51. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

52. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

53. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi cavabdehdən sabit pul məbləğində hər ay 220 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir.

54. Cavabdehin apellyasiya şikayətində əmək haqqısının 650 manat məbləğində olmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, “AZEMİS” elektron məhkəmə informasiya sistemində isə Cavabdeh gəlir məlumatlarından onun "xxxx" ASC-də növbə rəisi vəzifəsində işlədiyi və aylıq əmək haqqının 726,86 manat olduğu göstərilmişdir. Bundan əlavə uşaqları saxlamaq, onların qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılması ilə bağlı gündəlik qayğılar iddiаçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

55. Alimentin əmək haqqının 1/4 hissəsindən tutulmasını barədə dəlilə qiymət verən məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin əmək haqqısı 726.85 manat təşkil edir və həmin məbləğin 1/4 hissəsi olan 181.7 manatdır ki, həmin məbləğdə pul hazırki həyat şəraitlərini, o cümlədən uşağın məktəbli olmasını nəzərə alaraq onun saxlanılmasına kifayət etməyəcək dərəcədə hədsiz aşağı məbləğdir, digər tərəfdən isə iddiaçının da tələbi məhz alimentin sabit pul məbləğində tutulmasıdır.

56. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını sabit pul məbləğində müəyyən etmişdir.

57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh sabit pul məbləğində hər ay 220 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

58. İddia tələbinin qismən - xx.xx.2012-ci il təvəllüdlü X4 üçün hər ay 50 manat əlavə xərclər üçün pulun və müalicə xərci olaraq ödənilmiş 899 manat pulun ½ hissəsi, yəni 449.50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayəti ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir.

59. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

60. Göründüyü kimi qanunverici ağır xəstəliyi olan uşaqlar üçün əlavə xərclərin tutula bildiyini qeyd edir. Hazırda baxılan iş üzrə hər iki tərəf uşağın talassemiya xəstəliyindən əziyyət çəkdiyini təsdiq edir. Bu xəstəlikdən əziyyət çəkən şəxsin isə daimi və müntəzəm müayinələrə ehtiyacı olduğu hamıya bəlli olan haldır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

61. Məhkəmə uşağın ağır xəstə olmasını və uşağın müayinə və müalicələri ilə əlaqədar iddiaçı tərəfindən xərclər çəkilməsinə dair iş materiallarında sübutlar olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin də bu xərclərdə iştiraka cəlb olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti haqlıdır. Kollegiya bu hissədə bildirməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı “SunLab” laboratoriya mərkəzi tərəfindən X2 yoxlanışlarına dair veriln cavab kartı, o cümlədən ödəniş qəbzi və X6 tərəfindən verilən xidmət vərəqəsi təqdim edilsə də, qeyd edilən sənədlər birinci instansiya məhkəməsində təqdim edilməmiş, təqdim edə bilməsinin ondan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərə əsasən yuxarıda adları çəkilən sənədlər sübut kimi qəbul edilmədiyindən hazırki işlə bağlə məhkəmənin gəldiyi nəticəyə hər hansı təsiri olmamışdır.

62. Məhkəmə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq cavabdehin bu hissədə apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, uşağın sağlamlığının qorunmasının və normal inkişafının təmin edilməsinin zəruriliyini əsas götürərək birinci instansiya məhkəməsinin ödənmiş 899 manat məbləğin 1/2 hissəsinin, yəni 449,5 manat pulun cavabdehdən tutulmasını qanuni və əsaslı hesab etməsi ilə bağlı mövqeyi ədalətlidir.

63. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ödənmiş 899 manat məbləğin 1/2 hissəsinin, yəni 449,5 manat pulun cavabdehdən tutulmasını ağlabatan hesab etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.

64. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

66. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3757/2023 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar