Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8527/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə (30 iyul 2018-ci il tarixdə) məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 1584,26 manat kredit borcunun, habelə 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən bankın nümayəndəsi tərəfindən Cavabdeh2 vəfat etdiyi barədə məlumat verildiyindən məhkəmənin 06 noyabr 2018-ci il tarixli qərardadı ilə işin icraatı adı çəkilən şəxsin hüquqi varisi müəyyən edilənədək dayandırılmış, 06.07.2021-ci il tarixli qərardadla işin icraatı məhkəmənin təşəbbüsü ilə təzələnmiş, 14 iyul 2021-ci il tarixli qərardadla isə Cavabdeh2 iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölmüş olması və tərəf statusu qazanmadığından onun prosessual hüquq varisinin cəlb edilməsinin ümumiyyətlə yolverilməzliyi əsası ilə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və iş üzrə icraatın davam etdirilməsini xahiş etmiş, şikayətini məhkəmənin prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, mərhumun vərəsələrinin müəyyən edilməsi üçün hər hansı tədbir görmədiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayət məhkəmənin 29 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı bank nümayəndəsini məhkəməyə göndərməmiş, Cavabdeh1 da məhkəməyə gəlməmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Cavabdeh2 birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, həmin hal müəyyən olunduqdan, yəni iddiaçının vəfat etmiş şəxsə qarşı iddia qaldırdığı bilinəndən sonra, birinci instansiya məhkəməsi əslində müvafiq hissədə icraata xitam verməli və iddiaçıya mərhumun vərəsələrini müəyyən edərək onlara qarşı iddia irəli sürmək hüququnun olduğunu izah etməli idi; lakin görünür məhkəmə, adı çəkilən şəxsin nə vaxt vəfat etdiyi barədə məlumat verilmədiyindən işin icraatını Cavabdeh2 hüquqi varisləri müəyyən edilənədək dayandırmışdır. Bununla yanaşı iş materiallarından aydın olur ki, işin icraatı 06.11.2018-ci il tarixdə dayandırılmasına baxmayaraq iddiaçı bank, ölmüş kredit borclusunun varislərinin müəyyən edilməsi üçün heç bir hərəkət etməmiş, işin icraatı məhkəmənin (hakimin) təşəbbüsü ilə təzələndikdən sonra da buna cəhd göstərməmiş, əksinə, iddiaçının nümayəndəsi hazırkı şikayətində bunun məhkəmənin vəzifəsi olduğunu irəli sürmüşdür. Kollegiya qeyd edir ki, mülki mühakimə icraatının əsas prinsipləri Konstitusiyanın 125 və 127-ci maddələrində öz əksini tapmış, həmin konstitusion təminata uyğun olaraq, Mülki Prosessual Məcəllənin (MPM) 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi təsbit edilmiş, 14-cü maddəsində məhkəmənin üzərinə həqiqətə nail olmaq məqsədilə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulmuşdur. Bunun üçün məhkəmə, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Çəkişmə prinsipi isə “tərəflərin prosesdə hökmranlığı” və bundan irəli gələn “dispozitivlik”, habelə “formal həqiqət” prinsiplərini zəruri edir. Tərəflərin prosesdə “hökmranlığı” prinsipinə görə, hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmeti və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir, prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verirlər. Yəni proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri). Dispozitivlik prinsipi də çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Formal həqiqət prinsipinə görə isə, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sübutların toplanması və sübutetmə vəzifəsi məhkəmənin deyil, tərəflərin üzərindədir və iddiaçının iddiasına cavab verməli olan şəxs(lər)in məhkəmə tərəfindən müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8527/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8527/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver