Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-851/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-851/2023 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri 25 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli e-2(007)-2507/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından 12 oktyabr 2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Tərəflərin nikahları 28 mart 2013-cfü il tarixdə pozulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən Cavabdeh 07 avqust 2013-cü il tarixdən başlayaraq 12 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İbrəhimova (Cəlilzadə) Aysel Azər qızının xeyrinə 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Raayon Məhkəməsinin 2(074)- 616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə 100 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət olunmuşdur.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şamaxı Rayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin artırılması, Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli e-2(007)- 2507/2022 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-616/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, Cavabdeh 12 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 76.2, 78.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, qiymətlərin günügündən qalxdığı çətin dövrdə əvvəlki qətnamə ilə nəzərdə tutulmuş 100 manat alimenti belə ödəməyən cavabdehə belə humanist münasibət göstərmək, uşağın yüksək maraqlarını isə belə kobudcasına pozmaq heç bir halda ədalətli hesab oluna bilməz. Məhkəmə öz mövqeyini yalnız 1 dəlillə ifadə etmişdir: cavabdeh işləmir. Hesab edirlər ki, qətnamə dəyişdirilməli, aliment miqdarı arıtılmaqla 193 manat müəyyən olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
10. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 76.2 bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər
13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
14. Maddə 112. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu
15. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki apelyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə uşaqların saxlanılmasına görə tutulacaq alimentin məbləği hissəsində dəyişdirilməlidir.
23. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
25. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Şamaxı Rayon Məhkəməsi 06 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində 100 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
26. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar, həmçinin valideynlərin hər ikisinin bərabər vəzifələr daşıdıqları da nəzərə alınmalıdır.
27. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından qanuni, əsaslı və ədalətli deyildir və qətnamənin alimentin məbləğinə aid hissədə dəyişdirilərək cavadehdən hər ay 193 manat məbləğində alimentin tutulması hazırki mübahisənin halları baxımından daha ağlabatandır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2507/2022 saylı iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. 12 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Şamaxı Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova