Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8509/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1404/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-1404/2020 saylı qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1749,83 ABŞ dolları məbləğində əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2017-ci il tarixinə 539,91 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 269,76 ABŞ dolları məbləğində borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 174 ABŞ dolları məbləğində cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixli, İKM 424 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin «Təbriz» filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu 1749,83 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2017-ci il tarixinə faiz borcu 539,91 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 269,76 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1259,98 ABŞ dolları, cəmi borcu 3819,48 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, buna görə də iddia müddətinin tətbiqi barədə ərizə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı bank iddia müddəti ilə bağlı mülki qanunvericiliyin müddəalarını pozmuş və iddia müddətini ötürmüşdür. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatına əlavə olaraq bildirdi ki, bank iddia tələbini irəli sürərkən iddia müddətini ötürməmişdir. Çünki Cavabdeh2 tərəfindən xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş olunmuşdur. Buna görə də iddia müddətinin axımı son ödənişin edildiyi tarixdən hesablanmalıdır. Belə olan halda bank iddia müddətini ötürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2015-ci il tarixli 424 saylı istehlak krediti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 18 ay müddətinə 28% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında həmin tarixli zaminlik müqaviləsi bağlanaraq sonuncu bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozmuş, ona edilən xəbərdarlığa baxmayaraq öhdəliyini vaxtında icra etməmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli **********699 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixinə 1749,83 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2017-ci il tarixinə 539,91 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 269,76 manat borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1259,98 manat cərimə borcu, cəmi 3819,48 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 zaminlik müqaviləsinin qüvvəsinə xx xxx 2017-ci il tarixdə xitam verildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən ona qarşı iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı apelyatorun arqumentinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında onun məhkəməyə məlum olan ünvanına, yəni rəsmi qeydiyyatda olduğu ünvana və məhkəməyə məlum olan nömrəsinə SMS bildirişlər göndərilərək məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılması barədə məlumat mövcuddur. İddiaçının iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırması barədə apellyasiya şikayətinin dəlili və cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx xxx 2017-ci il tarixdə bitmişdir. Kreditin son ödənişi isə iddiaçı bankın nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və kassa mədaxil qəbzindən göründüyü kimi xx xxxx 2017-ci il tarixdə olmuşdur. Bununla da borclu tərəfindən borcun etiraf edilməsinə yönələn hərəkət edilməklə iddia müddətinin axımı kəsilmiş, fasilədən sonra isə iddia müddəti yenidən başlamışdır. Belə olan halda hazırki tələblə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş yeni müddətin axımı xx xxxx 2017-ci tarixdə başlanmış və xx xxxx 2020-ci il tarixdə bitmişdir. Beləliklə, iddiaçı xx xxxx 2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş iddia müddətini ötürmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan, iddia müddətinin ötürülmüş olması barədə cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulmalı olması barədə düzgün qənaətə gəlmişdir. Lakin iş materiallarında olan kredit müqaviləsindən, maliyyə arayışından və hesabdan çıxarışlardan göründüyü kimi kredit məbləği cavabdehə manatla verildiyi halda, iddia ərizəsində səhv olaraq kredit borcu ABŞ dolları ilə tələb edilmiş və birinci instansiya məhkəməsi tərəfindən də bu hal nəzərə alınmayaraq kredit borcunun ABŞ dolları ilə tutulması qət edilmişdir. Buna görə də kredit borcu Cavabdeh1 kredit müqaviləsinə uyğun olaraq manatla tutulmalıdır. xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun Cavabdeh1 tutulması ilə bağlı hissəsi üzrə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən həmin kredit müqaviləsi üzrə cəriməni ədalətli həddədək azaltmamışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1749,83 manat məbləğində əsas borca münasibətdə cərimə məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 1404/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1749,83 manat əsas borc, 539,91 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 269,76 manat borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 100 manat cərimə, cəmi 2659,5 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8509/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8509/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver