Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8505/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-704/2018 saylı, 05 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-704/2018) iddia tələbi təmin edilmiş, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 4297,60 (dörd min iki yüz doxsan yeddi manat, altmış qəpik) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4327,60 (dörd min üç yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də sığortalanmış X1 məxsus olan “Mercedes GL500” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı minik avtomobili 11.04.2017-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ tərəfindən təqdim olunmuş 15.04.2017-ci il tarixli, 046-13514-1217 saylı sənədlərə əsasən “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirkar tərəf kimi rəsmiləşdirilib. X1 məxsus olan “Mercedes GL500” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hesablanır və avtomobilin sahibinə sığorta ödənişi nəzərdə tutulmuşdur. “Mercedes GL500” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından təmir edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 26.04.2017-ci il tarixli hesablama aktına əsasən “Mercedes GL500” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4297,60 manat məbləğində sığorta ödənişi edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC və Cavabdeh1 4297,60 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə köçürülməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, 11.04.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən "xxxx" ASC-də sığortalanmış X1 məxsus olan “Mercedes GL500” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Yolnəqliyyat hadisəsində təqsirli bilinmişdir. Hazırda vurulmuş ziyanın əvəzini ödəməyə imkanı yoxdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv edilməsi, iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sonuncu iclas zamanı onun iştirakını təmin etməmiş və növbəti məhkəmə iclasının vaxtı barədə ona məlumat veriləcəyini bildirmişlər. Qətnamədə qeyd edilmişdir ki, guya o, iddianı qismən qəbul etmişdir və hazırda dəymiş zərəri ödəmək imkanı yoxdur. O, məhkəmə iclasında iddianı qəbul etmədiyini və dəymiş zərərə görə cavabdehliyi yalnız "xxxx" MMC-nin daşıdığını və zərərin ondan tutulmasını bildirmişdir. Çünki cavabdeh "xxxx" MMC ona avtomobili verəndə sığorta edilmiş adı ilə vermişdir. Bu səbəbdən dəymiş zərər yalnız cavabdeh olan və onu aldatmış "xxxx" MMC-dən tutulmalıdır. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 qətnaməni özünə aid hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Digər cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını ona aid hissədə yoxlamadı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 yanvar 2018ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 4297,60 (dörd min iki yüz doxsan yeddi manat, altmış qəpik) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4327,60 (dörd min üç yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Cavabdeh1 yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobili 11.04.2017-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X1 məxsus olan, "xxxx" ASC-də sığortalanmış “Mercedes GL500” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən E.V.Xanəliyevə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 4297,60 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi subroqasiya hüququ əsasında 4297,60 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək dəymiş zərəri hər iki cavabdehdən müştərək qaydada tutmuş və mövqeyini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 yüksək təhlükə mənbəyi olan “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair yol vərəqəsi əsasında idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 15.04.2017-ci il tarixli, 046-13514-1217 saylı arayışa əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə "xxxx" MMC və Cavabdeh1 məsuliyyət daşımalıdırlar. Ona görə də iddia tələbi təmin edilərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 4297,60 (dörd min iki yüz doxsan yeddi manat, altmış qəpik) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4327,60 (dörd min üç yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi bu mövqeyini Mülki Məcəllənin 1108.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razı deyil və hesab edir ki, məhkəmə Mülki Məcəllənin 1108.1-ci maddəsini hazırkı mübahisəyə tətbiq edərkən səhvə yol vermiş və Cavabdeh1 aid hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunverici hazırkı işin halları üzrə zərərin tutulmalı olduğu subyektlərlə bağlı alternativ qayda müəyyən etmişdir. Yəni, zərərin əvəzini ödəmək vəzifəsi ya yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin, ya da ona digər qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulur. Qanunverici belə vəziyyətdə zərərin ödənilməsi vəzifəsini eyni zamanda həm mülkiyyətçisinin, həm də qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulmasını nəzərdə tutmamışdır. Hazırkı işin hallarından göründüyü kimi, “TX-4 London Taxis” markalı, ** AT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və sığorta hadisəsi baş verərkən Cavabdeh1 həmin avtomobili öz şəxsi istifadəsi üçün deyil, məhz "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar yol vərəqəsi əsasında idarə etmişdir. Belə olan halda isə qanunverici dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsinin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, müəssisə ilə əmək və ya müqavilə münasibətində olan sürücünün vurduğu zərərin əvəzini ödəyən mülkiyyətçi sürücü ilə öz münasibətlərini Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən nizamlamaq imkanına malikdir. Belə ki, zərərvuranın təqsirinin dərəcəsinə uyğun olaraq o, reqres hüququndan istifadə edə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli və ona qarşı tələb təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 yanvar 2018-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 müştərək qaydada subroqasiya hüququ əsasında 4297,60 (dörd min iki yüz doxsan yeddi manat, altmış qəpik) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4327,60 (dörd min üç yüz iyirmi yeddi manat, altmış qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8505/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8505/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver