Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8526/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçı Banka qarşı “borc məbləğinin yenidən hesablanması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Fond cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və onun əsasında hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdehlərdən biri olan Cavabdeh1 iddiaçı Banka qarşı “borc məbləğinin yenidən hesablanması tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. İşə baxılan zaman Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə hər iki iddianı baxılmamış saxlamışdır. İddiaçı Bankın ləğvedicisi olan Fonda həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad qismən, yəni ilk iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməli və ilk iddiaya mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi ilk iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 259.0.1-cı maddəsinə istinadən qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn münasibətlərin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşməsi ilə bağlı cavabdehin məlumatlandırılmasını, məlumatlandırıldığı halda, cavabdeh ilə Bank arasında yeni şərtlərlə müqavilənin bağlanmasını təsdiq edən sübutlar təqdim edilmədiyinə görə ilk iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən yanaşması səhvdir. Belə ki, xx.xx.2019-cu il tarixli Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün xx.xx.2019-cu il tarixədək olan müddət müəyyən edilmişdir. Cavabdehlərə qarşı irəli sürülmüş ilk iddia isə xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” və xx.xx.2016-cı il tarixdə “Kredit müqaviləsinə əlavədən” irəli gələn münasibətlərin Fərmanın təsiri altına düşüb-düşməməsi ilk iddia ərizəsinin baxılması üçün əsaslı deyil. Çünki pretenziya qaydasına riayət edilməsi imkanı artıq mövcud deyil. Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadda MPM-nin 259.0.11-cı maddəsinə istinadən qeyd etmişdir ki, cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi əsaslıdır; qərardadın bu hissəsinə aid iddiaçının – qarşılıqlı iddia üzrə cavabdeh Bankın şikayəti əsasızdır. Çünki, iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və artıq bundan sonra Cavabdeh1 qarşılıqlı iddianın qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Bank isə qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. MPM-nin tələblərinə görə isə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi qaytarılır (maddə 152.1.9.), iddia ərizəsi icraata götürüldükdən sonra iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır (maddə 259.0.11.). Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad iddiaçı ləğv prosesində olan İddiaçıASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinin baxılmamış saxlanılması hissəsində səhvdir, bu səbəbdən də qərardad həmin hissədə ləğv edilməli, qarşılıqlı iddiaya aid hissədə qərardad dəyişdirilmədən saxlanılmalı, ilk iddia ərizəsinə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ilk iddia ərizəsinin baxılmamış saxlanılması hissəsində ləğv edilsin və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə” ilk iddia ərizəsinə baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8526/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8526/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver