Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8529/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 31.746 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı Cavabdeh qarşı “iddia tələbinin həcminin artırılması və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş mənəvi zərərə görə 5.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09.05.2020-ci il tarixdə saat 14:50 radələrində ona məxsus olan “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində saatda 55-60 km/saat sürətlə hərəkətdə olarkən, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan “Range Rover” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh “STOP” nişanının tələblərini pozaraq qarşısına çıxmış, toqquşma nəticəsində avtomaşın idarəetməni itirərək yolun kənarında olan reklam lövhəsinin dirəyinə dəymişdir. Bakı şəhər Nəsimi RPİ-nin 23.05.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Habelə Nəsimi rayon Təhqiqat Şöbəsinin 20.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirlidir və onun təqsirli hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Eyni zamanda yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı bir ilə yaxındır ki, avtomobilindən istifadə edə bilmir və maddi ziyanla yanaşı mənəvi zərərə də məruz qalmışdır. Belə olan halda hesab edir ki, cavabdehdən maddi ziyanla yanaşı 5.000 manat məbləğində mənəvi zərər də iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 10.600 (on min altı yüz) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməklə qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddia tələbi tam şəkildə təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, yalnız işdə olan 30.10.2020ci il tarixli, 9/3728/20 saylı natamam ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Təmir rentabelli deyildirsə, məhkəmə şəsxin avtomobilinin tam dəyərində iddianı təmin etməli və ya qüsur aktında göstərilən və iddiaçının təqdim etdiyi avtomobilə vurulmuş real zərəri nəzərdə tutan "xxxx" МММ tərəfindən tərtib edilmiş 29.10 2020-ci il tarixli, ********** saylı qüsur aktına əsasən müəyyən edilmiş zərər nəzərə alınmaqla iddianı tam şəkildə təmin etməli idi. Həmin qüsur aktına əsasən avtomobilə vurulmuş real zərər bütün sıradan çıxmış detallar dəqiq göstərilməklə 31.746 manat dəyrləndirilmişdi. Hətta "xxxx" МММ tərəfindən tərtib edilmiş 29.10 2020-ci il tarixli, ********** saylı qüsur aktında bu zərər servis xidmətləri nəzərə alınmaqla 57.526,16 manat hesablanmışdır. Göründüyü kimi məhkəmənin istinad etdiyi ekspert rəyi tamamilə reallıqdan uzaq natamam hesablanmaya əsaslanır. Daha dəqiqi hal-hazırkı qətnamə ilə müəyyən edilən məbləğ sadəcə nəzəri hesablamaya əsaslanan, real zərəri əks etdirməyən rəyə əsaslanır ki, bu da nəticədə onun həmin avtomobidən istifadə edə bilməsini mümükünsüz edir. Bu da şəxsin mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Eyni zamanda məhkəmə mənəvi ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pul tutulması hissəsində iddianı əsassız hesab etməklə düzgün qərar qəbul etməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzini tələb etsə də iddianı həmin hissədə sübut etməmişdir. Hesab edirik ki, bir ildən də çox müddətə avtomobilindən istifadə edə bilməməsi və cavabdehin təqsirli olduğu halda bununla bağlı heç bir tədbir görməməsi artıq onun hüquqlarının, mülkiyyət hüququnun məhdudlaşdırılması, pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə yeni qətnamə edilməlidir. Məhkəmənin qətnaməsi onunla əsaslandırılmışdır ki, 30.10.2020-ci il tarixli, 9/3728/20 saylı “Ekspert rəyi”nə əsasən nəzəri hesablama yolu ilə, tədqiq edilən 2012-ci il buraxılışlı “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15.600 manat müəyyən edilmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan avtomobil vurulmuş və batmış avtomobil olmaqla ABŞ-dan auksion vasitəsilə alınmış avtomobildir. Belə ki, ABŞ-da əgər vurulmuş avtomobillərin qiyməti aşağı olursa, vurulmuş və batmış avtomobillərin qiyməti xeyli aşağı olur. Çünki sığorta şirkətləri üçün həmin avtomobillərin utilizasiya edilməsi əlavə xərclər yaratdığından bu onlara sərf etmir və təxmini olaraq bu kateqoriyaya malik avtomobillər ***-**** ABŞ dolları aralığı dəyərində satışa çıxarılır. Məhkəmə ondan dəymiş ziyan qismində ancaq 10.600 manatın tutulmasını əsaslı hesab etmişdir. Çünki, ekspert rəyinə əsasən hadisə nəticəsində iddiaçıya 15.600 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmiş, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 5.000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin avtomobilə vurulmuş maddi ziyan məbləği daha aşağı məbləğdir və zədələnmiş hissələrin aşınması nəzərə alınmadan həmin hissələr yeni hissələrə aid olan qiymətlərlə hesablanmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh vəkili Vəkil2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə də iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh vəkili Vəkil2 izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və Cavabdeh apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin 20.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın Nəsimi rayon RPİ-nə göndərilməsi qərara alınmışdır.(İ.v. 7-8) İş materiallarında olan, Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş AP ******* nömrəli, 23.05.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 09.05.2020-ci il tarixdə “Range Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur.(İ.v. 9-10) İş materiallarında olan, Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 23.05.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh 09.05.2020-ci il tarixdə “Range Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.(İ.v. 11) İş materiallarında olan, "xxxx" MMM tərəfindən tərtib edilmiş 29.10 2020-ci il tarixli, 178 saylı qüsur aktından görünür ki, “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı, F348700 ban nömrəli avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnmiş ehtiyyat hissələrinin dəyişdirilməsi və təmiri üçün tələb olunan məbləğ 57.526,16 manat təşkil edir.(İ.v. 75-78) İş materiallarında olan, "xxxx" ASC tərəfindən tərtib edilmiş 09.06.2020-ci il tarixli sığorta aktından görünür ki, 09.05.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı 24.769 manat məbləğində maddi ziyan dəymiş və sığorta şirkəti tərəfindən 5.000 manat məbləğində sığorta ödənişinin edilməsi müəyyən edilmişdir.(İ.v. 80) İş materiallarında olan, Paşa Bank” ASC tərəfindən verilmiş 16.06.2020-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 5.000 manat məbləğində pul köçürülmüşdür.(İ.v. 81) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.10.2020-ci il tarixli, 9/3858/20 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, tədqiq edilən 2012-ci il buraxılışlı “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15.600 manat müəyyən edilmişdir.(İ.v. 57-58) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi yalnız cavabdehdən 10.600 manat tutulması hissəsində əsaslıdır, çünki, ekspert rəyinə əsasən hadisə nəticəsində iddiaçıya 15.600 manat məbləğində maddi ziyan dəymiş, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 5.000 manat məbləğində söğorta ödənişi edilmiş, odur ki, dəymiş ümumi maddi ziyanın ödənilmiş hissəsi də nəzərə alınmaqla (15.600-5.000=10600) cavabdehdən iddiaçının xeyrinə 10.600 manat məbləğində pul tutulmalıdır. İddiaçı cavabdehdən mənəvi zərərin əvəzini tələb etsə də iddianı həmin hissədə sübut etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi ziyanla bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, mənəvi zərərlə bağlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair İddiaçı apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, İddiaçı mənəvi zərər tələbini bir ildən də çox müddətə avtomobilindən istifadə edə bilməməsi və cavabdehin təqsirli olduğu halda bununla bağlı heç bir tədbir görməməsi onun hüquqlarının, həmçinin mülkiyyət hüququnun məhdudlaşdırılması və pozulması ilə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası, Cavabdeh apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09.05.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, həmin Məcəllnin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllnin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası maddi zərər hissəsində birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW 3281” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında 20.05.2020-ci il tarixli qərarı, Nəsimi RPİ-nin DYPŞ-nin AP ******* nömrəli, 23.05.2020-ci il tarixli İnzibati xəta haqqında protokolu, ekspert rıyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində 30.10.2020-ci il tarixli, 9/3858/20 saylı ekspert rəyində “BMW 3281” minik markalı avtomobilə dəymiş ziyanın miqdarının çox hesablanmasını göstərsə də, zərərin ekspert rəyində göstəriləndən daha az olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Bundan başqa İddiaçı və Cavabdeh apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən İddiaçı və Cavabdeh apelyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətləri faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-278/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8529/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8529/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver